Bəlkə də bu barədə yüzlərlə dəfə yazılıb, deyilib, çağırış edilib. Lakin bir qulağımızdan alıb, o biri qulağımızdan ötürmüşük havaya. Biz jurnalistlər isə yazmaqdan usanmırıq, qoy yüz birinci, min birinci dəfə də yazaq və deyək. Bəlkə eşidən və əməl edən olar.
Axı nə üçün müəllimlərə hədiyyə verilməlidir? Heç bu barədə düşünən bir valideyn olubmu? Müəllim məktəbdə dərsini deyir, qarşılığında da məvacibini alır. Onları hədiyyələrə şirnikləndirən valideynlərdir. Valideyn hədiyyə verməsə, müəllim necə ala bilər? Valideyn hədiyyə verməsə, müəllim əslində hədiyyə arzusunda olsa da, bunu nə açar, nə də ağardar.
Valideyn komitələrinin başbilənləri heç bilmirlər ki, müəllimlər üçün daha nələr etsinlər ki, onların yanında yaxşı adamlara çevrilsinlər. Bunun üçün də votsapda açdıqları qruplarda başlayırlar valideynlərin zəhləsini tökməyə. Qoy bir sinifdə olsun 2-3 imkanlı valideyn. Qalan valideyn bir dərs ilində dəfələrlə 10-15, 20-30 manatdan yığmalara pulu haradan alıb verməlidir?
Görəsən bu “ənənəyə” nə vaxt son qoyulacaq? Sözün həqiqi mənasında, bu, “ənənədən” də çox özbaşınalıqdır. Nəticələr isə göz önündədir.
Sonuncu hadisəyə baxaq. Valideyn həm pul yığır, həm hədiyyə alır, həm restoranda tədbir keçirir. Üst-üstə gəlin, görün, bunu etmək üçün hər valideyndən nə qədər pul yığılıb? Yaxşı, valideyn daha sonra nə edir? Başlayır əlindəki telefonlarla videolar çəkib sosial şəbəkələrdə paylaşır. Övladlarımızın taleyini tapşırdığımız müəllimlər də rüsvay olur, cəmiyyət arasında hörmətdən düşürlər.
Biz nə edirik? Həmin hadisələri bizimlə bərabər izləyən digər övladımızın taleyini də cəzalandırılan, lakin hələ də fəaliyyətinə davam edən həmin müəllimə həvalə edirik. Hadisələri gözü ilə görən, qarşıdakı illərdə dərketməsi daha da güclənən övladımız isə düşünür ki, bu müəllim o qədər günah etdi, ona heç nə demədilər, budur, bizə dərs deyir. Və belə bir nəticə çıxarır ki, səhv etmək qəbahət deyil.
Beləliklə, uşaqlarda səhv təfəkkürün formalaşmasına səbəb yaradan da biz valideynlərdir. Olmazdı ki, valideyn komitələrinin başbilənləri vəzifələrini yalnız müəllimlərə pul yığmaq üzərində deyil, uşaqlar üçün daha səmərəli işlər üzərində qurardılar? Belə olan təqdirdə bu qədər rüsvayçılıq da olmazdı.
Hələ bu günlər gündəmdə olan hadisə ən sadəsidir. Yüzlərlə bu cür rüşvətxorluq hadisələri var müəllimlərlə valideynlər arasında. Və bunu etiraf edəcək yüzlərlə valideyn də var.
Bu səbəbdən də yenə də valideynlərə çağırış edirik, müəllimlərə hədiyyə verməyin. Qarşıdakı yeni dərs ilindən bunu yığışdırın. Müəllimə hədiyyəniz kitab olsun, bütün sinif şagirdləri adından dəyərli bir kitab. Qoy evində, kitab rəfində qalsın, onunla dərs verdiyi uşaqları xatırlasın.
Müəllimlərə hədiyyə verməyin! Bunun əsl səbəbkarı valideynlər, sizlərsiniz. Müəllimin sizdən hədiyyə istəmək, tələb etmək haqqı yoxdur. Bunu dərk etməyin vaxtı çoxdan ötüb keçib. Gec də olsa, ayılın. Bu yoldan çəkilin. Özünüzü də, müəllimləri də biabır etməyin. Bu ənənəni nəsillərdən-nəsillərə ötürməyin.
Uşaqların beynini zəhərləməyin. Müəllimləri pis öyrədib hədiyyə almayın, pul verməyə imkanı olmayan uşaqlarla onların arasına Çin səddi çəkməyin. Bəsdir! Dövlətimiz müəllim üçün hərtərəfli şərait yaradıb. O, vəzifəsinin icrası üçün məsuldur. Yetərli əmək haqqı alır.
Qulağına sırğa asdıqları müəllimin aqibəti qoy valideynlərin qulağında sırğa olsun. Bəlkə bundan sonra bu əməllərdən çəkinələr...
Mətanət Məmmədova