"Göstəricilər o qədər də ürəkaçan deyildi” - EKSPERT DANIŞDI

4 İyul 2023 12:04 (UTC+04:00)

“Azərbaycan 4432 tam orta təhsil məktəblərində 150 minə yaxın müəllim çalışır. Azərbaycan təhsil sistemində ilk dəfə olaraq müəllimlərin bilik və bacarıqlarının yoxlanılması 2014-2018-ci illərdə diaqnostik imtahanlar vasitəsilə həyata keçirilib. Təbii ki, o zaman göstəricilər o qədər də ürəkaçan deyildi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, təhsil sistemində yeni bir mərhələ başlayıb: “Bu müəllimlərin sertifikasiyasıdır və ilk dəfə olaraq 2022-ci ildə 4 regional idarənin əhatə etdiyi 11 minə yaxın ibtidai sinif müəllimi qiymətləndirməyə cəlb edilmişdir. Onlardan 2800-ə qədəri minimum keçid balını toplaya bilməmişdi. Bu il isə bütün ölkə üzrə Azərbaycan dili və Ədəbiyyat, eyni zamanda ibtidai sinif müəllimləri qiymətləndirilməyə cəlb edildi. Bunun sayəsində 28 mindən çox müəllimin bilik və bacarıqları sertifikasiya nəticəsində yoxlanıldı.

İlkin nəticələrə əsasən deyə bilərəm ki, Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin nəticələri ibtidai sinif müəllimlərinin nəticələrindən yaxşıdır. Bunun bir neçə səbəbi var. Birincisi sertifikasiyaya cəlb edilən ibtidai sinif müəllimlərinin heç də hamısı ixtisaslı deyillər. Çox təəssüflər olsun ki, hazırda ehtiyacdan çox ibtidai sinif müəllimləri var və onlar qeyri-ixtisas fənlərini daha çox tədris edirlər. Buna görə də sertifikasiya imtahanı zamanı da çətinliklərlə qarşılaşdılar. Lakin Azərbaycan dili və Ədəbiyyatı müəllimləri yalnız öz ixtisaslarını tədris edirlər. Bu baxımdan imtahan nəticələri daha yaxşıdır. Əslində isə imtahan nəticəsi yaxşı olan müəllimlər məhz repetitor müəllimlərdir. Biz onların tədris göstəricilərinin tamamilə yaxşı olduğunu deyə bilmərik. Sertifikasiya imtahanından o müəllimlər uğur qazanıblar ki, onların əksəriyyəti repetitorlardır və mütəmadi olaraq bu fənnin özəl tədrisi ilə məşğuldurlar”.