23 nəfər məzun nə oxuya bilir, nə də yaza…
9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib. Qeyd edilib ki, 2022-ci ilin nəticələrinə görə, 9-cu sinif şagirdləri arasında 21 nəfər, 11-ci sinif şagirdləri arasında 2 nəfər oxuyub-yazmağı bacarmayıb.
“Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Masallı rayonunda 4 nəfər, Goranboy, Gədəbəy və Quba rayonlarının hərəsində 2 nəfər, Abşeron, Astara, Cəlilabad, Kəlbəcər, Lənkəran, Lerik, Saatlı, Xocalı, Yardımlı rayonlarının, Bakı, Mingəçevir şəhərlərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Ağdam və Qobustan rayonlarından olub”, jurnalda qeyd olunub.
Zənnimcə, ötən illərlə müqayisədə “2” qiyməti alan şagirdlərin sayının artmasına səbəb olan əsas amil pandemiyadır. İki il onlayn təhsil sistemi ilə öyrənən uşaqlar, əslində, bildiklərini də unutdular. Onlayn təhsil şagirdlərin bilik və bacarıqlarına əksər hallarda mənfi təsir göstərdi. Hazırda orta məktəblərimizdə təxminən 1.6 milyon şagird təhsil alır.
Təhsil sistemimiz elədir ki, Dövlət İmtahan Mərkəzi (DİM) şagirdlərin bilik və bacarıqlarını bir neçə mərhələ olmaqla yoxlayır. Bunlardan biri buraxılış, biri sınaq, biri də qəbul prosesidir. Hər il 9-cu və 11-ci siniflər üçün olduqca çox sınaq imtahanları təşkil edilir, təyin olunmuş vaxtlarda buraxılış imtahanları keçirilir. Bu imtahanlarda da zəif yazanlar, imtahan kağızını ağ verənlər də olur.
Hesab edirəm ki, buraxılış imtahanlarının nəticələrinə görə şagirdlərin bilik səviyyəsini ölçmək də doğru sistem deyil. Bir imtahan onların bilik səviyyəsini ölçə bilər, lakin imtahan ərəfəsindəki fiziki-psixoloji vəziyyət, həmin günkü əhval-ruhiyyə də nəticələrə təsir göstərir. Həmin gün göstərdiyi performans şagirdin nəticəsi deməkdir, əla qiymətlərlə oxuyan şagird imtahan günü ürəkbulanma, yaxud da stress yaşasa imtahan nəticəsi də aşağı düşəcək. Üstəlik, kodlaşdırmanı düzgün apara bilməyən, üsulu bilməyən, imtahana gecikənlər də statistikaya düşür.
Həmçinin, sirr deyil ki, xüsusilə, rayonlarda adı məktəbdə gedən, amma özü dərsə getməyən uşaqlar da var. Təsərrüfatla məşğul olmaq istəyir, yaxud buna məcbur edilir, lakin adı məktəb qeydiyyat jurnalından pozulmur. Belə şagirdlər də oxuyub-yazma bilməyən şagirdlərin statistikasına düşür. Məktəbdə “3” qiyməti alan, amma məktəbə getməyən şagirdlər çoxdur. Bu qiymət bəzən rüşvət, bəzən tanışlıq, bəzən də insanlıq xətrinə yazılır. 11 il məktəbə gedib-gələn, lakin oxumağı və yazmağı bilməyən şagird valideynindən çox müəllimin qurbanıdır. Çünki təlim məktəbin, savad öyrətmək, hərf tanıtmaq müəlllimin işidir. Bunun üçün valideyni günahlandırmaq məsuliyyətdən qaçmaq deməkdir.
Lakin oxuma-yazma bilməyən şagirdlərin bu qabiliyyətinə xəstəlik də mane ola bilər. Belə ki, disleksiya adlı problem var ki, öyrənmədə çətinlik çəkənlərdə rastlanır. Eynşteyn, Motsart, Bethoven, Leonardo Da Vinçi kimi bir çox dahinin də yaşadığı disleksiya problemi oxumağa mənfi təsir etdiyi üçün ibtidai təhsil zamanı gözə çarpır. Öyrənməyə təsir edən bu problem uşağın özünə inam hissini itirməsinə də səbəb ola bilir. “Disleksiya” yunan sözü olub “dis”-pozqunluq,”leksiya”-kəlimə (kəlimə pozğunluğu) sözünün birləşməsindən əmələ gəlib.
Disleksiya olan uşaqlar məktəbdə dərslərdən geri qaldıqları üçün özünə inam hisslərini itirə bilirlər. Onlarda digər psixoloji problemlərin də ortaya çıxması mümkündür. Bundan əlavə disleksiya problemli uşaqlar incə düşüncəli və həssas olduqları üçün məktəbdəki yaşıdları tərəfindən mənfi reaksiyalara məruz qaldıqları zaman oxumağa olan bütün həvəslərini itirirlər.
Uşağın valideynləri və ya müəllimləri disleksiya haqqında məlumatlı olmadıqda uşağı günahlandıra bilərlər. Bunun üçün də disleksiya nə deməkdir?, Oxumaqda çətinlik çəkməni necə aradan qaldırmaq olar?, Disleksiya problemi olan uşağa necə dəstək olmaq olar? kimi sualların cavabları tapılmalıdır. Uşağın həqiqətən disleksiyalı olması, yaxud sadəcə oxumaq istəməməsi aydınlaşdırılmalıdır. Uşaqlar hər zaman qayğı istəyirlər, disleksiyalı olsun, savadlı olsun, savadsız olsun, fərq etməz. Valideyn övladından dərs tələb edərkən bunu nəzərə almalı, məktəblə, müəllimlərlə əlbir olmalıdır.
Lalə Mehralı