“Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 150 minə yaxın müəllim çalışır. Müəllimlərimizin ilk dəfə bilik və bacarıqlarının yoxlanılması 2014-2018-ci illərdə diaqnostik imtahanla həyata keçirilib. Yəni buna qədər müəllimlərimizin bilik və bacarıqları ilə bağlı məlumatım yox idi. Bunun ardınca isə Elm və Təhsil Nazirliyi ilk dəfə olaraq Azərbaycan təhsilində sertifikasiya prosesinə başladı”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, 4 bölgə üzrə 11 minə yaxın müəllim sertifikasiyada iştirak etdi: “2800-ə yaxın müəllim sertifikasiya imtahanından keçə bilmədi. Artıq yeni mərhələdə ibtidai sinif müəllimləri ilə yanaşı, Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin də sertifikasiyalaşmasına başlanılıb. İlkin nəticələr məlumdur. Sosial şəbəkələr və internet resurslarında nə qədər yüksək nəticələri görsək də, birmənalı şəkildə bütün nəticələrin əla olduğunu deyə bilmərik.
Hazırda imtahan şərtlərini ödəyə bilməyən müəllimlərimiz də var. Yəni heç kim düşünməsin ki, nəticələr 100 faiz yaxşıdır. Bizim təhlil nəticələrimizə görə, təxminən 15 faizə qədər müəllim müvafiq keçid balını toplaya bilməyib. Təbii ki, bu yaxşı hal deyil. Çünki həmin müəllimlər şagirdlərə məhz həmin fənlərdən dərs deyirlər. Hansı ki, imtahan zamanı həmin müəllimlər keçid balını toplaya bilməyiblər. Bu baxımdan sertifikasiya olduqca vacib bir prosesdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, müəllimlər imtahandan keçmək üçün kurslara baş tutublar. Bu isə Elm və Təhsil Nazirliyinin təhsilin təşkili ilə bağlı gördüyü işlərin effektiv olmadığını göstərir. Hazırda bu funksiyanı hazırlıq kursları və repetitorlar yerinə yetirirlər. Eyni zamanda biz müəllimlərin bilik və bacarıqlarını yoxlayırıq. Lakin onların pedaqoji fəaliyyətlərinin də önəmi çoxdur”.