Qarşıdakı yolayrıcına hələ xeyli yol var ... Oradək yenə də düşünmək olar: Narkomaniya nədir? İnsan həyatının məhvi, cəmiyyətdən təcridi, onun saf duyğularına ləkə gətirən bir vasitə. İnsanı ən pis yoluxucu xəstəliklərə mübtəla edən bəla, onun yaşaya-yaşaya ölməsi, canlı ola-ola cansız varlığa çevrilməsi, tərkidünyalığıdır.
Kimlər dünyanın qlobal problemi olan narkomaniya bəlasına düçar olurlar? Əlbəttə ki, iradəsi zəif olan insanlar. O insanlar ki, yolçuluğuna çıxdıqları yolda nəyin yaxşı və yaxud pis olduğunu düşünmürlər. O insanlar ki, müasir dünyamızda televiziya və informasiya vasitələrinin narkomaniyanın zərərləri ilə bağlı bar-bar bağırdığı bir dövrdə ondan istifadə edərkən əsla fikirləşmirlər. O insanlar ki, yaxşı ilə pisi, düz yol ilə əyrini, əsl insani hisslərlə uyuşdurulmuş hissləri ayırd edə bilmirlər. Tərtəmiz dünyalarını çirkablı dünya ilə əvəzləşdirirlər.
İnsan daim düşünür, hansı yolla addımladığını götür-qoy edir. Bəzənsə düşünmür, hansı yola düşdüyünü, bu yolun onu haraya çəkib aparacağının əsla fərqinə varmır. Bu zaman qarşıdakı yolayrıcı görünür. Və insan həmin yol ayrıcında dayanır. Bu yolayrıcında şaxələnən yolların hansı ilə addımlamaq? Və yaxud qət edilmiş yolu irəliyəmi, yoxsa geriyəmi getmək lazımdır? Bax, bu zaman insanın köməyinə yalnız və yalnız iradə gələ bilər. Güclü, mətin iradə. Bir anlıq başladığı yolun hansı yol olduğunu götür-qoy edən insan elə həmin andaca onu davam etdirmək, yaxud bu yola son qoymaq haqqında qərar verə bilər.
Bu yol gedilərsə, insanı zəlalətlər gözləyəcək hər an. Öncə adi marixuanadan başlanan bu yol insanı oğurluqlara, talanlara aparıb çıxaracaq. Sərxoşluq, alkoqolizm bu yoldakı yolçunun tale yoldaşına çevriləcək. Daha sonra bir qullab üçün səfil-səfil küçələri gəzəcək. Daha sonra onuntək günahsız və pak yaranan insanları qarət edib öldürməklə öz məqsədinə çatmağa çalışacaqdır. Evdən uzaq düşmək, valideynləri, yaxınları, qohumları eştiməmək, saymamaq, onlara qaba cavab vermək, yalan danışmaq, aldatmaq fərdi xarakterinə çevriləcək belələrinin.
Daha sonra isə qullabdan iynə həyatına keçid... narkoman həyatının tam ortası. Artıq bu mərhələdə qullab və tüstü onları istədikləri dünyanın sakini edə bilmir. Son çarə iynəyə qalır. Kim vurur bu iynələri yollarını azmışlara. Əlbəttə, özləri. Nə ilə vururlar? Küçədən, zibillikdən tapdıqları şprislərlə. Bəs iynələri haradan alırlar? Bunu eybəcərliyin, natəmizliyin çirkabın bütün növlərindən istifadə etməklə əldə edirlər. Sonda isə ən kəskin yoluxucu viruslar, xəstəliklər onların bədənlərinə daxil olur. Əsrimizin narkomaniya ilə yanaşı, QİÇS bəlasının da başlıca yaranma səbəbi qeyri-normal həyat tərzi deyilmi? Bəli, budur. Səfil, qeyri-sağlam həyat tərzidir hər iki bəlanın başlanğıcı.
Həmin bu dözülməz həyat tərzi başladıqca, sonra isə davam etdikcə o yolla addımlayanların mənzilbaşı görünməz olacaqdır. Bu yolun sonunda bir uçurum var. Bu yolçuluğun sonu isə o uçurumda bitir. Elə bu məqamda da o yolu başa vuranlar heç vaxt insanı tərk etməyən bir arzunu-yaşamaq istəyirəm arzusunu ürəklərindən keçirirlər. Həmin anlarda bu hiss onların bütün varlığına hakim kəsilir: yaşamaq həvəsi. Sanki o andaca gözlərini açıb həyata baxır, onun şirinliyini duyur, özlərindən sonra heç bir iz qoymadıqları, övlad, uşaq sahibi olmadıqları, həyatın ən gözəl anlarını yaşamadıqları üçün yenidən yaşamaq arzusu tüğyan edir içlərində. Yalnız bu düşüncələr artıq gec olur. Geriyə dönmək olmadığı kimi, yaşamaq da mümkün olmur.
Lakin bu yolu getməyə də bilər insan övladı. Öz iradəsi, ağlı, dərrakəsi hesabına. Bu yola düşsə də, ondan nəticə çıxararaq tez dönər və ona Ulu Yaradan tərəfindən bəxş olunmuş təkrarolunmayan həyatını mənalı yaşamağa başlar. Belə olanda onu cəmiyyət də alqışlar. Lazımi iradə sahibi olduğu uçun hamı ona hörmət bəsləyər. Bu təqdirdə o, başladığı həyat yolunu da şərəflə davam etdirməyə qadir olar. Ailə qurmaq, mehriban ailə başçısı, övlad sahibi olmaq, dünyanın ən gözəl himni olan körpə qığıltısını həzin bir layla kimi dinləmək, sonra... onları boya-başa çatdırmaq, dərsləri ilə məşğul olmaq, daha sonra övlad toyu, nəvə-nəticə, ömrün ən gözəl çağı olan qocalıq, müdriklik dövrü... Gözəl deyilmi belə ömür yolu keçmək? Əlbəttə, gözəldir. Şərəfli və namuslu, ləyaqətli insan ömrü yaşamaqdan əziz nə ola bilər?
Bəli, qarşıda bir yolayrıcı var. Nə qədər ki, gec deyil o yolayrıcına çatanda bütün bunları düşünməyə dəyər. Deyilmi?..
Mətanət Məmmədova