İllərdir müşahidə edirik ki, rəsmi İrəvanın danışıqlarla bağlı fikirləri ilə iddiaları və davranışları qətiyyən üst-üstə düşmür. Ümumiyyətlə, Ermənistan tərəfinin sülh sazişi, danışıqlar prosesi ilə bağlı mövqeyində yeganə dəyişməz olan prosesə mane olmaq planlarıdır. Ermənilərin yenə də bu “ənənəyə sadiqliyi”, məhz erməni baş nazirinin iddialarında özünü göstərir və əgər Vaşinqton danışıqlarının növbəti raunduna Nikol Paşinyan özünün pafoslu ritorikası ilə hazırlaşırsa, deməli, pozuculuq niyyəti indidən bəlli olur.
Vaşinqtonda gözlənilən danışıqların gündəliyi ilə bağlı münasibət bildirərək erməni baş nazir hökumətin iclasında deyib ki, guya İrəvanın mövqeyi dəyişməz olaraq qalır və sülhə nail olmaq, eləcə də sülh müqaviləsi ilə bağlı saziş imzalamaq üçün bütün səylər göstərilməlidir. Məsələ burasındadır ki, Paşinyanın irəli sürdüyü fikirlər heç də sülhə nail olmağa xidmət etmir. Onun dedikləri bir yığın sözdən başqa bir şey deyil. Bir halda ki, erməni baş nazir danışıqların növbəti raundu üçün absurd fikirlər, eləcə də məsələnin həllinə mane olan iddialar səsləndirir, deməli, burada məqsəd heç də sülh müqaviləsi ilə bağlı saziş imzalamaq deyil.
Xatırladaq ki, mayın əvvəlində Vaşinqtonda keçirilən nazirlərin görüşü barədə də dünya ictimaiyyəti məlumatlıdır. ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə hər iki ölkənin nümayəndələrinin görüşündən gözləntilər var idi. Hətta Amerika tərəfindən bu görüş iki ölkə arasında ikitərəfli münasibətlərdə mühüm irəliləyiş kimi qiymətləndirilib. Eyni zamanda bu görüşün sülh sazişinin imzalanmasına aparan yol olduğu da qeyd olunur, amma görünən odur ki, Ermənistan tərəfi həmin görüşdə də formal olaraq iştirak edibmiş və heç bir irəliləyişin olmaması bunu təsdiq edir. Etiraf edək ki, həqiqətən də sülh sazişinin imzalanması istiqamətində həmin görüşdən irəliləyişlər gözlənilirdi. Lakin gözləntilər özünü doğrultmadı və bu gün də söz söyləmək naminə Ermənistan tərəfindən, şəxsən erməni baş nazirinin dilindən guya məsələnin həlli ilə bağlı hansısa ifadələr səsləndirilirsə, bu, o demək deyil ki, növbəti görüş barədə nikbin proqnozlar vermək olar. Heç şübhəsiz ki, bu dəfə də Paşinyanın ənənəvi olaraq “sülh sazişinin və bütövlükdə regionda sülhün əldə edilməsinin zəruriliyi” ilə bağlı ritorikası o qədər də inam yaratmır. Çünki hamı çox yaxşı bilir ki, Nikolun sözləri həmişə olduğu kimi, sırf deklarativ xarakter daşıyır. Ən çox diqqətçəkən məqam odur ki, Ermənistan rəhbərliyinin davranışları, hər zaman erməni baş nazirinin sözləri ilə köklü şəkildə ziddiyyət təşkil edir.
