Heydər Əliyev ideyaları bu gün də yaşayır və uğurlarımızın rəhnidir

22 İyun 2023 22:17 (UTC+04:00)

Tərtər rayon Mədəniyyət Mərkəzində əslən tərtərli olan tanınmış ziyalıların iştirakı ilə “Heydər Əliyev ideyaları bu gün də yaşayır və uğurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib. Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP rayon təşkilatının sədri Eldar Əsədov, akademik Vaqif Abbasov, Xalq şairi Vahid Əziz, Xalq artisti Teyyub Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq abidələrin önünə gül dəstələri düzüblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Tərtər şəhər 2 nömrəli məktəb-liseyin şagirdləri qonaqları salamlayaraq Ulu Öndərin müdrik kəlamlarını səsləndiriblər.

YAP Tərtər Rayon təşkilatının sədri Eldar Əsədov “Heydər Əliyev ideyaları bu gün də yaşayır və uğurlarımızın rəhnidir” mövzusunda məruzə edib. O, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır.

Konfransda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova bildirib ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyi qurunub, möhkəmlənib. Ulu Öndər üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək, dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarıb. Böyük düha sahibi Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilib.

Konfransda YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Akademik Vaqif Abbasov, Xalq şairi Vahid Əziz, Xalq artisti Teyyub Aslanov da çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb ki, millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev daim ən ülvi məhəbbətlə, hörmət və ehtiramla yad olunaraq anılacaqdır.

Sonra qonaqlara Tərtər Rayon İcra Hakimiyyətinin fəxri fərman və xatirə hədiyyələri, YAP rayon təşkilatı tərəfindən isə rayonun sosial-iqtisadi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.

Sonda Xalq artisti Teyyub Aslanovun və Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki şəhər və rayonların mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı təqdim edilib.