“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu”

21 İyun 2023 22:32 (UTC+04:00)

İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri Rəhim Süleymanov və Qaçay Qarayev, qazilər, çağırış yaşlı gənclər və rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrünün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Rəşadətli Azərbaycan Ordusunun formalaşmasında müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin komandanlığı ilə öz inkişaf yolunu tapıb və Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.

Konfransda, həmçinin Azərbaycan Ordusunun qısa müddət ərzində keçdiyi böyük inkişaf yolundan bəhs edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb.