Hansı şagirdlər repetitor hazırlığından istifadə etmirlər? - EKSPERT DANIŞDI

5 İyul 2023 10:45 (UTC+04:00)

“Özəl məktəblər adından da göründüyü kimi özəl təhsil müəssisələridir. Əlbəttə onların tədris proqramları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış formada olur. Lakin burada müəyyən fərqlər var”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, özəl məktəblərdə adətən şagirdlər dərs prosesi ilə yanaşı günün dərsdən sonrakı hissəsini də məktəbdə keçirirlər: “Bu zaman həm uşaqlar dərsdən sonrakı asudə vaxtının təşkili, həm də ev tapşırıqlarının məktəbdə həyata keçirilməsini reallaşdırırlar. Təbii ki, bunlar özəl və dövlət məktəblərini biri-birindən fərqləndirən əsas amillərdəndir və valideynlər özəl məktəblərə müəyyən məbləğdə ödəniş edirlər.

Özəl məktəblərin proqramlarında da müəyyən fərqlər olur. Belə ki, bir çox hallarda daha gücləndirilmiş proqram əsasında tədris həyata keçirilir. Digər tərəfdən özəl təhsil müəssisələrində dil hazırlığına çox ciddi önəm verilir. Övladlarını özəl məktəblərə qoyan valideynlər adətən repetitor hazırlığından istifadə etmirlər. Çünki şagirdlərin bütövlükdə hazırlığı məktəb tərəfindən həyata keçirilir”.