MGH-nin yeni əməkdaşı Gülay Məmmədzadəni təqdim edirik

19 İyun 2023 16:26 (UTC+04:00)

Dr.Gülay Məmmədzadə 2006-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib və 2006-2007-ci illərdə 1 saylı Kliniki Psixiatriya Xəstəxanasında internatura təhsili almışdır. SİA xəbər verir ki, 2015-2017-ci illərdə Dr. Gülay Məmmədzadə Boston şəhərində yerləşən “Harvard School of Public Health” Universitetində və “Boston Children’s” Hospitalında 2 illik psixi sağlamlıq və elmi işlərin aparılması üzrə ixtisasartırma kursunu keçmişdir.
Dr.Gülay Məmmədzadə 2018-ci ildə “Süd vəzisi xərçəngi olan qadınlarda psixi sağlamlıq və həyat keyfiyyəti” mövzusunda elmi işini müdafiə etmiş və 2019-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2020-2022-ci illərdə İmperial College London Universitetində İctimai səhiyyə üzrə postdiplom təhsili keçmiş, magistr dərəcəsini almışdır.

Gülay həkim 2007-2009-cu illərdə Bərpa Tibb Mərkəzində həkim-psixiatr, 2009-2022-ci illərdə Azərbaycan Tibb Universitetində Psixiatriya Kafedrasının assistenti və 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının həkim-psixiatrı kimi çalışmışdır. Eyni zamanda 2019-2021-ci illərdə Azərbaycan Tibb Universitetinim Rezidentura və magistratura şöbəsinin müdir müavini vəzifəsində işləmişdir.

Dr.Gülay Məmmədzadə daim öz üzərində çalışan, beynəlxalq təcrübəni öyrənən və öz fəaliyyətində tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir. Müxtəlif Avropa və Dünya Psixiatrik Konfranslarda iştirak etmişdir və yerli və beynəlxalq impact-indeksli jurnallarda 20-dən çox elmi məqalələrin müəllifidir.

12 iyun 2023-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-psixiatr kimi fəaliyyətə başlamış Dr. Gülay Məmmədzadəni bu münasibətlə təbrik edir və ona işlərində uğurlar arzulayırıq!