“Ordumuzun durumu və mövcudluğu ilə fəxr edirik” - MÜNASİBƏT BİLDİRİLDİ

25 İyun 2023 16:32 (UTC+04:00)

“26 İyun Azərbaycan Ordusunun yarandığı gündür. Ordumuzun durumu və mövcudluğu ilə fəxr edirik”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri, “Qaziler.az” saytının rəhbəri, müharibə veteranı Rey Kərimoğlu deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusu dünya ordularının sırasında çox möhkəm dayanıb: “Fəxr ediləcək ordumuz, silahlı qüvvələrimiz var. Azərbaycan Ordusu özünün bir neçə ağır mərhələlərini keçib”.

Rey Kərinoğlu sözlərinə belə davam edib: “1991-ci ilin sentyabrın 14-də Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Polkovnik-leytenant şəhid Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müstəqil dövründəyik, batalyonun yaranan Ağdam əlahiddə ərazi özünümüdafiə batalyonu, ardınca yeni hərbi hissələr, briqadalar, korpuslar yaradılıb. 1993-cü ildə Ümumilli Liderimiz Heydər Əliyev hakimiyyətə gəldi, 10 il müddətində Azərbaycan Ordusunun yeni bir inkişaf mərhələsinə rəhbərlik etdi, ordumuz get-gedə gücləndi. 2003-cü ildən sonra bizim müzəffər Ali Baş Komandanımız İlham Əliyev hakimiyyətə gəldi və onun dövründə ordumuz yeni bir inkişaf mərhələsinə qədəm qoydu, çox uğurlu mərhələ oldu. 44 günlük müharibə bu inkişafın ən bariz nümunəsidir. Ordumuz 30 illik həsrətə son qoydu, erməni işğalından torpaqlarımızı azad etdi.

Bütün silahlı qüvvələrin şəxsi heyətini 26 iyun Ordu Günü münaibətilə təbrik edirik, onlara uğurlar və can sağlığı arzulayırıq. Ümid edirəm və inanıram ki, Azərbaycan Ordusu Ali Baş Komandanın onların qarşısına qoyduğu istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Xalqımız orudumuzu çox sevir, ona güvənir”.

Ayşən Vəli