Azad torpaqlarımız: Laçınlaşan Laçın I YAZI TƏHLİL

22 İyun 2023 14:03 (UTC+04:00)

Prezident İlham Əliyev: “Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik”

Laçın deyiləndə gözlərim önündə o qədər böyük bir məkan canlanır ki... Həm də Laçın o qədər qədim tarixə, zəngin təbiətə, coğrafiyaya malikdir ki, onun haqqında danışmaq, yazmaq, sözün həqiqi mənasında, məsuliyyət tələb edir. Amma yazdıq, 2020-ci ilin payızının 44 günündə işğaldan azad olunmuş torpaqlarımızın ardınca Laçın da azadlığına qovuşdu. 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatla dekabr ayının 1-də Laçın 30 ildən sonra anası Azərbaycana qovuşdu. Bu müjdəli xəbəri də ölkəmizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevdən aldıq: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Böyük strateji əhəmiyyətə malik yurd yeri

Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun böyük strateji əhəmiyyətə malik olan bölgəsidir. Tək Laçın dəhlizinin buradan keçməsi rayonun strateji üstünlüyünü şərtləndirən əsas amildir. Məhz elə buna görə də Ermənistan uzun illər tamah dişini Laçına qıcamış və onun əldən getməməsi üçün tədbirlər görmüşdü. Lakin əzəli torpaqlarımızın sahibi olaraq erməni faşistlərinə sərhədlərini göstərməklə bu yurdların tarixən azərbaycanlılara məxsus olduğunu da başa sala bildik.

Azərbaycan Respublikasının Prezidentinin xalqa müraciətindən: “Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə, 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”.

Dövlətimizin başçısı onu da vurğulayırdı ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.

Beləliklə Laçının işğaldan azad olunması ikiqat qələbə sevincini bizə bəxş etdi. Ölkəmizin başçısının uzun illər apardığı danışıqların, həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq bu qədər böyük əhəmiyyətə malik olan yurd yerimiz ermənilərin və onların havadarlarının istəklərinin əksi olaraq geri qaytarıldı. Laçın ermənilərə göz dağı oldu.

Laçın nura boyanır: 1 gündə 2 yarımstansiya

Laçın yeni həyatının astanasındadır. Bu həyat Laçının işğaldan azad edilməsi, ardınca ilkin olaraq bu gözəl yurda elektrik enerjisinin çəkilməsi-nurun səpilməsi ilə başladı. 2021-ci ilin fevral ayında Güləbirddə Su Elektrik Stansiyası istifadəyə verildi. Prezident İlham Əliyev: ”Bu gün isə Laçın rayonunun cənub hissəsindəyik, Güləbird kəndinin ərazisində. Bu gün Güləbird kəndində Su Elektrik Stansiyasının açılışıdır. Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik”.

Qarabağa və Şərqi Zəngəzura hər dəfə səfərləri ilə bu qədim yurd yerlərinin inkişafına yeni töhfələr verən dövlətimizin başçısının mayın 27-də Laçın rayonunda olması ilə bunun bir daha şahidi olduq. Həmin gün Laçının nura boyanması istiqamətində yeni bir yarımstansiya-“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” və 110/35/10 kv-luq “Laçın” şəhər yarımstansiyalarının açılışı oldu və dövlətimizin başçısı yarımstansiyaları işə saldı. Bu yarımstansiyalar 2021-ci ildə Qorçu kəndində istismara verilən “Kəlbəcər” yarımstansiyasından sonra tikilən yarımstansiyalardır.

“Qorçu” yarımstansiyası eyni adlı kənddə dəniz səviyyəsindən 1800 metr yüksəklikdə müasir texnologiyaya əsasən tikilib. Burada perspektiv inkişaf nəzərə alınmaqla, 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulmaqla tam avtomatlaşdırılıb, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğularla əlaqələndirilib. Müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiyada hər birinin gücü 25 MVA olan iki yeni transformator quraşdırılıb. Gələcəkdə ehtiyac yaranarsa, yarımstansiyanın transformatorlarının gücünü artırmaq mümkün olacaq.

“Qorçu” yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq. Yaxın perspektivdə “Qorçu” yarımstansiyasından “Laçın” şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaq.

Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerjisisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilən 110/35/10 kV-luq “Laçın” şəhər yarımstansiyası da rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq, Laçın şəhərinə “Qubadlı” yarımstansiyasından başlayaraq və “Güləbird” Su Elektrik Stansiyasından keçməklə, ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.

