Azərbaycanın tərəqqisi Ümummilli Liderin adı ilə bağlıdır

13 İyun 2023 21:15 (UTC+04:00)

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyunun 13-də YAP Nizami rayon təşkilatı tərəfindən “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, YAP-ın mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin xorunun ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin tarixi xilaskarlıq fəaliyyətindən bəhs edən “Milli dövlətçiliyimizin xilaskarı” adlı videoçarx nümayiş olunub.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirib. Azərbaycanın hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən, dahi rəhbərin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışıb. YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov qeyd edib ki, bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli Məclisin deputatı Rasim Musabəyov çıxışında diqqətə çatdırıb ki, Azərbaycanın inkişafına yönəlmiş siyasətin təməlini qoymuş Ulu Öndər Heydər Əliyev xalqımıza böyük nailiyyətlər qazandırıb.

Konfrans Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin konsert proqramı ilə baş çatıb.