Repressiya qurbanı – “Şükriyyə” - Yeni tamaşa

5 İyul 2023 20:19 (UTC+04:00)

AkademikMilli Dram Teatrında "Şükriyyə" tamaşasının premyerası keçirilib. Yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyni adlı tamaşa bu ilin repertuar planına uyğun olaraq təqdim olunub.

Tamaşa Azərbaycanın istiqlal şairi, Stalin rejiminin repressiya qurbanı Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də “xalq düşməninin arvadı” kimi həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və Şimali Qazaxıstanın Akmola vilayətinə – əmək koloniyasına göndərilib. Zülm və zorakılığa məruz qalan insan özünü qorumaq üçün müqavimət göstərməyə çalışır. Şükriyyənin milli mənliyini qorumaq cəhdləri qeyri-normal quruluşa və insanları məhv edən rejimə qarşı onun etirazıdır. Müəllifin qələmə aldığı bu qəmli və sərt həyat hekayəsi haqqında gəldiyi qənaət, təlqin etdiyi həqiqət bundan ibarətdir.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssam Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır. Bu səhnə əsərinin ən üstün cəhəti teatrı qışqırmağa deyil, məhz düşünməyə, düşündürməyə sövq etməsidir. Bu baxımdan Cavid Zeynallının “Şükriyyə”si quruluşçu rejissora münbit bir meydan verdi, ölkənin ən böyük səhnəsində örnək tamaşa qoymaq üçün şərait yaratdı. Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç) və Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Münəvvər Əliyeva (Şükriyyə), Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya) və aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış ediblər.
Quruluşçu rejissor Bəhram Osmanov:
- Fikrimcə, tamaşada istəyimizə nail ola bildik. Səhnə mizanları, aktyor heyətinin vahid ideya ətrafında birləşməsi, hadisələrin həyəcanla izlənməsi çəkilən zəhmətin heç də hədər getmədiyini göstərdi. İnşallah, sentyabr ayından “Şükriyyə” tamaşası teatrın repertuarında özünün layiqli yerini tutacaq. Premyeraya baxa bilməyənlər yeni mövsümün əvvəlindən bu imkanı qazanacaqlar.

Baş rolun ifaçısı Münəvvər Əliyeva:

- Şükriyyə çətin obraz idi. Öhdəsindən nə dərəcədə gəldiyimi tamaşaçılar deyə bilər. Mənsə təkcə onu deyə bilərəm ki, “Şükriyyə”dən daha öncə “Ah, bu uzun sevda yolu”nda Mikayıl Müşfiqin xanımı Dilbəri oynamışam. Hər ikisi repressiya qurbanı olsa da, obrazlar tamamilə fərqlidirlər. Buna görə müəyyən çətinliklər vardı, amma rolların öhdəsindən gəlməyə çalışmışam. Premyeradan sonra aldığımız tamaşaçı rəyləri səhnə əsərinin uğurlu alındığına dəlalət elədi.
Ağalar İdrisoğlu, Əməkdar incəsənət xadimi:
- Çox xoşuma gəldi. Dramaturji materialın səhnə həlli uğurlu idi. Bir də ki, tarixi mövzuda oynanılan belə əsərlərə tamaşaçı marağı yüksək olduğundan, yaradıcı heyətin üzərinə daha böyük məsuliyyət düşür. Şadam ki, dostlarım- başda Bəhram Osmanov olmaqla hamısı pyesin uğurlu səhnə həllinə nail ola biliblər. 1937-38 və qırxıncı illərin müdhiş atmasferanın çox yaxşı yaşayırlar və tamaşaçılara yüksək peşəkrlıqla çatdıra bilirlər
Arif Ərşad, yazıçı:
- Premyeraya Sumqayıtdan bir neçə dostla gəlmişdik. Doğrusu, yetərincə zövq aldıq. Akademik Milli Dram Teatrının səhnəsində belə düşündürücü əsərlərin oynanılması məmnunluq yaradır. Səhnə ustalarımızı təbrik edirəm.
Əli Ələmi, şair-qəzəlxan:
-Bu tamaşa mənə ilk öncə ona görə xoş gəldi ki, millətimizin başına gətirilən repressiya illərini dramatur Cavid Zeynallı yüksək peşəkarlıqla qələmə alıb. Rejissor Bəhrəm Osmanov yüksək peşəkar quruluş verib və aktyorlar da yüksək peşəkarlıqla oynadılar. Həmin dəhşətli illərin içərisində biz də onlarla birlikdə iki saat qırx dəqiqə yaşadıq. Qırmızı imperiyanın dəhşətlərini bir daha gördük.
Mehman Həsənli, filologiya üzrə fəlsəfə doktoru:
– Akademik Milli Dram Teatrında əziz dostum Cavid Zeynallının müəllifi olduğu Şükriyyə tamaşasını böyük maraq və qürurla izlədim. Əsər də, quruluş da, səhnədə aktyorların performansı da çox mükəmməl idi. Qürurlandım ki, bu, bizim gənc dostumuzun, nəsildaşımızın ölkənin bir nömrəli səhnəsini fəth etməsiydi. Tamaşanın sonunda bunun heç də təsadüfi olmadığı hər kəsə əyani sübut olundu. Cavid Zeynallını və tamaşanın ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı kollektivi təbrik edirəm.

Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist