Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur. SİA xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə təzəlikcə açılan hərbi hospital da buna nümunədir. Müdafiə Nazirliyi "Tibb işçilərinin peşə bayramı" münasibətilə işğaldan azad olunmuş ərazilərdən birində xidmət göstərən hərbi hospitala mediatur təşkil edib. 250 çarpayılıq hərbi hospital 4 hektara yaxın ərazini əhatə edir.
Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət-buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.
Hərbi hospitalda üçmərtəbəli müalicə diaqnostika korpusu mövcuddur.
Korpusda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb.
Dünyanın inkişaf etmiş ölkələrində istehsal edilən, müasir avadanlıqlarla təchiz olunmuş palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur.
Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.
Hospitalla, xidmət göstərdiyi sahələrlə, xidmətin keyfiyyətiylə yaxından tanış olmaq üçün xəstələrdən və tibbi xidmət personalının fikirləriylə tanış olduq.
Əsgər M.Kərimli: "Hazırda Xocavənd ərazisində xidmət edirəm. Qan azlığından əziyyət çəkirdim. Buna görə bu hospitala yerləşdirildim. Bir həftəyə yaxındır buradayam. Halsızlıq və başgicəllənməm var idi. Müalicəm davam edir. İndi özümü daha yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Yaxın zamanda xidmətimə qayıdacağam".
Tibb xidməti baş leytnantı, terapiya xidmətinin ordinator həkimi N.Həsənovun sözlərinə görə, hal-hazırda şöbədə 10 əsgər müalicə alır: "Onların 9-u əsgər, bir nəfər isə müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Xəstələrin hamısı aşağıdakı qəbul-çeşidləmə şöbəsindən qeydiyyatdan keçir, müvafiq xidməti şöbələrə göndərilir. Hazırda şöbəmizdə ağciyər xəstəliyindən, qan azlığından, nevropotoloji, mədə-bağırsaq xəstəlikləri və s. səbəblərdən yatanlar var. Aşağıda fizioterapiya şöbəmiz mövcuddur. Orada bel ağrıları çəkən əsgərlərimizi qəbul edirik. Xəstələr ağırlıq dərəcəsindən asılı olaraq, 15-20 gün ərzində müalicə olunur, müalicə prosesi bitdikdən sonra ehtiyac duyularsa xəstələrə məzuniyyət verilir, ev şəraitində müalicələrinə davam edilir. Əsasən xəstələrimizdə ağırlaşma halları olmur. Sadəcə bəzi bizim hospitala gətirilən ağır xəstələrimiz olur. Biz onlara ehtiyac olduqda intensiv terapiya bölməsində xidmət göstərməyə davam edirik, təbii ki intensiv nəzarətimiz altında. Vəziyyət stabilləşdikdə müayinə otaqlarına qayıdırlar. Hazırda terapiya şöbəsinə, siyahı üzrə 60 nəfər qəbul edə bilirik. Xəstələr əsasən yay aylarında az olur".
Cərrahiyyə bölməsinin rəisi, Polkovnik-leytenant M.Tarverdiyev: "Hospitalımızda istənilən xarakterli əməliyyatlar icra olunur. Çox ağır xəstələr olduqda ilkin əməliyyat yenə bizim hospitalda icra olunur, daha sonra isə, ehtiyac varsa MN Baş Klinik Hospitalına göndərilir. Xəstənin müalicə-müayinə proseslərinə orada davam edilir. Bakıya göndərilən xəstələr çox az olur, çünki hospitalımızda istənilən xəstənin müalicəsi, əməliyyatı, müayinəsi üçün lazım olan hər cür avadanlıq, şərait və tibb heyyəti var. Lakin bəzi xəstələrin müalicəsi çox uzun müddət çəkir. Bu zaman onlar Bakıya təxliyyə olunur. Dediyim kimi hazırda MN Baş Klinik Hospitalında olan bütün avadanlıqlar bizim Hospitalda da var. Bu vaxta qədər sadəcə 7-8 ağır xəstə Bakıya göndərilib. Onların bəziləri quru nəqliyyat yoluyla, bəziləri də hava nəqliyyatıyla transfer olunub".
Hospitalda xidmət göstərən Baş Çavuş S.Yusifova bildirib ki, o, 2002-ci ildən hərbi xidmətdədir: "Bizim torpaqlarımız 30 il idi ki işğal altındaydı. Ali Baş komandanımızın, mərd əsgərlərimizin, xalqımızın sayəsində torpaqlarımız azad oldu. Bu uğurda şəhid olan bütün əsgərlərimizin, onların analarının qarşısında baş əyirəm. Hazırda işğaldan azad olan, doğma torpağımızda xidmət etmək mənim üçün çox şərəfli bir vəzifədir".
Əsgər C.Emilli: "Bir ildir ki xidmətdəyəm. Hospitala iyun ayının 7-i gəlmişəm, növbəti gün qasıq nahiyyəsindəki yırtıqdan əməliyyat olunmuşam. Hazırda vəziyyətim yaxşıdır, daha da yaxşı olmağa doğru gedirəm. Müalicəm davam edir. Heç bir şikayətim yoxdur. Xidmətdən çox razıyam".
Sonda SİA-ya açıqlama verən hərbi hospitalın rəisi, tibb xidməti polkovniki İ.Əliyev qeyd edib ki, hospital işğaldan azad olunan ərazilərin içində ən böyüyüdür: "Fəsillə əlaqədar olaraq hal-hazırda, əsasən ilan, əqrəb sancmasından, yüngül zədələnmələrdən, xroniki xəstəliklərdən əziyyət çəkən əsgərləri qəbul edirik. Sözügedən və bir çox digər xəstəliyin müayinə-müalicəsi üçün hospitalımızda bütün şəraitlər mövcuddur. Ərazidə hər hansı mina qaynaqlı zədələnmə olarsa həmin xəstə bura gətirilir. Ona ixtisaslaşdırılmış cərrahi yardım göstərilir. Güllə yaralanmaları, kəllə, döş qəfəsi, qarın boşluğu kimi həyati əhəmiyyət daşıyan bölgələrin yaralanmasında da hospitalımızda cərrahi-tibbi xidmət göstərilir. Bunun üçün bütün imkanlarımız, mütəxəssislərimiz mövcuddur. Bizim hospitalın əhatə dairəsinin bir tərəfi Ağdamda, bir tərəfi də Laçındadır. Yəni bu ərazi daxilində yerləşdirilmiş bütün hərbçilərimizin tibbi təminatı bizim öhdəçiliyimizdədir. Transfer üçün helikopterimiz, tibbi maşınlarımız mövcuddur. Bütün bunlarla yanaşı bizim hospitalda reanimobil belə mövcuddur. Həmin maşının içində reanimasiya xidməti üçün hər bir avadanlıq var. Adıçəkilən maşın ehtiyac olduqda xəstələrin transferi üçün istifadə olunur. Bu hospitalda işləmək fədakarlıq tələb edir. Burada çalışmaq özü vətən uğrunda edilən çox böyük bir fədakarlıq deyilmi? Bizim hərbi həkimlər yorulmadan çalışırlar. Bu stimulu isə sadəcə vətənlərinə olan sədaqətlərindən alırlar".
Fazil Mehdixanlı