Bərdədə konfrans: Milli Qurtuluşdan tərəqqiyə

14 İyun 2023 22:44 (UTC+04:00)

Bərdədə "Heydər Əliyev İli" çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan tərəqqiyə” adlı konfrans keçirib. Bərdə Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə keçirdiyi tədbirdə şəhid anaları, qazilər, Ulu Öndər Heydər Əliyevlə görüşmüş əmək adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsini ehtiramla yad ediblər. Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və rayon icra hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev konfransda çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Milli Qurtuluş Gününün əhəmiyyətindən, qurtuluşdan tərəqqiyə gedən yolda əsas amillərdən danışıblar. Bildirilib ki, xalq-iqtidar birliyinin möhkəmliyi dövlət müstəqilliyinin möhkəmləndirilməsinin əsas sütunudur.

Konfransda Ulu Öndər Heydər Əliyevlə görüşmüş Tərlan Musayeva, Ədibə Əhmədova, Radə Məmmədova, Zərnigar Quliyeva, şəhid anası İsbət Hətəmova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov və başqaları çıxış edərək, Milli Qurtuluş Gününə aparan ağır və çətin dövrdən, Azərbaycanın bugünkü inkişaf və Zəfər yolundan bəhs ediblər.

Tədbirdə YAP-a yeni üzv olmuş şəxslərə vəsiqələr, şəhid analarına və Ulu Öndər Heydər Əliyevlə görüşmüş əmək adamlarına hədiyyələr təqdim olunub.