“Təhsil Azərbaycanda ən böyük sahədir. Təkcə Elm və Təhsil Nazirliyinə bağlı 5300 qurum var. Yəni ən böyük kontingent də məhz bu nazirliyə məxsusdur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, təbii ki, təhsildə də müəyyən problemlər var və onları bir neçə qrupda birləşdirmək olar: “Valideynlər arasında apardığımız sorğu nəticəsində məlum olub ki, ən ciddi məsələ təhsilin keyfiyyəti ilə bağlıdır. Bu istiqamətdə valideynlər çox narahat və narazıdırlar.
Orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti o qədər də ürəkaçan deyil.
Təhsilin idarə olunması ilə bağlı da ciddi problemlər var. Vətəndaşlar öz problemlərini Elm və Təhsil Nazirliyinə çatdıra bilmirlər, vətəndaş müraciətlərinə baxılmır. Xüsusilə də Elm və Təhsil Nazirliyində rəhbər postlara işə qəbulu şəffaf, obyektiv və ədalətlə görə bilmirik. Ali təhsil müəssisələrinin əmək bazarının tələbinə cavab verən kadr hazırlaması məsələsi də ciddi problemdir. Bu baxımdan çox təəssüflər olsun ki, ali təhsil müəssisələrində ciddi nöqsanlar mövcuddur.
Digər bir məsələ isə məhz dərsliklərlə bağlıdır. Dərsliklər şagirdlərin psixologiyasına uyğun deyil.
Hazırda bağçalarda da rəhbər vəzifələrə qəbulla bağlı problemlər hökm sürür. Uşaqlar tam şəkildə bacarıqlara yiyələnə bilmirlər.
Eyni zamanda qrant layihələrin verilməsi də şəffaf deyil. Kimlərəsə pul bəxş etməkdən başqa bir işə yaramır.
Bütün sadaladıqlarım təhsil sistemindəki problem kimi qeyd oluna bilər”.