Asqırma, qızdırma, burun axması kimi qripin əlamətlərini daşıyan xəstəliklər ilin soyuq fəsillərində çox yayılmış olsa da, yayda da respirativ infeksiyalar insanları narahat edir. Qripin əlamətləri ilə çox oxşar olan "yay qripi" nədir?
Bu barədə infeksionist Leyla Əmrahova SİA-ya açıqlama verib. O, qeyd edib ki, çimərliklərdə də belə viruslara yoluxmaq mümkündür: "Qrip infeksiyası və digər respirativ infeksiyalara daha çox ilin soyuq fəsillərində rast gəlinir. Çünki bu fəsillərdə iş yerlərində, yaşayış yerlərində, metrolarda, nəqliyyat vasitələrində əhali daha sıx yerləşir, otaqların havası daha gec dəyişdirilir. Buna görə də bu cür infeksiyalar əsasən ilin soyuq fəsillərində yayılır. Həmçinin, qrip virusu günəş şüasının, dezinfeksiyaedicilərin, isti temperaturun təsirindən tez məhv olur. Lakin yay fəslində də belə viruslar yayıla bilir. Qrip, respirator viruslardan adenovirus xəstəliyi, paraqrip infeksiyası, rinovirus infeksiyası da yay fəslində yayıla bilər. Bu infeksiyaların da klinik əlamətləri qriplə demək olar ki, eynidir. Yuxarı tənəffüs yollarının infeksiyasına rast gəlinir, xəstəlik ağırlaşan zamanı aşağı tənəffüs yollarının infeksiyası da inkişaf edə bilir. Məsələn, adenovirus xəstəliyində yoluxma hava damcı yollarından başqa, çimərliklərdə çimdikdə konyunktivitdən, alimentar yolla da yoluxmaq mümkündür. Əlamətləri isə qrip infeksiyasının əlamətlərinə çox bənzəyir. Yoluxma zamanı konyunktivit, ürəkbulanma, qusma, kimi əlamətlər üzə çıxa bilər, yuxarı tənəffüs yollarının kataral əlamətləri müşahidə oluna bilər. Rinovirus infeksiyasında da daha çox yuxarı tənəffüs yollarının infeksiyası, kataral əlamətlərə rast gəlinir".
İnfeksionist qeyd edib ki, yayda da bu cür viruslardan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək vacibdir: "Tənəffüs yollarının infeksiyalarından qorunmaq üçün tez-tez əlləri yumaq, insanların sıx olduğu yerlərdə maskalardan istifadə etmək, gigiyenik-sanitar qaydalara riayət etmək lazımdır".