Xalq artisti Ağadadaş Ağayev gənc ifaçılara onun mahnılarını oxumasını qadağan edib. SİA xəbər verir ki, bu barədə sənətçi ötən gün Səhər mərkəzi" verilişində qonaq olarkən deyib.
Xalq artisti bildirib ki, gənc nəsil ifaçılarının onun mahnılarını oxuduqdan sonra adını çəkməməsi və efirdə təşəkkür etməməsini hörmətsizlik kimi qəbul edir: "Gənc nəsil mahnılarımı oxuyur, heç adımı da çəkmirlər. O ifaçıların adlarını çəkib, onları zədələmək istəmirəm. Gənc ifaçılardan biri repertuarımdakı mahnını ifa etmək istədi. İcazə verdim, oxudu. Oxuyandan sonra isə görürəm ki, əda çıxarır. Həmin müğənni ilə bir proqrama getmişdik. Soruşmur ki, Ağadadaş müəllim olar ki, mən sizin mahnınızı oxuyum?. Axı, o proqramda canlı korifey, ustad kimi oturmuşam. Orada hirsləndim. Durdu əda ilə mahnımı oxudu. Verilişdə onun özünə bildirməsəydim, burada heç deməzdim. Fikrimi daha kəskin şəkildə dedim. Bu hadisədən sonra tövbə etdim ki, bir daha heç kimə öz mahnımı oxumağa imkan verməyəcəyəm. Mən özüm də o mahnıları yenidən oxuyacağam. Gənclər oxusunlar, amma bir az ədəbli olsunlar, tövbə etdirməsinlər".