Asılılığın ən dəhşətlisi – Narkomaniya! -PROBLEM

25 İyun 2023 13:52 (UTC+04:00)

26 iyun Narkomaniya ilə Beynəlxalq Mübarizə Günüdür

Ekspert: Hər bir narkoman özündən sonra 5-10 nəfəri narkotikdən istifadəyə cəlb edə bilir

1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası narkomaniyadan azad, sağlam cəmiyyət məqsədinə nail olmaq, bu sahədə beynəlxalq aləmdə fəaliyyət və əməkdaşlığı gücləndirmək məqsədilə 26 iyun tarixini “Narkomaniya və Qaçaqmalçılıqla Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib.

Dünyada ən azı 275 milyon insan narkotikdən istifadə edir və bu insanların 13 faizi (təxminən 36 milyonu) narkomaniyadan müalicə alır. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) statistikası göstərir ki, 2030-cu ilə qədər bütün qitələrdə milyonlarla insanın narkotik istifadəsi daha da artacaq. Fərqli dərman növlərinin hər bir qitədə daha geniş istifadə edildiyini ortaya qoyan hesabatda ümumi məlumatlar dünyada narkotik istifadəsinin hər yerdə artmağa meyilli olmasından bəhs edilir.

Maarifləndirmə işinin aparılması və ictimaiyyətin məlumatlılığının artırılması üçün 26 iyun tarixində müxtəlif tədbirlər keçirilir. Tədbirlərdə, təlimlərdə sağlam həyat tərzinin vacibliyi və narkotik maddələrdən istifadənin qarşısının alınmasının əhəmiyyəti vurğulanır və narkotikdən istifadənin zərərlərinə diqqət çəkilir. Maraqlıdır, bu tədbirlər nəticə verirmi?

Ekspert: “Real rəqəm statistikada göstəriləndən çoxdur”

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Narkoekspert-araşdırmaçı Emil Maqalovun sözlərinə görə, hazırda Azərbaycanda statistikaya məlum olmayan təxminən 300 000 insan müntəzəm olaraq narkotik vasitələrdən istifadə edir: “Narkomaniya ilə bağlı rəsmi statistikada 36 000 min narkoman olduğu bildirilir, lakin bunlar könüllü və ya məcbur olaraq tibbi reyestrə daxil olanlardır. Tibb müəssisələri isə ildə 5 mindən çox insanı narkomaniyadan müalicə edə bilməz. Mənim statistikasıma görə, Azərbaycanda narkomanların 10%-i məktəblilər, 50% -i 16-30 yaşlı gənclər, 40% -i isə yaşlı insanlardır. Narkotiklərə başlamanın orta yaşı 16-18 yaşdır. Aidiyyəti qurumların çox böyük səylərinə baxmayaraq 12-15 yaşlı uşaqların narkotikdən istifadə faizi də artır. Bəzi hallarda da narkoman olan valideynlər uşaqları narkomaniya bəlasına salır”.

Ekspert bildirir ki, narkotiklər əsasən gənclər üçün əyləncə yerlərində - diskotekalar, kafe və klublarda yayılır. Respondentlərin 60%-i narkotiki ilk dəfə orada sınaqdan keçirib: “Hər bir narkoman özündən sonra 5-10 nəfəri narkotikdən istifadəyə cəlb edə bilir. Son illər narkotiklərdən ölənlərin sayı 12 dəfə, uşaqlar arasında isə 2 dəfə artıb. Narkomanların narkomaniyaya başladığı andan etibarən təxmini ömrü orta hesabla orqanizmdən aslı olaraq 4-5 ildir. Birinci dəfədən ölənlər də az deyil. QİÇS-ə ( SPID ) yoluxma hallarının artmasının əsas səbəbkarı da narkomaniyadır. Bu gün cinayətlərin təxminən 70%-i narkomaniya zəminində baş verir. Soyğunçuluq, oğurluq, qətllər bir doza narkotik uğrunda törədilir”.

Emil Maqalov deyir ki, narkomaniya statistikası göstərir ki, narkomanların yalnız 5-6 faizi sağalır. Narkomaniyanın əlamətlərini bilmək, övladlarınızın təhlükəsizliyinə zəmanət verəcək, həyatını xilas etməyə və övladınıza vaxtında kömək etməyə imkan verə bilər. Bir yeniyetmənin davranışında narkomaniyanın əsas əlamətlərinə sosial dairənin dəyişməsi daxildir. Məsələn, yeniyetmə köhnə dostları ilə ünsiyyət qurmur. Əvəzində açıq-aşkar tərəddüdlə danışdığı yeniləri peyda olur. Telefonla danışarkən gizli, monohecalı və ya qeyri-müəyyən ifadələrlə danışır. Daim tək qalmağa, tək otağa qapanmağa, gizlənməyə çalışır. Tez-tez evdən çıxıb, gec qayıdır. Əvvəllər sevdiyi işlə maraqlanmağı və etməyi dayandırır. Evdə ilk yardım dəstinə dərmanlara maraq da yarana bilər. Ani əhval dəyişikliyi, aqressivlik, laqeydlik və ya artan həyəcan və ya şənlik nəzərə çarpır. Hərəkətlər kəskin olur və həmişə yaxşı əlaqələndirilmir. Narkomaniyanın əsas əlamətlərindən biri də yeniyetmənin pul xərclərinin artmasıdır”.

