Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, qazilərin və ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biri olduğunu bildirib, Ulu Öndərin Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən söz açıblar.
Konfransda Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yolun Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə olmasından, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi zəfərdən də bəhs edilib.