Bəxti "gecə" qızlar - KÖŞƏ

22 İyun 2023 14:00 (UTC+04:00)

Lalə Mehralı

Gecə, zülmət qaranlıq deməkdir Leyla. Həm də qara saçlı gözəl.

Qaranlıq taleli, gecə kimi zülmət bəxti olan Leyla...

17 yaşında tələbə olan, 18 yaşında ərə verilən, 19 yaşında ana, 20 yaşında şəkil olan Leyla...

Bakı Dövlət Universitetinin nümunəvi tələbəsi, akademik göstəriciləri yüksək, gələcəyin parlaq biologiya müəllimi Leyla...

8 aylıq mələyini də özü ilə torpağa aparan Leyla...

Ölüm səbəbini oxuyanda az qaldı havalanım...

Telefona cavab vermədiyi üçün əsəbləşib arvadını qətl edən sadist ərin qurbanı Leyla...

Gözü dönmüş, hirsində boğulmuş ər arvadı ilə birlikdə 8 aylıq körpə qızını da bıçaqlayıb öldürüb.

Biri həyat yoldaşın, biri canından parça.

Öldürən uşaq da deyil, 30 yaşlı ağlı, dərrakəsi olan kişi. Kənardan sağlam təsiri bağışlayan nə qədər xəstə ruhlu insan var içimizdə, fərqində deyilik. Yol yeriyəndə çiyninə toxunduğunuz, metroda ayağını basdığınız insanlar da onlardan ola bilər, əmin deyilik axı.

Bu insanların ən əhəmiyyətli xüsusiyyəti çox qara qəlbli və şübhəçi olmalarıdır. Həyat yoldaşlarının hər addımını izləyən, telefonuna casus proqram yükləyən, “onu geyinmə, bunu geyinmə, ora getmə, niyə evə gec getdin, yenə harada idin, niyə o kişiyə baxdın?” düşüncəsində olan insanları deyirəm. Onlarla ömür keçməz, ömrünü yeyirlər çünki. Xəstəlik səviyyəsinə çatan qısqanclıqları həyatı ailəsinə zindan edir. Leylanın ölümünə səbəb olan qısqanclıq bu günədək neçə qadının həyatını yarıda kəsib?

Xatırlayarsınız, bir neçə il öncə də birisi arvadını qucağındakı körpəsi ilə birlikdə bıcaqlayıb öldürmüşdü. Kişi nə qədər qansız olar ki, əl boyda körpəyə, köməksiz qadına qarşı bu vəhşiliyi törədər? Tək bu hadisədirmi? Əlbəttə, yox.

Biz nələr gördük Leylaya qədər...

Murdar, cani, qansız, faşist, sadist, kişilər gördük, iki gün sonra doğacaq 9 aylıq hamilə qadını 10 aylıq körpəsinin gözü önündə zorlayan, dəfələrlə təcavüzdən sonra həm qadını, həm qarnındakı, həm də yanındakı körpəni paya ilə döyə-döyə öldürən.

Biz Sevinci də unutmamışıq – telefonunun ekranı qırıldığına görə ərindən gələn zəngə cavab verə bilməyən, bunun üçün vəhşicəsinə qətl edilən Sevinci. Biz Ayşəni də unutmamışıq, nənə himayəsində yetim böyüyən, uğurlu biznes qurub barını görə bilməyən, əri tərəfindən qəddarcasına öldürülən Ayşə.

Xanımı da xatırlayırıq biz. Polis ərinin 15 güllə ilə azyaşlı övladlarının gözü önündə qanına qəltan etdiyi Xanım. Laləni də, qızı Qumrunu da unutmamışıq biz. Yatdığı yerdə vəhşiliklə əri tərəifindən bıçaqlanaraq öldürülən ana-balanı. Ərinin dəmir boru ilə döyə döyə öldürdüyü hamilə Səidəni, ərinin dənizdə boğub öldürdüyü hamilə Şahanəni necə, unuda bilmişikmi?

Lalələr, şahanələr, səidələr, ayşələr çoxdur, saatlarla yazmağa, danşmağa sığışdıra bilməyəcəyimiz qədər çox. Ümumiləşdirib hamısını Leylanın timsalında yazdım. Leyla kimi ömrü yarıda qırılan, arzuları, ümidləri, gələcəyi caniliklə yarımçıq qoyulan qadınlar çoxdur. Dünən də var idilər, bu gün də var, sabah da olacaqlar. Onları qətl edən ərləri 10-15 illik cəza alıb azadlığa çıxacaqlarsa, hələ uzun illər olacaq bəxti zülmət leylalar.