2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Oyunlarında yeni kateqoriya kimi yerini tutmağa hazırlaşan breyk rəqsi üçün meydanlar qızışır.
Dünyanın ən yaxşı breyk ifaçılarını müəyyən etmək üçün 30-dan çox ölkədə təşkil edilən “Red Bull BC One Cypher”in Türkiyə finalı İstanbulda keçirilib. Alan Kadıköy Mədəniyyət Mərkəzində təşkil edilən Türkiyə səhnəsində “B-Boy Jester” və “B-Girl Mer-C” çempion olublar. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Türkiyə finalının çempionları 2023-cü ilin oktyabrında Parisdə keçiriləcək yarışda “Ən yaxşı breyk ifaçısı” adı uğrunda mübarizə aparacaq.
Hip-hop küçə mədəniyyətinin mühüm parçalarından biri sayılan, dinamik və akrobatik rəqs janrı olan “Break dans” ötən əsrin 70-ci illərindən ABŞ-dan başlayaraq yayılıb və qısa müddətdə bütün dünya gənclərinin marağına səbəb olub.
Son illər həm rəqs, həm də idman növü kimi gündəmə gələn breyk rəqsi Beynəlxalq Olimpiya Komitəsinin təsdiqi ilə 2024-cü il Paris Olimpiya Oyunlarında ilk dəfə yeni kateqoriya olaraq yerini almağa hazırlaşır.
İndiyə qədər küçə rəqsi sayılan “Break dans” 2018-ci ildə Argentina Gənclər Olimpiadasında böyük marağa səbəb olduqdan sonra olimpiya qolu kimi nəzərə alınıb.