Dərslər bitdi, amma məktəbdəki DƏRDLƏR bitmir!

16 İyun 2023 11:14 (UTC+04:00)

Məktəblərdə repetitorluq fəlakəti, varlı-kasıb ayrı-seçkiliyi, müəllimləri rüşvətə öyrədən “valideynlər”- bitməyən məktəb dərdləri...

Artıq orta təhsil müəssisələrində dərslər başa çatdı, şagirdlər yay tətilinə qovuşurlar. Hər kəs bilir ki, uşaqlar həmişə yay tətilini beş gözlə gözləyirlər. Əvvəllər məktəblilər məktəb bitən kimi məktəbli düşərgələrinə, istirahət zonalarına yollanardılar. Kəndə, nənə-babasının yanına yollanmaq üçün gün sayan uşaqlar, uşaqlıq illəri qaldı o illərdə...

İndi isə hər şey fərqlidir. İndi də uşaqlar yay tətilini səbirsizliklə gözləyirlər. Amma istirahət düşərgələrinə, kənddəki baba-nənənin yanına yollanmaq üçün yox, məktəbdə onları sıxan proseslərdən can qurtarmaq üçün. İl boyu tədrisin yorğunluğu, üstəgəl müasir tədris proqramlarının uşaq beynini tarıma çəkən ağırlığı, sosial problemlərin məktəbli həyatına olan təsirləri-bütün bunlar onları bir neçə ay dincəlməyə, bu gərginliyi üzərlərindən atmağa tələsdirir. Onlar təkcə tədrisin ağırlığından yorulmayıblar, həm də məktəbdəki yazılmamış "qanunların" bu zərif çiyinlərə yüklədiyi problemlərdən yorulublar. Varlı-kasıb ayrı seçkiliyi, psixoloji əzilmələr hələ yenicə məktəb kəndarından içəri boylanan bu fidan balalara həyatın ilk acı hisslərini yaşadır. İndi yaşamamalı olduqları hissləri elə ilk məktəb pillələrindən yaşayırlar...

Amma uşaqlar tətilə çıxsalar da məktəblərdəki o stress, tədrisdə, bilik öyrənmək yarışından əlavə məktəblini ƏZƏN səbəblər yerində qalır, heç nə dəyişilmir. hətta hər keçən il daha da qabarıq problemə çevrilir.

Bəribaşdan deyim ki, bu yazını sırf məktəblərdi bu acınacaqlı duruma həsr etmişəm. Nə təhsil naziri Emin Əmrullayev, nə təhsi sektorundakı vicdanlı insanlar hədəfim deyil. Məktəblərdəki problemlər on illiklərdir ki belə gəlir və bütün bunların E.Əmrullayevin bir andaca DUR deməsi ilə yoxa çıxacağı heç nağıl dastanlarında yoxdur. Məsəıənin kökü lap dərinlərə gedib çıxır, on illərdir oturuşmuş dərddir. Amma məni narahat edən nazirliyin bu kimi halların aradan qalxması üçün əsaslı, ciddi dəyişiklik yaradan işlər görməməsidir. Məktəb həyatında əksini tapan dəyişikliklər. Həm də pedaqoji düşüncəni dəyişdirəcək addımlar. Hər şey məktəbləri idarə edənlərin şüur və vicdanından asılıdır. Bu birmənalı belədir. Dövlətin milyardlarla vəsait ayırıb gələcək nəsillərin işıqlı gələcəyi üçün heç nəyi əsirgəmədiyi təhsil sistemi, orta məktəblərdə sözün əsl mənasında "can verir".
Acı reallığa baxaq: orta təhsil müəssisələrində lazımsız yükə çevrilən tədris proqramı elə şəkildə hörmətdən düşübmü deyək, hörmətdən salınıbmı deyək, uşaqlar repititor “qucağına” atılır, şagirdlərdən daha çox yazıq valideynlər də tədrisin bitməsini, yay tətilinə çıxmağı səbirsizliklə gözləyirlər. Hər əlavə məşğələnin qiyməti də 60-100 manat arası dəyişir. Ali məktəbləri bir yana qoyuram, eləcə orta məktəblərdə bir uşağın şagird libası geyinib məktəbə yollanması yazıq valideynə il boyu nələr çəkdirir, bir Allah bilir.

İndi yazacaqlarım bütün tədris ili boyu müşahidə etdiyim ACI REALLIQDIR, yaxın oturun, yazdıqlarıma nəzər salın. Gül pulu, şokolad pulu, müəllimənin ad günü, müəllimlər günü, novruz bayramı, məktəbdə tədris ili bitəndə də direktora gül almaq, müəllimə ilə vidalaşmaq - hamısı PULDUR, soyulmaq mərasimləridir! Ən son bir neçə gün bundan əvvəl bir qrup qadın valideynin tədris ilinin bitməsi münasibəti ilə ibtidai sinif müəlliməsi üçün aldıqları qızıl zinyət əşyasını təntənəli şəkildə ona təqdim etmələri sosial şəbəkələrdə güclü müzakirəyə çevrilmişdi. Xüsusi olaraq yazacam: Azərbaycanda məktəbləri “vosmoyun bazarı”na çevirən, müəllimləri rüşvət “atəşinə tutan” sayı heç də az olmayan bir qrup QADIN VALİDEYNLƏRDİR!.

