Çox oxuyan, az bal yığan abituriyentlər -DİLEMMA

4 İyul 2023 13:03 (UTC+04:00)

Ekspert: “Heç bir ölkədə universitetə qəbul prosesi bizdəki qədər qəliz deyil”

Təhsil millətin gələcəyidir, amma gələcəyimiz olan uşaqlar təhsil dilemması qarşısında aciz qalıblar. 6 ay sərasər qəbul imtahanına hazırlaşan, imtahana girən abituriyentlərin uzun və gərgin hazırlaşma prosesinə görə psixoloji vəziyyəti qaydasında olmur. İllərlə, aylarla hazırlıq prosesi, repetitor köməyi nəticədə bir işə yaramır, uşaqlar qəbul imtahanlarında az bal toplayır.

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edib. Jurnalda qeyd olunan məlumata əsasən, 2022-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 min 429 abituriyent iştirak edib.

Onların 16.12%-i 0-100, 26.67%-i 100-200, 21.96%-i 200-300, 25.61%-i 300-500, 9.64%-i isə 500-700 bal toplayıb. Abituriyentlərdən 2077 nəfər 600 və daha yüksək bal yığıb. Yüksək bal toplayanlar respublikanın demək olar ki, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 1081, II qrupda 142, III qrupda 344, IV qrupda 510 nəfərdir.

Təhsil eksperti, ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev qəzetimizə bildirir ki, dünyanın heç bir yerində abituriyentlər belə stress, həyəcan yaşamır: “Bizdə ali məktəblərə qəbul imtahanlarının həyəcanı mart ayında başlayır və avqust ayı daxil (6 ay) davam edir. Buna bizim övladlarımız dözür. İnanın, bizim uşaqlarımız qədər amerikalılar, avropalılar, yapon və çinlilər oxusaydılar alim olardılar. Bu kimi inkişaf etmiş ölkələrdə universitetə qəbul olmaq asan, oxumaq çətindir. Bizdə isə tam əksinə. Bizim universitetlərə qəbul prosesinin dünyada alternativi yoxdur deyərdim”.

Ramin müəllim deyir ki, bir abituriyent 5 ay imtahan stresi yaşayırsa, yayın istisində imtahana girirsə, buna müvafiq universitetə qəbul olursa onu qəhrəman adlandırmaq lazımdır: “Buraxılış imtahanı, blok imtahanı, qabiliyyət imtahanı, dövlət dili Azərbaycan dili imtahanı, ikinci cəhd imtahanı deyə-deyə bu 5 aylıq marafon baş alıb gedir. Mart ayında buraxılış imtahanı ilə başlayan həyacan avqust ayında ixtisas seçimi ilə yekunlaşır və abituriyentlər sentyabrda universitetə başlayır. Hansı abituriyenti dindirirsən yorgundur və bu yorğunluq universitet dərslərinə də təsir edir”.

“Etiraf edək ki, yüksək gərginliklə universitetə qəbul olan abituriyentlərin əksəriyyəti yorğunluqdan universitetdəki dərslərinə biganə qalır. İlk növbədə imtahanların aprel-may aylarında yekunlaşması lazımdır ki, isti aylarda abituriyentlər istirahət edərək universitetin başlanğıcına sağlam və enerjili başlasınlar” - deyə ekspert bildirir.

Universiteti bitirənlərin yarısı ixtisası barədə yaxşı biliyə sahib deyil. Ramin Nuraliyev deyir ki, bunun da səbəbi məhz bu prosesdir: “Bu məsələdə işin başlanğıcı DiM -in üzərinə düşür. Qəbul prosesini uzunmüddətli olmamalıdır. Uşaqları bir neçə qəbul imtahanı ilə yormamaq lazımdır. Qəbul prosesi mütləq asanlaşdırılmalı, universitet sistemi öyrədici olmalıdır. Yorğun, dərsdən, kitabdan, elmdən bezmiş bir gənc universitetə qəbul olduqdan sonra kitaba, oxumağa həvəssiz yanaşırsa, burada oturub düşünmək lazımdır. Dünya dövlətləri öz ali məktəblərini xarici vətəndaşlara açır ki, buyurun gəlin bizdə hətta attestatla təhsil alin. Bizim isə hər il universitetlərdə minlərlə boş yerimiz qalır. Bunun günahkarı kimdir? İnanın, əgər ikinci cəhd imtahanında suallar asanlaşdırılmasa bu il daha çox yer boş qalacaq. Niyə boş qalmalıdır? Dövlətimiz hər il ixtisasların sayını artırır. Hər il dövlət sifarişli yerlərin sayını artırır ki, gənclərimiz ali təhsilli olsun. Amma DiM sualları qəlizləşdirir və müsabiqə qaydalarında xüsusi hallar tətbiq edir.

DİM rəhbərliyi düşünmür ki, bu ixtisaslara qəbul olmayanların, xüsusilə də, zəif bal toplayanların əksəriyyəti attestatla xarici ölkələrə gedir oxumağa? Olmaz ki, həmin gənclər bu boş qalan yerlərdə oxuyaraq xeyri özümüzə versin? Niyə bizim kapitalımız xaricə axmalıdır? Elə bu boş qalan yerlərin çoxu da ödənişli yerlərdir, bu kapital ölkədə qalıb bizim iqtisadiyyatımıza təkan verərsə yaxşı olmazmı? Ümidvaram ki, DİM də bu dediklərimi çox yaxşı başa düşür və ikinci cəhd imtahanını çətin salmayacaq”.

Lalə Mehralı