İyunun 24-ü saat 19 radələrində Bərdə rayonundakı evlərdən birində 1988-ci il təvəllüdlü Vəfa Həsənovanın ölməsi, onun yetkinlik yaşına çatmayan qızı Ulduz Abbasovanın isə xəsarət almasına dair rayon prokurorluğuna məlumat daxil olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, rayon prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, aparılmış araşdırma zamanı 1986-cı il təvəllüdlü Həsən Həsənovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək bacısı Vəfa Həsənovanı öldürməsi, Ulduz Abbasovanı isə yaralamasına əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həsən Həsənov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.