Məhz onlar vatçap sosial şəbəkəsində valideyn qrupları yaradaraq, il boyu müəlliməyə pul yığılması, lazımsız “tədbirlər”ə görə valideynlərin soyulması prosesinin “ideya müəllifləridir.” Bu qadın valideynlər ağına-bozuna baxmadan valideyn qrupunda çağırışlar edir, başqalarının sosial vəziyyətini, imkanlarını nəzərə almadan pul verməyənləri açıq şəkildə hədələyir, psixoloji olaraq təhqir edirlər. Bu tipli kütbeyin insanlar anlamır ki, onların uşaqları ilə eyni partada oturan digər imkansız uşaqları dəhşətli psixoloji terrora məru qoyurlar, o uşaqları elə bəribaşdan parta arxasında “sındırırlar”. Valideynlərinin imkansızlığına görə pərt olan bu uşaqlarda həyata qarşı böyük nifrət hissi, tədrisdən daha çox nəyin hesabına olursa olsun varlı olmaq, başqalarından geri qalmamaq və məktəb partasında yaşadıqlarının qisasını almaq düşüncəsi yaranır. Təhsilə maraq, bilik öyrənmək istəyi getdi işinin dalınca.

Bu körpə fidanlar elə birinci siniflərdəcə həyatın amansız silləsi ilə üz-üzə dururlar. Məktəbi bazara çevirən o qadın valideynlərlə yanaşı, onların rüşvət təşəbbüsündən məmnun olan bəzi müəllimlər də məsuliyyət daşıyırlar təhsilin fəlakət günə qalmasında. İndi gəl cərgədən geri qal. Uşağının sinifdə üzləşəcəyi psixoloji təzyiqləri, əsasən qadın valideynlərin yaratdıqları vatçap qrupunda barəndə deyilənləri gəl həzm elə.

Orta məktəblər artıq təhsil əvəzinə psixoloji həbsxana cəngəlliyinə çevrilib gedir. Bu gün məktəblərdə bilik diapozonunu artırmaq əvəzinə zehni çöküşünü gücləndirən lazımsız tədris proqramından canını qurtarmaq üçün çırpınan şagird kütləsi yetişib. Formal və lüzumsuz hala gətirilən tədris proqramı. Bu gün sosial ayrı seçkiliyin acı kədəri ilə əzilən bu uşaqlar artıq həyata əzik, nifrət dolu kütlə kimi yetişirlər. Sanki bilik vermək üçün deyil, ata-anasının sosial statusuna görə mühakimə olunmaq üçün siniflərə, məktəb dəhlizlərinə toplanır bu uşaqlar. Bunu edənlər qəti fərqinə varmırlar ki, gələcək üçün olduqca təhlükəli, düşüncə baxımından şikəst nəsil yetişdirirlər. Sənin formal, quru vətənpərvərlik mühazirələrin o sosial ayrı-seçkilik ucbatından psixoloji əzilmə altındakı uşaq üçün külək vızıltısından başqa heç nə olmur. Çünki danışdığınla əməlin arasında BÖYÜK UÇURUM var ortada...

Dövlətin tədrisi qalır qıraqda, birinci sinif müəlliməsi "repitetorluq biznesinə" girişir. Axı hələ parta arxasında yerini isitməmiş bu uşaqları sanki universitetə hazırlaşan abuturiyent kimi repititorluq uçurumuna yuvarlatmaq onları bilə-bilə məhv etmək deməkdir, onların məktəb, müəllim haqqındakı xəyallarını elə birinci gündən dəfn etməkdir. Yəni bu dərəcədəmi kütbeyin "pedaqoji idarəçilik" dərəsinə yuvarlandıq?.

Burada məktəblə yanaşı valideyn məsuliyyətsizliyi də ön plandadır. Əksər valideynlər uşaqlarla məşğul olmaq, onlara dost kimi davranıb ən azı bildikləri səviyyədə dərslərində yardımçı olmaq, bu körpə fidanlara ƏSL VALİDEYNLİK SEVGİSİ AŞILAMAQ ƏVƏZİNƏ "boğazlarından kəsib" göndərirlər əlavə məşğələlərə.

Vatçapda, tik-tokda, instaqramda saatlarla manyak kimi vaxt itirən, lazımsız görüntülərə baxmaq üçün sosial şəbəkələrdə eşələnən valideynlərədir sözüm. Öz övladınla vaxt keçirsən, bildiklərini ona öyrətsən, ona heç nə ilə əvəz olunmayan valideyn sevgisi göstərsən, gör yetişdirəcəyin uşağın düşüncəsi, həyata baxışı, ən əsas da valideyn sevgisi ilə qızınan ürəyi onu gələcəkdə necə insana çevirir. Gəlin vaxt itirmədən əsl valideyn sevgisini yaşadaq fidan balalara, gəlin ad günlərində, bayramlarda məktəbləri rüşvət epidemiyasına çevirməyək, gəlin iyirmi birinci əsrdə “danabaş kəndinin əhvalatları”nda, “poçt qutusu”nda olduğu kimi gerizəkalı cəmiyyət girdabında çapalamayaq, gəlin məktəbi bilik, təhsil, işıqlı gələcək ocağına çevirək, gəlin.. gəlin Azərbaycan üçün

işıqlı insanlar yetişdirmək üçün çalışacaq. Bizim gələcək taleyimiz bu gün parta arxasında oturan GƏLƏCƏK AZƏRBAYCANLILARDAN ASILIDIR, unutmayaq!

Mətləb Salahov