Bir tərəfdən Nikol Paşinyan sülh sazişinin və bütövlükdə regionda sülhün əldə edilməsinin zəruriliyindən dəm vurur, digər tərəfdən sərhəddə erməni hərbçiləri təxribatlarını davam etdirirlər. Erməni baş naziri sülhün təminatı barədə danışır, amma atəşkəs rejimi Ermənistan tərəfindən demək olar ki, hər gün pozulur. Maraqlıdır, hakimiyyəti öz avantüristliyi ilə ələ keçirən beli çantalı küçə nümayişçisi manipulyasiya ənənəsinə sadiqlik göstərir, yoxsa erməni cəmiyyəti, yaxud Ermənistan hakimiyyəti onun fikirlərini hesaba almır? İstənilən halda rəsmi İrəvanın dəyişməz mövqeyindən də danışmaq mümkün deyil, sülhə doğru addım atmaq kimi bir niyyətindən də. Çünki Bakının guya Qarabağ ermənilərinə qarşı planlaşdırdığı "etnik təmizləmə" siyasəti yürütdüyü ilə bağlı Ermənistan tərəfi yalan informasiyaları hələ də dövriyyəyə buraxırsa, deməli, İrəvanın sülhə sadiqliyinə inanmaq mümkün deyil.
“Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də Laçın dəhlizinin qarşısının alınması ilə bağlı qərarı icra edilməlidir və bu, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq gündəmdə olan məsələdir, çünki Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrasını həmin qurumun təmin etmək səlahiyyəti var. Bakı-Xankəndi beynəlxalq dialoq mexanizmi işə salınmalıdır və bu dialoq çərçivəsində Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələləri həll olunacaq”, deyən Ermənistanın baş nazirinin, belə məlum olur ki, prosesə, məsələnin həllinə mane olmaq üçün bəhanələri artıq indidən hazırdır. Əgər bu dəfə də Paşinyanın dediyi kimi, İrəvan məhz Amerika danışıqlar platformasında “Laçın dəhlizinin qarşısının alınması” və “Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” tələblərini irəli sürmək niyyətindədirsə, deməli, Ermənistan tərəfi sülhə, yaxud sülh prosesinə başlanmasına yalnız əngəl yaratmaq fikrindədir.
Açıq-aşkar görünür ki, rəsmi İrəvanın mövqeyi həqiqətən də dəyişməz olaraq qalır və Nikol Paşinyanın son bəyanatları da təsdiq edir ki, Ermənistan hakimiyyəti hələ də danışıqlarda irəliləyiş istəmir. Erməni baş nazirinin fikirlərindən bəlli olur ki, məqsəd Bakı ilə sülhün bağlanmasına mane olmaqdan ibarətdir. İndidən bəlli olur ki, Ararat Mirzoyanla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında Vaşinqtonda keçiriləcək növbəti görüşdə erməni nazir məsələnin həllinə mane olacaq həmin məqamları qabardacaq. Bəlli olur ki, Ermənistan tərəfi Laçın dəhlizi barədə, eləcə də guya humanitar fəlakət içərisində olan “bədbəxt Qarabağ erməniləri” və onların təhlükəsizliyi məsələsi haqda uydurmalar səsləndirərək yenə də məsələni uzatmaq üçün əlindən gələni edəcək. Yəni, tamamilə absurd fikirlər irəli sürərək, ən axmaq və inanılması belə mümkün olmayan, ziddiyyətlərlə dolu olan bədnam tələbləri onun yenidən bir daha səsləndirəcəyi gözlənilir. Buna görə də Ermənistan tərəfinin məkrli, hiyləgər siyasəti və pozuculuq niyyəti fonunda Vainqtinda keçiriləcək növbəti görüşdə də sülhə doğru irəliləyişlə bağlı nəyə isə ümid etmək sadəlövhlük olardı.
Belə məlum olur ki, rəsmi İrəvan hələ də özü üçün düzgün nəticə çıxara bilməyib. Moskvada, Brüsseldə və Vaşinqtonda olmaqla, üç müxtəlif platformada keçirilən Ermənistan-Azərbaycan danışıqlarının Paşinyanın hakimiyyət komandası üçün heç bir mənası olmayıb və onun komanda qətiyyən dərs ala bilməyib. Görünən odur ki, Ermənistan tərəfi nəinki sülh prosesinə, hətta danışıqlara belə zərbə vurmaq niyyətində olub və indi də bu niyyət ortadadır. Hələ də Paşinyan və onun komandası inadkarcasına məsələni uzatmaq, vaxt qazanmaq niyyətindədir və axmaqcasına da nəyə isə ümid edir. Bu gün günahlandrmaq məqsədi ilə Azərbaycan tərəfini ləkələməyə, eləcə də beynəlxalq ictimaiyyəti çaşdırmağa, diqqətini də başqa istiqmətə yönəltməyə çalışan Ermənistan tərəfi ölkəmizlə açıq-aşkar informasiya müharibəsi aparır və belə bir müharibə aparmaqla sülhdən dəm vurmaq qətiyyən üst-üstə düşmür və bu ziddiyyəti başa düşmək heç də çətin deyil. İşğalçı ölkənin genişmiqyaslı informasiya müharibəsi həmin ölkənin mətbuatında da öz əksini tapır. Elə məhz ermənilər tərəfindən qondarılan və yalandan uydurulan dırnaqarası “humanitar blokada” barədə erməni mətbuatının təxribat xarakterli yanlış məlumatları məsələnin nə yerdə olduğunu dərk etməyə kifayət edir.
