Qurbanlıq quzu necə seçilməlidir? - DİN XADİMİ AÇIQLADI

19 İyun 2023 16:57 (UTC+04:00)

"İslam dinində olan bayramlardan biri də müqəddəs Qurban bayramıdır. "Qurban" ərəb dilində “Qurb” sözündən olub, Allahın rəhmətinə yaxınlaşma anlamına gəlir". Bu sözləri SİA-ya verdiyi açıqlamada Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli qeyd edib.

Onun sözlərinə görə, "Qurban" sözünə Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə rast gəlinir. "Allah müqəddəs Quranda buyurur - “Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdir. Sonradan bu, adət halını alıb həqiqi mahiyyətindən çıxıb, şeytanın vasitəsi ilə müəyyən zaman ərzində vəhşi bir qanuna çevrilib. İnsanlar təsərrüfatından hər hansı bir şeyi (əkindən və ya heyvanlardan) qurbanetmə əvəzinə öz övladlarını ilahələrə (bütlərə) qurban edirdilər. Həzrət İbrahim ə.s. zamanında isə bu ilahi nemət onun vasitəsi ilə, qarışıqlıq və bidətlərdən təmizlənərək əsl mahiyyətini tapır. Sonradan Həzrət Muhəmməd ə.s-ın peyğəmbərlik dövründə isə bu, islamda Həcc mərasimində vacibat və müsəlmanlar arasında kütləvilik halını alır. Qurban kəsmək yalnız Həcc mərasimini icra edən hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə vacib deyil.
Qurban kəsərkən bir neçə məsələyə diqqət vermək lazımdır. Hətta "Qurani-Kərim"də də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur. ( Həcc surəsi 34-cü ayə ) Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır. Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Daha yaxşı olar ki, xırdabuynuzlu heyvan fərdi qaydada, iribuynuzlu heyvanı həm fərdi, həm də müştərək qaydada kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda kəsilmə və bölünməsində müsəlmanlar şəriət prinsiplərindən kənara çıxmamalıdırlar. Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətlərini bildirən məsələlər də İslamda öz əksini tapmışdır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islam əxlaqı cəhətdən icazəli deyil. Qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da, olar. Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir. Yaxşı olar ki, bayram namazı qılınandan sonra Qurban kəsilsin. Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır. Həzrət peyğəmbər ə.s. və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir.
1. Qurban kəsənin ailə üzvlərinin payı;
2. Onun “sileyi-rəhm”, yəni qohum əqrəbadan olan ehtiyaclıların payı;
3. Ona qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəmanın payı.
Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Uca Allah bu bayramın mahiyyətinə işarət edərək buyurur: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” - Həcc surəsi, 37-ci ayə. Allah kəsilən qurbanları, edilən ibadət və dualları qəbul etsin, bayramınız mübarək olsun!".

Fazil Mehdixanlı