Medianın vicdanı varmı?

21 İyun 2023 14:23 (UTC+04:00)

Dövrümüzün özəlliyi texnoloji yeniliklərin ən üst səviyyəyə qədər çıxması, insanı təəccübləndirən yeniliklərin edilməsidir. Hazırkı dövr də məhz belədir- özünəməxsus fəlsəfəsi, estetikası, həyat tərzi, cəmiyyəti, hüquqi, mədəni qaydaları olan bir dövr.

Bu dövrü bu qədər qüdrətli edən, hökmranlıq etməsi üçün dəstək verən də məhz mediadır. Əlbəttə ki, bura həm televiziyalar, həm radiolar, həm qəzetlər, həm saytlar, həm də bloqlar və sosial şəbəkələr daxildir. Amma gəlin etiraf edək ki indi sosial şəbəkələr digər kütləvi yayım vasitələrini bir neçə addım geridə qoyub və hər nə qədər ciddi media hesab edilməsə də media aləminin ümumi platformasına çevrilib. Bu səbəbdən yeni media sistemi ortaya çıxıb- sosial media.

Mətbuat və televiziya böyük qüvvədir, silahı görünməyən, amma silahların ən təhlükəsinə sahib olan qüvvə. Cəmiyyət medianın əlindəki silahı görmədiyi üçün nəyə məruz qaldığını da anlamır adətən.

Bir foto, bir köşə yazısı və yaxud kiçik bir sujet əslində fərqli olan bir faktı tərsindən anlada bilir, cəmiyyətin diqqətini səhv istiqamətləndirə bilir, insani duyğulardan, vicdandan, mərhəmətdən yoğrulan düşüncələri istismar edə bilir.

Media hər dövrdə gücə, hökmə malik olub və hökmranlıq etməyin ən təsirli silahı olub. Lakin dövrümüzdə medianın əldə etdiyi güclə keçmişdəki gücünü müqayisə etmək mümkün deyil. Bu yolla nəzərdə tutulduğundan da çox insana xitab edilib, məqsədə çatmaq üçün insani duyğuların sümürülməsi, vicdan, mərhəmət kimi hislərin istismarı da həmişə aktual olub.

Yeni nəsil mediada çox təəssüf ki, vicdan faktoru bir çox hallarda arxa planda qalır, əsas kriteriyalar maddi gəlir və kütləyə çıxış əldə etməkdir. Media bir kommersiya obyektinə ya da siyasi təsir alətinə çevrilir. Bu məqsədlə də kütləni aldatmaq, onu istədiyin yerə yönləndirmək lazımdır. Burada isə vicdan arxa plana keçir. Nəticədə, gəlir və nüfuz əldə edilə bilər, amma inam və etibar itirilir.

Əgər siz mediada güc və hakimiyyət istəyirsinizsə, bu yolda qarşınıza çıxan anlayışlardan biri də məhz vicdan olacaq. Çünki jurnalistikanın təməl materialı insandır. Hər hansı vəziyyətdə olan bir insan– intihar edən, dünyaya gələn, yaralanan, xəstələnən, sevinən, uğur qazanan, bədbəxt olan hər hansı bir insan yaxşı bir xəbər mövzusu ola bilər.

Yəni, dolayısı ilə qayəsi insan olan bir işin xəmiri də insani hisslərlə yoğrulmalıdır. Məhz bu səbəbdən də jurnalistlərdən ən çox gözlənilən şey də cəmiyyətin vicdanı olmalarıdır. Bu istək, əslində, bizim peşəmizin tərifi, düsturudur. Vicdanımızın olub-olmaması fərddən fərdə dəyişə bilir, amma peşəmizin əsas tələbi dəyişməzdir.

Düzdür, əslində, medianın boynuna çox şey yükləyir, çox şey tələb edirlər. Həm haqlıdırlar, həm də haqsız. Medianın vəzifələri əlbəttə çoxdur, lakin unutmaq lazım deyil ki media həm də bizim özümüzü özümüzə təqdim edir. Media cəmiyyətin gözüdür, dilidir, qulağıdır, amma cəza kəsəni, ittiham edəni, hökm verəni deyil. Media güzgü olmalıdır, düzü düz, əyrini əyri göstərməyi bacarmalıdır. Bunu etmək üçün isə vicdan lazımdır.

Nə cür yazılırsa yazılsın, nə cür adlandırılırsa adlandırılsın, fərqi yoxdur- vicdan sözü hər dildə, hər millətdə, hər cəmiyyətdə eyni mahiyyət daşıyır. Mənasını hamı anlayır- içimizin güzgüsü. Vicdan və insan kəlmələri, əslində, eyni mənanı verir- insansansa vicdanın var və ya vicdanın varsa insansan.

İçimizdəki ən böyük hakimin adı vicdandır. Bütün ideoloji, milli, mənəvi, sosial, siyasi vəziyyətlərdə vicdanla qərar qəbul etməyimiz diləyi ilə…

Lalə Mehralı