“Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən turagent və turoperatorlar tərəfindən 2020-ci ildə 2304 turist qəbul edilib, 5901 nəfər turist göndərilib. 2021-ci ildə isə 1848 nəfər turist qəbul edilib, 14476 turist göndərilib. Göründüyü kimi 456 nəfər azalma var. Gedənlərin sayında isə artım var. Demək ölkədən kənara istirahətə gedənlərin sayı 2020-ci ildə 3597 nəfər, 2021-ci ildə 12628 nəfəri üstələyir. Fərq 2020-ci ildə 2 dəfədən, 2021-ci ildə 7 dəfədən çoxdur. Əsasən ən çox ölkəyə gələn turistlər Birləşmiş Ərəb Əmirliyindən, Rusiya və İsraildəndir. Ölkədən xaricə gedənlər isə əsasən Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstana üz tutur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.
Onun sözlərinə görə, turagent və turoperatorların vasitəçiliyi ilə Azərbaycan vətəndaşlarının səyahət etdiyi rayonlar (şəhərlər) üzrə səyahət müddəti 2020-ci ildə ölkə üzrə 293 tur günü olub. Onun 125 günü Qəbələ və Şəki, 58 günü Quba, Xaçmaz, 110 günü Bakı şəhəri olub. 2021-ci ildə isə 17585 tur günü olub. Bunlardan 901 gün Bakı, 56 gün Naxşıvan şəhəri, 8260 gün İsmayıllı, 2696 gün Şamaxı, 6 gün Gəncə, 1670 gün Naftalan, 4 gün Qazax, 4 gün Tovuz, 2450 gün Xaçmaz, 80 gün Quba, 4 gün Qusar, 8 gün Şabran, 28 gün Lənkəran, 50 gün Masallı, 660 gün Qəbələ, 110 gün Oğuz, 598 gün Şəki olub. 2020-ci ildə turagent və turoperatorlar ölkə daxilində iqtisadi rayonlar üzrə ümumi gəliri 16147,30 manat, 2021-ci ildə isə 22614,80 manat olub. Göründüyü kimi ümumi gəlir artıb. Amma bu rəqəmi 2019-cu illə müqayisə etsək xeyli azalma var. 2019-cu ildə ümumi gəlir 63363,80 manat olub. Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin iqtisadi rayonlar üzrə gəlirləri 2020-ci ildə 116798, 2021-ci ildə 209687,3 manat, 2019-cu ildə isə 450188,5 manat olub. Pandemiyadan əvvəl daha çox gəlir əldə edilib”.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, satılmış turizm yollayışlarının iqtisadi rayonlar üzrə dəyəri paytaxtın payına düşür: “2020-ci ildə 4681,1 2021-ci ildə isə 5139,4 manat olub. Pandemiyadan əvvəl isə bu rəqəm 74673 manat olub. Xarici ölkələrə səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının iqtisadi rayonlar üzrə dəyərində paytaxt ön sıradadır. 2020-ci ildə 3861,70, 2021-ci ildə isə 4557,90 manat olub. Ölkə daxilində bu göstərici aşağıdır. Qeydlərə əsasən ölkə xaricində səyahət etmək istəyənlərin sayı çoxdur. 2022-ci il və 2023-cü il üçün Statistika Komitəsi tərəfindən qeydlər olmadığından bu rəqəmlər burada göstərmək mümkün olmadı. Gürcüstan və Türkiyə ilə quru sərhədlər açılarsa yenidən əhali xaricdə istirahət etməyə üstünlük verəcəkmi? Hazırki vəziyyət, yuxarıda göstərilən rəqəmlər onu göstərir ki, bəli bu baş verəcək. Amma bununla yanaşı ölkəyə də tursit sayında artım ola bilər. Ümumi götürsək ölkə daxilində istirahət etmək baha olduğundan, insanlar digər ölkələrə getməyə üstünlük verirlər. Hətta bunu pandemiya vaxtı üçün rəqəmlərdə müşahidə etmək mümkündür”.