TÜRKSOY-un Baş katibi Bakıda Heydər Əliyevə həsr olunan elmi konfransda iştirak edib

23 İyun 2023 13:50 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin, Heydər Əliyev Mərkəzinin və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Bir əsrin iqtisadi nəticələri" mövzusunda V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı təşkil olunub. Konfrans nəzdində Azərbaycan Dövlət Rəsm Qalereyasının və "AXIN" sosial media platformasının və HELM yaradıcılıq mərkəzinin dəstəyi ilə "Əsrin 100 çaları" adlı sərgi keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru professor Ədalət Muradov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi, Qırğızıstanın Xalq yazıçısı Sultan Raev, ölkənin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçıları iştirak ediblər.

TÜRKSOY-un Ankarada yerləşən katibliyindən SİA-ya verilən məlumata görə, Baş katibi Sultan Raev sözügedən tədbirdəki çıxışında türk xalqların mədəni inteqrasiyasının daha da sürətlənməsininvacibliyindən bəhs edərək bu sahədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

Ümummilli Lideri Heydər Əliyev şəxsiyyəti barədə fikir və düşüncələrini bölüşən Xalq yazıçısı Sultan Raevbildirib ki, dahi şəxsiyyətin bütün fəaliyyəti Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edib.
Baş katibi Sultan Raev deyib ki, Heydər Əliyev siyasi fəaliyyəti dövründə türk dövlətləri və xalqları arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də münasibətlərin inkişafına böyük diqqət göstərib. Heydər Əliyev türk dünyasının mənəvi zənginliyini, ortaq dəyərlərini, dilini, ədəbiyyatını, tarixi irsini bir araya gətirən TÜRKSOY-un qurulmasına və fəaliyyətinin genişlənməsinə xüsusi diqqət göstərib. Qədirbilən türk xalqları böyük Azərbaycanın böyük oğlunun əziz xatirəsini hər zaman qəlbində ehtiramla yaşadacaq. Ankarada “Heydər Əliyev və TÜRKSOY” proqramı keçirən təşkilat cari ilin dekabrında Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə konfrans keçirəcəkdir.

Baş katib diqqətə çatdırıb ki, yeniyetmə və gənclərin rəsm yaradıcılığını hər zaman diqqətdə saxlayan TÜRKSOY bu istiqaməti gələcək fəaliyyətində də inkişaf edirəcəkdir.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən sözügedən konfrans “Bir əsrin iqtisadi nəticələri” mövzusuna həsr olunub və iyunun 25-dək davam edəcək.