"Azərbaycan-OPEC əlaqələri çox yüksək səviyyədədir. OPEC neft ixrac edən ölkələrin təşkilatıdır. Bu təşkilat 1960-cı ildə yaradılıb".
Bu sözləri SİA-ya verdiyi açıqlamada iqtisadçı-ekspert Asif İbrahimov qeyd edib.
Onun sözlərinə görə, təşkilata ilkin olaraq 5 ölkə qoşulub. OPEC-in daimi üzvü isə 13 ölkədir. Neft ixrac edən 10 ölkə (Azərbaycan da bura daxildir) "OPEC PLUS" formatında birləşiblər. Bu format rəsmi xarakter daşıyır, formatın əsas mahiyyəti neft hasilatının azaldılıb-artırılmasıdır. Məlum olduğu kimi, hasilatın azaldılması və artırılması tələb-təklifin formalaşmasında xüsusi rol oynayır: "Neftin qiymətinin lazımi qiymətdən aşağı düşməməsi üçün müəyyən addımlar atılır. Azərbaycan bir çox hallarda həmin təşkilatlarla görüşlərdə iştirak edir.
"OPEC PLUS" formatının bir konfransı da Bakıda keçirilmişdi. Xüsusilə, neft, dayanıqlı inkişaf, neftin aqibəti, gələcək nəsillərə ötürülməsi formatında bir çox görüşlər keçirilir. Bir neçə dəfə Azərbaycan neft hasilatının azaldılması öhdəliyini öz üzərinə götürmüşdü, protokollara qol çəkmişdi. Azərbaycan istər iqtisadi, istərsə də siyasi platformada öz öhdəliyinə düşən vəzifələri yerinə yetirən bir ölkədir. Buna görə də, Azərbaycana güclü iqtisadi tərəfdaş kimi baxılır. O cümlədən, OPEC də Azərbaycana sözünün üzərində duran tərəfdaş kimi baxır. Xüsusən, tələb-təklifin formalaşdırılması məsələsində də Azərbaycan ilə məsləhət-məşvərət aparılır".
Fazil Mehdixanlı