İsti hava ən çox kimlərə zərərdir? - Ekspert açıqlaması

5 İyul 2023 11:04 (UTC+04:00)

Yay fəslinin gəlməsiylə havaların isti keçməsi bir çox insanlarda narahatlıq yaradır. Günvurma, günəşin dərini yandırması kimi problemlərdən əlavə, isti hava da özlüyündə insanların səhhətində müəyyən problemlər yaradır. Özəlliklə, isti havaya həssas olan qruplar da vardır. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti terapevt Zakir Quliyev bu barədə SİA-ya danışıb: "Havaların kəskin dəyişməsi insan bədənində bəzi dəyişikliklərə gətirib çıxara bilər. Xüsusən də, havaların isti keçməsi bədəndəki bəzi mexanizmlərə öz mənfi təsirini göstərir. İsti hava özəlliklə ürək-damar sisteminə, tənəffüs sisteminə, sinir sisteminə ciddi şəkildə mənfi təsir göstərə bilər. Təsadüfi deyil ki, isti hava mövsümündə ürək, qan-damar sistemi xəstəlikləri, infarkt kimi xəstəliklərin sayında ciddi artım müşahidə olunur".

Ekspert qeyd edib ki, buna görə də, ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə hər zaman havaların sərin olduğu yerlərdə olmaq, yay aylarında istidən maksimum dərəcədə uzaq durmaq tövsiyə olunur: "Belə xəstələr hər zaman özlərini istidən qorumalıdırlar".