Qarabağa qayıdış prosesi necə davam etdirilir? - POLİTOLOQ DANIŞDI

14 İyun 2023 14:45 (UTC+04:00)

"Qarabağın və Şərqi Zəngəzurun tikinti-bərpası və yenidənqurulması sürətlə inkişaf edir. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, yuxarıda sadalananlar Azərbaycanın vətən müharibəsində qazandığı tarixi qələbənin qürur dolu, fəxarət dolu nəticəsidir: "Keçmiş məcburi köçkünlərimiz uzun illərdir, həsrətlə bu günü gözləyirdilər. Azərbaycan öz siyasi iradəsi, qətiyyəti və prinsipiallığı ilə keçmiş məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura qayıdışını təmin edir. Eyni zamanda qeyd etməliyik ki, qayıdış prosesində əsas maneə, əngəl ərazilərin minalanmasıdır. Ermənistan 30 illik işğal dövründə, piyada və tank əleyhinə minaları əraziyə basdırıb və məhz Qarabağ və Şərqi Zəngəzur dünyanın ən çox mina olan ərazisi hesab olunur. Əsas prioritet bölgəyə təhlükəsiz şəraitdə qayıdış konsepsiyasının reallaşdırılmasıdır. Artıq gözlənilən nəticələr əldə olunur. Zəngilanın Ağalı kəndi, Laçın şəhəri və Talış kəndinə də qayıdış baş tutmuşdur".

Politoloq bildirir ki, ümumilikdə ilin sonuna qədər 10 minə yaxın keçmiş məcburi köçkünün qayıdışı nəzərdə tutulur və planda Füzuli də var: "Bütün bunlar Azərbaycanın qayıdış prosesini sürətli şəkildə həyata keçirdiyinin göstəricisidir. Bölgədə beynəlxalq standartlara cavab verən Zəngilan və Füzuli hava limanının açılışı, avtomobil yolu şəbəkəsinin tikilməsi, zəruri infrastrukturun qurulması, məşğulluq probleminin həll olunması, səhiyyə, təhsil kimi məsələlərə diqqət ayrılması da dövlətin əsas prioritetidir".

Fazil Mehdixanlı