Ziddiyyətlər rəsmi İrəvanın iddialarında da özünü göstərir. Məsələn, Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı Paşinyanın dili ilə etiraf edən İrəvanın bunun ardınca yalandan, “Laçın dəhlizinin blokadası” ilə bağlı fikirləri bir-biri ilə ancaq ziddiyyət təşkil edir. Bir halda ki, Qarabağ Azərbaycan ərazisidir və bunu da erməni baş nazir etiraf edərək dilə gətirir, o zaman hansı dəhliz və hansı təhlükədən söhbət gedə bilər. Azərbaycan öz ərazisində, özü də işğalı qonşu dövlətlə sərhəddə post qurduğu zaman dünya ölkələrindən, Fransa kimi ermənipərəst dövlətdən icazə almalı idi, yoxsa Ermənistandan? Necə olur ki, bir tərəfdən Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, amma “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi” kimi uydurma məsələlər onun dilindən düşmür. Elə bu məqam özü təzad, ziddiyyət deyilmi? Yaxşı, belə ziddiyyətlərlə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsindən dəm vurmaq, buna çalışdıqlarını iddia etmək necə, məntiqi görünürmü? Həminin, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edən, bunu rəsmi şəkildə dilə gətirən Paşinyan Bakı ilə Qarabağ erməniləri arasında qondarma beynəlxalq dialoq mexanizmlərinin işə salınmasından hansı əsasla və hansı üzlə danışır? Ona elə gəlmirmi ki, özü də başda olmaqla bütövlükdə hakimiyyət komandası burunlarını Azərbaycanın daxili işlərinə soxmaq istəyirlər və bunun adı başqasının işlərinə qarışmasından başqa bir şey deyil.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan kənardan göstərişə heç bir ehtiyac duymur və belə bir göstəriş qəbul edilən də deyil. Ruben Vardanyan kimi üçüncü bir tərəfə, başqa bir dövlətin apardığı siyasətə maşa olan, alət olan birinin simasında kimlərləsə danışmaq, danışıqlar aparmaq kimi arzuları ermənilərin ancaq ürəyində qalacaq. Separatçılarla hansı danışıqdan söhbət gedə bilər? Azərbaycan 44 gün müharibə aparıb, şəhid verib, şanlı qələbə qazanıb ki, sonra da onlarla danışıqlar aparsın? Bu nə məntiqsiz yanaşmadır ki, bunu olmayan ağıllarına də gətirirlər. Danışıqlar aparan elə əvvəlcədən qan tökülmədən həmin danışıqları aparmazdımı? Qalib bir ölkənin danışıqlara ehtiyacı varmı? Yəni, həqiqətən Paşinyan hakimiyyəti, yaxud belə bir fikir səsləndirən və onlarla eyni ağılda olanlar başlarını itiriblər, yoxsa özlərini axmaqlığa qoyublar? Azərbaycan tərəfi Qarabağın erməni əhalisinin nümayəndələri ilə birbaşa dialoq apara bilər və bunu üstəlik öz ərazilərində, özü də Azərbaycan Konstitusiyası çərçivəsində edər və bunu təklif də edib. Amma separatçılarla danışıqları arzu edənlər çox böyük xəyallara düşüblər, hansı ki, elə əməlləri, niyyətləri, mövqeləri ilə arzuları da ziddiyyət təşkil edir.