Cərimələrin artırılması avtoxuliqanlığı aradan qaldıracaq? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

25 İyun 2023 16:12 (UTC+04:00)

“Milli Məclisin yolda sürət həddinin aşılmasına görə cərimələrin artırılmasına dair layihələrin təsdiqlənməsi özündə bir neçə vasitələri ehtiva edir. Bu qərar avtoxuliqanlıq, sürət həddinin aşılmasına görə qəzaların baş verməsi və s. kimi hadisələrinə hesablanır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bu qanunun avtoxuliqanlarla birbaşa əlaqələndirilməsinə gəldikdə isə statistik rəqəmlərə görə, Azərbaycan Respublikası ərazisində avtoxuliqanlıq və bunlara bərabər tutulacaq əməllərin qarşısının alınması hallarının azaldığını müşahidə edirik: “Bizdə mübarizə tədbirləri çərçivəsində avtoxuliqanlıqla mübarizə və avtoxuliqanlığın statistik göstəricilərinin aşağı düşürülməsi göstəriciləri var. Həmçinin, maşın qaçırılma, digər oğurluq hadisələri kimi hadisələr cinayət əməlidir və inzibati xətalar məcəlləsinə görə müəyyən inzibati tənbeh, cəzalar tətbiq edilməkdədir”.

Ekspert sözlərinə davam edərək bildirib ki, digər bir nüans isə burada vətəndaşların, xüsusən də Azərbaycan Respublikası ərazisində hərəkət edən nəqliyyat vasitələrinin müəyyən zaman ərzində öz kriteriyasına, öz göstəricisinə uyğun olan sürət hədləri ilə hərəkət etməlidir: “Məsələn, avtomobilin özünün daxili resursları ona imkan verdiyi sürətlə hərəkət etməlidir – 70-ci illərin maşınının 110 sürətlə getmək lüzumu yoxdur. Amma 2010-2020-ci illərin xarici markalı avtomobillərin müəyyən sürət həddində getməsində lüzum var. Köhnə və problemləri olan nəqliyyat vasitəsinin sürət həddini keçməsi düzgün deyil”.