İşğaldan azad edilən ərazilərdə indiyədək “AzərEnerji” ASC tərəfindən 11 yerdə tikilən 110 kV-luq yarımstansiyalardan “Laçın” şəhər yarımstansiyasının xüsusi fərqi ondan ibarətdir ki, bu yarımstansiya həm də işğaldan azad olunan ərazilərin qovşaq yarımstansiyası funksiyasını daşıyacaq. Belə ki, yeni istifadəyə verilən 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağından və Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq 110 kV-luq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq xətt artıq “Laçın” şəhər yarımstansiyasına birləşdirilib.

Digər istiqamətdən “Daşkəsən”, “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına, o cümlədən “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına çəkilmiş mövcud 110 kV-luq ikidövrəli xətlər də gələcəkdə “Laçın” qovşaq yarımstansiyası ilə əlaqələndiriləcək. Bununla da Qarabağın və Şərqi Zəngəzurun 110 kV-luq ikidövrəli xətlərinin dairəvi elektrik təchizatı yaradılacaq və hansısa xətdə qəza baş versə belə, enerji təchizatında fasiləsizlik təmin ediləcək.

Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla, 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin edilib.

Qorçu qəsəbəsi və Şəlvə kəndi həyata vəsiqə aldı

30 il ərzində ermənilər tərəfindən daşı daş üstündə qalmayan yurd yerlərimiz kərpic-kərpic yenidən tikilir, bərpa olunur. Sakinlərinin burada yaşaması üçün hər cür şərait yaradılan qəsəbə və kəndlərdə işlər sürətlə həyata keçirilir ki, yurd həsrəti tezliklə sona çatsın.

Dövlətimizin başçısının ötən ay Laçın rayonuna səfəri çərçivəsində bir qəsəbə və bir kəndin təməlinin qoyulması da bu prinsipə xidmət edir.

Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayının sol qolu olan Qorçu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.

Qorçu qəsəbəsi Laçının Ağalaruşağı, Oğuldərə, Zağaltı, Qarabəyli, Korcabulaq, Lolabağırlı kəndləri ilə birlikdə layihələndirilir. Ümumi sahəsi 300 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 142,54 hektar təşkil edir. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.

Dövlətimizin başçısına məlumat verilib ki, Qorçu qəsəbəsinə birinci mərhələdə köçürüləcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə tutulur. Bir fərdi evin həyətyanı sahəsi 700 kvadratmetr olacaq. Ərazinin kəskin relyefli olduğunu nəzərə alaraq, perspektivdə Qorçu qəsəbəsinin inkişaf dövrü üçün dördmərtəbəli 39 yaşayış binasından ibarət məhəllələrin salınması planlaşdırılıb.

Qəsəbənin mərkəzində birinci mərhələdə sosial və ictimai obyektlər olan inzibati bina, klub-icma mərkəzi, kitabxana və internet zalı, tibb məntəqəsi, mehmanxana, idman-sağlamlıq mərkəzi, restoran, xalq sənətkarlığı emalatxanaları, satış köşkləri və bazar kompleksinin tikintisi nəzərdə tutulur. Qəsəbədə təhsil ocaqlarına olan tələbatı ödəmək məqsədilə, ilk növbədə, 264 yerlik məktəb və 140 yerlik uşaq bağçası, perspektivdə isə 864 yerlik məktəb və 280 yerlik uşaq bağçası tikiləcək.

Həmçinin qəsəbədə yaşayacaq əhalinin məşğulluğunun təmin olunacağı idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri üçün şərait yaradılır. Yaşayış zonalarını əlaqələndirmək üçün Qorçu çayının üzərində körpülərin inşası da planlaşdırılır.

Rayonun şimalında, Şəlvə çayının sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək.

Layihələndirilən ərazinin ümumi sahəsi 128 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək.

Kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, mövcud və planlaşdırılan infrastrukturu, həmçinin tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib. Yamacda yerləşən ərazilər əsasən evlərdən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib.

Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. İctimai binaların və fərdi evlərin memarlığı yerli ənənələrdən ilhamlanaraq, müasir standartlara uyğun dizayn edilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur. Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfalı və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayının sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır.

Beləliklə, qurulub-yaradılanların hər biri Laçının hüsnünə yeni bir naxış vurmaqla onun laçınlaşmasına səbəb olur. Laçın gündən-günə yeni həyata qədəm qoymaqla, sakinlərinin tezliklə ona qovuşmasını səbirsizliklə gözləyir.

Mətanət Məmmədova