XII Şəki "İpək yolu" Beynəlxalq Musiqi Festivalının ikinci günü yadda qalan olub - FOTOLAR

5 İyul 2023 21:05 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının ikinci günü də yadda qalan oldu. SİA xəbər verir ki, Şəkinin qədim tarixindən soraq verən “Xan sarayı” ulu muğamlarımızın sədasına qərq oldu. Yarım əsrdən çox tarixi olan Xan çinarların əhatəsində Xan sarayının qarşısında tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə “Zəfər” ansamblının müşayiətində muğam və təsniflərimiz həm şəkililərin, həm müxtəlif ölkələrdən festivala təşrif buyuran qonaqların, həm də festivalı izləyən turistlərin zövqünü oxşadı.

Bu möhtəşəm konserti yüksək zövqlə hazırlayanlar ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikov, gənc ifaçılar Beynəlxalq Muğam müsabiqəsinin qalibi Vəfa Vəzirova, Hüseyn Məlikov, instrumental ifaçılar tarzən Rüstəm Müslümov, kamançaçı Elnur Salahov, balabanda Pərviz Mirzəyev və nağarada Səyyar Teymurov tamaşaçılara gözəl bir musiqi bayramı yaşatdılar.

Həmin gün saat 20.30-da Şəkinin daha bir qədim tarixi məkanı olan Yuxarı Karvansarayda Çin Xalq Respublikasından gələn Lianşan-İy Muxtar Vilayətinin Ansamblının konserti (Çin Xalq Respublikası) festivala xüsusi rəng qatdı.

Onların ifasında milli mahnı və rəqsləri səsləndi. Bu kollektivin Festivalda çıxış etməsi əlamətdar hadisə ilə də yadda qaldı. Belə ki, tədbirin sonunda çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd etdi ki, Festival günlərində Çin Xalq Respublikası ilə Şəki şəhəri arasında mədəni və ictimai əlaqələri əks etdirən müqavilələr imzalanıb. Elxan Usubov və Festivalın bədii rəhbəri Respublikanın Xalq artisti, YUNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə kollektivi təbrik edərək onlara Festivalın simvolunu təqdim etdilər.