Narkomaniyaya qarşı mübarizə effektivdirmi?

Ekspetin sözlərinə görə, narkomaniyaya qarşı mübarizə son dərəcə mühüm vəzifədir və bu tək aidiyyəti dövlət qurumlardan asılı deyil: “Narkomaniya ilə mübarizə yolları fərqlidir. Əsas olanlar arasında sosial, tibbi və informasiyanı, sosial şəbəkələri də qeyd etmək lazımdır. Bütün dövlət qurumlarının əvəzinə Azəbaycan polisi narkotiklərlə mübarizə aparır, illərdir ki, gücləndirilmiş iş rejimində işləyirlər və demək olar ki, MDB ölkələri arasında narkotiklərlə mübarizə sahəsində ən yaxşı nəticə verə bilir. Amma bu tək polisin işi deyil, həm də QHT-nın və ictimai sekotrun işidir. QHT-na Dövlət Dəstəyi Agentliyi isə bu istiqamətdə az maliyyə ayırır, sonuncu qrant müsabiqəsində də bunun şahidi olduq. Ölkə üzrə bu sahədə 3 QHT layihə təqdim etmişdi, yalnız birinə büdcə ayrıldı. Ona görə deyirəm ki, dövlət dəstəyini yalnız güc strukturunda hiss edirik, ictimai sektorda yox. İctimai sektor maarifləndirmə işləri həyata keçirir, öz təcrübəmdən də deyə bilərəm ki çox effektiv olur təlimlərimiz”.

Emil Maqalov narkomaniya ilə bağlı tədbir, təlim və müzakirələrdə eyniliyin tərəfdarı olmadığını deyir: “İllərdir bu tədbirlərdə hər dəfə eyni sözlər, eyni mesajlar və əsas da eyni sosial adamlar iştirak edir. Təəssüflə qeyd edim ki əksər QHT-nın bu sahədə həyata keçirdiyi işlər effekt vermir, çünki əksəriyyəti bu işi tədbir xatirinə edir, hesabat xatirinə edir. Ümumiyyətlə, bu tədbirlərdə insanların niyə narkomaniyaya qurşanması, ik qurşanan adamların sosial-mədəni statusu, hansı şəraitdə qurşanması və s. bu kimi bir dənə də olsun sosioloji tədqiqat ortaya qoyulmur. Hələ ən mifoloji fikir də odur ki, insanlar idmanla məşğul landa narkomaniyaya risk azalır. Bəli,idmanı hardasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır”.

Mübarizə hərtərəfli olmalıdır

Ekspert hesab edir ki, idmanla intellektual səviyyə bir olmalıdır: “Məsələn, Sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni, əsas risk qrupları asosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, narko-istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır. Narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə, gördüyümüz kimi müsbət nəticə və effekt yoxdur, hətta əksidir. Narko-tacirlərin hər yolla külli miqdarda "pul qazanma" cəddi bütün dünyada var və hələ ki, onlar qalibdir. Ümumiyyətlə, QHT lərlə əməkdaşlıq, külli miqdarda vəsait, aidiyyatı işçilərin əmək haqqının yüksəlməsi və həqiqətən işində vicdanlı insanlar olmalıdır ki, mübarizə effekt versin”.

Çoxşaxəli bir problem olan narkomaniya bir çox sağlamlıq, iqtisadi, sosial və hüquqi fəsadlara səbəb olur və cəmiyyətin bəlli qisminə deyil, ümumi təsir göstərir. Buna görə də narkotiklərlə mübarizə səyləri qurumlararası əməkdaşlıq və çoxtərəfli iş prinsipi ilə həyata keçirilməlidir.

Narkotik maddə istifadəsi problemi məktəblərdə Həyat bilgisi, Kimya, Biologiya kimi dərslərə daxil edilə bilər və beləliklə məktəb də mübarizədə iştirak etmiş olur. Bundan əlavə, Elm və Təhsil Nazirliyi narko-ekspertləri məktəblərə dəvət etməli, təlimlərə şərait yaratmalı, narkotik maddə istifadəsi ilə bağlı profilaktik işlər görməlidir. Məktəblərə narko-ekspertlərlə yanaşı psixoloqlar, uşaq inkişafı üzrə mütəxəssislər, həkimlər, mühafizə bölmələrinin müvafiq üzvləri, qeyri-hökumət və könüllü təşkilatlar, media qurumları dəvət edilməli, məsələyə koordinasiyalı şəkildə yanaşmalıdırlar.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb