Enerji içkilərinin insan orqanizminə zərərləri HANSILARDIR? - SORĞU

22 İyun 2023 14:59 (UTC+04:00)

Baxmayaraq ki, enerji içkiləri son zamanların “kəşfidir”, onların tərkib maddələri uzun əsrlərdir ayrı-ayrılıqda gümrahlaşdırıcı qismində istifadə edilir. Energetiklərin istehsalı və satışa buraxılması sessiya zamanı tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə, çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir hədiyyə kimi qiymətləndirmək olar. İstehsalçılar vurğulayır ki, onların istehsal etdiyi içkilər ancaq fayda verir və içkilər daima təkmilləşdirilir, yeni çeşidlər buraxılır. Bəs, bu içkilərin insan orqanizminə zərərləri nədən ibarətdir? SİA mövzu ilə bağlı sorğu keçirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, energetik içkilərə əlçatanlığın azaldılmasına dair Azad İstehlakçılar Birliyi dövlət orqanları ilə illər ərzində xeyli iş görüb və onlara gömrük rüsumlarının artırılması, qiymətinin qaldırılması məsələsi bizim apardığımız işlərdən biridir: “Biz çalışmışıq ki, energetik içkilərə əlçatanlıq azaldılsın. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu sahədə ciddi iş aparıb. Dünyanın nadir ölkələrindən biridir ki, Qida Təhlükəsizliyi Agentliyi müəyyən standartlar qəbul edib və yerli energetik içkilər istehsalçıları və idxalçılarının qarşısına məsələ qoyub ki, öyrəşdirici maddələrin miqdarının normada saxlanılması və aşağı olması barədə iş aparılıb. Hazırda Azərbaycanda ixdal və istehsal olunan energetik içkilər həmin standartlara cavab verir”.

O, sözlərinə davam edərək bildirib ki, bununla belə, energetik içkilərin üzərində istehsalçılar həddi-büluğa çatmayan uşaqlar, hamilə qadınlar, xəstələr üçün məsləhət görülmədiyini yazırlar: “Bəs, hansı məntiqlə xəstə adama zərər olan şey xəstə olmayana xeyir edə bilər – burada məntiq yoxdur. Düşünürəm ki, bu cür kampaniyalar, eləcə də qazlı içkilərə doğru yönəlməlidir. Çünki onlar energetik içkilərdən heç də az zərərli deyil.

Ümumilikdə istehlakçılara məsləhət görürəm ki, bu cür qazlı və rəngləndirilmiş içkilərdən mümkün qədər uzaq dursunlar. İnsanlar bilməlidir ki, heç bir dərman, içki, o cümlədən, tibbi vasitələr də birbaşa təsir etmir. Onlar insanların müəyyən hormonlarını, fermentlərini oyadır, sadəcə, onları qıcıqlandırır və insanın bədənində olan maddələri səfərbər edir. Ona görə də durduq yerə insanın bədəninə xaricdən enerji gəlmir – insanın öz enerjisi oyadılır. Energetik içki insana enerji verirsə, bu, insanın öz enerjisidir, kənardan enerji gəlmir. Bir sözlə, bu cür içkilərin istehlakını mümkün qədər azaltmaq lazımdır. Qadağa edilməməsinin səbəbi odur ki, bütün hökumətlər büdcəsində pul istəyir. Bu cür şirkətləri də ölkədən çıxarmağa heç kim maraqlı olmur. İnsan sağlamlığı məsələsi, Ümumdünya Səhiyyə Təşkilatının çağırışları, müxtəlif səhiyyə orqanlarının çağırışları əslində, səmimi deyil. İnsanın sağlamlığı təkcə onun özünə lazımdır. Heç bir hökumətə ölkə əhalisinin 80%-nin təqaüdçü olmağı lazım deyil”.

Mövzu ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov da fikirlərini bölüşüb: “Enerji içkiləri nəinki qız uşaqlarına, bütün uşaqlara zərərlidir. Buna aid dünyada tibbi araşdırmalar var və bunun zərərli olduğunu sübut edən mənbələr də yetərincədir. Ona görə də enerji içkilərinin satışı yaşı 16-18 yaşdan aşağı uşaqlara qadağandır. Bu da təsadüfi deyil. Enerji içkiləri uşaqlarda dərsə laqeydlik, dərslərdə aşağı göstəricilər yaradır. Enerji içkiləri qəbul edən uşaqlar erkən ürək, qan-damar sisteminin pozğunluqlarıyla, yuxusuzluq, halsızlıq, yorğunluqla üzləşirlər. Bu da uşaqlarda tənbəllik, unutqanlıq, laqeydlik kimi simptoları göstərir və bu da uşaqların gələcəyi üçün təhlükəlidir. 50 ml enerji içkilərinin tərkibində olan kofein, dabl-espresso kofesinə-ikiqat hazırlanmış qəhvəyə bərabərdir. Nəzərə alsaq ki, 50 ml yox, bir qutusu 100 ml olan enerji içkisini içən uşaqlar iki qat dabl-espresso qəbul etmiş olur; hətta bir qutuyla da kifayətlənməyən uşaqlar da var. Bu içkilərdə kofein miqdarının çox olması uşaqların sağlamlığına ciddi zərbə vurur. Təəssüflər olsun ki, bəzi valideynlər uşaqları susdurmaq üçün və ya onları mükafatlandırmaq üçün özləri bu enerji içkilərini uşaqlara alıb verirlər. Bu da valideynlərin məlumatsız olmasndan, maariflənmə bacarıqlarının aşağı olmasıyla əlaqədardır.

A.Salamov həmçinin qeyd edib ki, enerji içkilərinin müntəzəm olaraq qəbul edilməsi nəinki uşaqlara, hətta yaşlılara – bütün insanlara zərərlidir: “Bu, həm də digər qazlı içkilərə də aiddir. Şəkəri balanslaşdırmaq üçün digər rəngli, qazlı içkilərə də vurulan fosfor turşusunun miqdarı çox yüksək olur. Bu da uşaqlarda sümük inkişafının qarşısını alır, yaşlılarda sümük əriməsinə gətirib çıxarır. Limit qoyub “bir dənəsiylə heçnə olmaz” deyirlər. Lakin bir dənəsiylə də kifayətlənmirlər axı. Tərkibində elə maddə var ki, birini içəndə insana “borca” enerji verir. Bunu qəbul edib enerji alan uşaqlar da bir neçə saatdan sonra əzgin hiss edirlər, ona görə də ikincisini də içmək istəyir. Nəticədə, aludəçisi olurlar. Hətta, onsuz yaşamayan, gündə 4-5 qutu içən uşaqlar da olur. Burada reklamlar da öz sözünü deyir – enerji içkilərinin reklamları da güclüdür. Təəssüf ki, enerji içkisini bir neçə dəfə içən artıq aludəçisinə çevrilir. Tərkibində şəkərin miqdarının çox olması da, qara ciyət piylənməsi, obezlik, şəkərli diabet kimi fəsadlara da gətirib çıxara bilər”.

Kardioloq Firdovsi İbrahimov isə enerji içkilərinin ürək ritmində pozulmalar, təzyiq, damarlarda sıxılmalar yaratdığını qeyd edib: “Bu içkilərin təsirindən daha çox ürəkdə ölümcül ritm pozğunluqları baş verir. Enerji içkiləri bunlarla yanaşı, qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsilartırma qabiliyyətini pozur, həmçinin, genetik problemlərə səbəb olur.

Bu içkilərin tərkibində yüksək miqdarda kofein, taurin olduğunu qeyd edən həkimin sözlərinə görə, bəzi enerji içkilərinə kofein daha sərtləşdirilmiş formada qatılır: “Bu maddələr gündəlik qəbul normasından artıq olduqda ürək ritmini pozur, hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır. Bir hamilə xanımın, azyaşlının bu içkiləri içməsi nə dərəcədə doğrudur? Valideynin uşaqlarına, nənə-babaların nəvələrinə enerji içkisi alıb verməsi düzgündürmü? Bunlara yol verilməməlidir. Bu içkilərin reklamının qarşısı alınmalıdır.

Enerji içkiləri 2007-ci ildən daha geniş istifadə olunmağa başlayandan sonra Amerikada xüsusi ölüm halları yaranmağa başladı. Azərbaycanda da bununla bağlı iki ölüm hadisəsi olub. Amma ümumilikdə bu içkilərin yaratdığı fəsadlar çoxdur”.