“Azərbaycanda uşaqpulu məsələsi zaman-zaman gündəmə gəlir. Son günlərdə də bu məsələ həm ictimaiyyət, həm də deputatlar və ekspertlər tərəfindən müzakirə olunmaqdadır. Azərbaycanda uşaq pulu Sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan uşaq pulunun verilməsi dayandırılıb. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.
Onun sözlərinə görə, 19 may 1998-ci ildə Ümummili Lider Heydər Əliyev tərəfindən “Uşaq hüququ haqqında” 499 İQ nömrəli 45 maddədən ibarət qanun imzalanmışdır. Maddə 13-də qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanış xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 29-da isə bildirilir ki, dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər.
Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır”.
İqtisadçı uşaqlarla bağlı olan müavinətlər haqqında danışarkən bildirib ki, onun müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət, uşağın anadan olmasına görə müavinət, hamiləlik və doğuma görə müavinət kimi növləri var.
Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Bu məzuniyyət günlərində ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq olmamaq şərtilə müavinət verilir.
Buna baxmayaraq uşaq pulu vermək lazımdırmı? Dəfələrlə bu mövzu qaldırılanda bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdim. Hətta bəzi təkliflərimi də qeyd etmişdim. Təəssüflər olsun ki, müsbət cavab ala bilməmişdim. Bəs uşaq pulu verilməyən ölkələrdə, uşaq pulunun əvəzinə hansı meyarlar mövcuddur?! Məsələn, ABŞ təcrübəsinə əsaslansaq orada uşaq pulu verilmir, amma ildə 1000 ABŞ dolları müqabilində vergi güzəşti var. Azərbaycanda uşaq pulu verilməsə də, ABŞ təcrübəsindən istifadə edərək vergi güzəşti tətbiq edə bilər. Bu həm də formal məşğulluğu aradan qaldıra bilər. Bundan əlavə dövlət yeni iş yerlərinin açılması üçün yeni layihələr üzərində işləməklə, əhalinin məşğulluğunu tam bərpa edə bilər”.