İyunun 15-dən sonra turizmdə rəsmi olaraq yay mövsümü elan olunur. Ümumiyyətlə, yay mövsümü bütün dünyada insanların istirahətlərini planlaşdırdıqları bir dövrdür. Bu dövrdə insanlar həm ölkədaxili, həm də ölkəxaricində müxtəlif bölgələrə üz tuturlar. Bununla əlaqədar turistik bölgələrə tələbat artır və nəticədə qiymət artımı müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, turistlər üçün həmişə tövsiyə olunur ki, daha öncədən rezerv etsinlər: “Çünki ilkin tətil planlamalarında müəyyən qədər qənaət etmək mümkündür. Lakin müxtəlif səbəblərdən hər kəs bunu edə bilmir. Ona görə də təklif olunur ki, ildən-ilə istirahət zonalarının, qalma və yerləşdirmə yerlərinin sayı artırılmalıdır. Belə olduğu halda kifayət qədər rəqabət yaranacaq və qiymətlər daha əlverişli olacaq. Son dövrlər Azərbaycanda da otellərin tikintisi çox zaman alır, eyni zamanda kifayət qədər resurs tələb olunur. Amma həmçinin qeyd etməliyik ki, “Kənd Evləri” layihəsi bu məsələdə vəziyyəti yumşalda bilər”.
C.Aşurov sözlərinə davam edərək bildirib ki, ona görə kənd evlərinin, insanların şəxsi evlərinin məhz bu bazara daxil olması və müəyyən standartlara cavab verməklə turistlərə təklif olunması çox gözəl imkanlar yarada bilər: “İnsanlar da bundan ikitərəfli faydalana bilərlər. Birincisi, orada yaşayan və evlərini turizm üçün açıq edən əhali maddi gəlir əldə edə bilər. İkinci olaraq isə turistlər daha əlverişli qiymətə istirahət edə bilərlər”.