Uşaqlarımız o zaman sağlam böyüyür ki, doğulduqları ilk gündən ana südü ilə qidalandırılırlar. Ta qədim zamanlardan ailə dəyərlərimizdə özünəməxsus yeri olan ənənələrdən biri də ananın övladını öz südü ilə qidalandırmasıdır. Bəzi xarici ölkələrdə hansı bir ananınsa körpəsini qidalandırmaqdan imtina etdiyini eşitdikdə hər zaman bizə qəribə gəlirdi və “bu, mümkün olan məsələdirmi?”,- deyirdik.
Lakin ağlımıza belə gətirmirdik ki, zaman gələcək, bizdə də körpəsini qidalandırmaqdan imtina edən analar olacaq və getdikcə onların sayı artmağa başlayacaq. Hazırda ən aktual və gülünc olan məsələni isə əsla ağlımıza gətirməzdik ki, gün gələcək, ana övladına “fiqurasının” pozula biləcəyi səbəbindən süd verməkdən imtina edəcək.
Həqiqətən də müasir dövrümüzdə insan elə hadisələrlə qarşılaşır ki, heyrət içərisində qalır. Bunların başında isə ana südü ilə qidalandırma dayanır. Ana nə üçün körpəsini qidalandırmaqdan boyun qaçırır, nə üçün süni qidalara maraq daha çoxdur? Nə üçün ailə büdcəsinin yarıdan çoxu körpələrin qidalandırılması üçün xərclənir?
Belə olanda isə ata “südü” məfhumu da meydana çıxır. Və belə bir sual doğurur: ana südü, yoxsa ana “südü”? Bütün bunlara nəzər salaq.
Nədir ana “südü”?..
Təbii ki, süni qidalardır. O süni qidalar ki, bunun yükünü qoyuruq ataların üzərinə. İşlədi-işləmədi, qazandı-qazanmadı, maddi vəziyyəti bu yeməkləri almağa imkan verdi-vermədi, artıq uşağın qida məsələsi atanın üzərində olur. Buna şərait yaradan isə düşüncəsiz analar, onları maarifləndirməyi bacarmayan böyükləri-anaları və qayınanalarıdır.
Biz əgər ana olacaq qızımızı, gəlinimizi düzgün məlumatlandıra biləriksə, necə deyərlər başa salarıqsa, o, ana südünün nə qədər dəyərli olduğunu da vaxtında dərk edər. Beləliklə də doğum mərkəzlərində günlərlə uşaqları analardan kənar saxlamağın da qarşısı alınar, keysəriyyə əməliyyatına meyl də azalar. Nə üçün? İzahı belədir ki, əgər qadın keysəriyyə əməliyyatına üstünlük verirsə, onu bəri başdan bilsin ki, övladını sərbəst şəkildə qidalandıra bilməyəcək. Günlərlə özünə gələ bilməyən ana xəstəxanadan çıxana, normal həyata qayıdanadək uşağın başına elə oyunlar açılacaq ki, o, anaya yaxın durmayacaq. Süni yeməklərlə asanlıqla qarnını doyuran körpə özünə əziyyət verib anadan süd əmərmi?
Bu səbəbdən də birinci olaraq, qadınlar keysəriyyə əməliyyatından uzaq durmalıdırlar. Bu əməliyyatla uşaqlarına nə qədər ziyan vurduqlarının fərqində olmayan analar kütləvi şəkildə həmin üsulu seçirlər. Bu seçim illər sonra özünü göstərir, onda isə gec olur.
İkincisi, xəstəxanalarda uşaqları vaxtı-vaxtında ananın yanına gətirmirlər. Belə olan halda körpənin anası bir qədər tələbkar olmalı, uşağı əmizdirmək üçün tələb etməlidir. Doğuşdan az sonra əmizdirmə uğurla nəticələnir. Həm ananın südünün artmasına, həm də körpənin anaya bağlanmasına şərait yaradır. Ona görə də qadınlar doğuşdan əvvəl elə maarifləndirilməlidir ki, xəstəxanalarda baş verən bu kimi hadisələrə gözüaçıq yanaşa bilsinlər. Əks təqdirdə artıq evə buraxılanda onlar südlərinin olmamasından gileylənəcək və belə olanda isə ata “südü”nə ehtiyac yaranacaq.
Qadınlar var ki, bu məlumatları haradan alırlar, bilmirəm, süd verməklə formadan çıxacaqları onları qorxudur. Bu səbəbdən də körpələrinə süd verməkdən imtina edirlər. Səbəb isə onu qoyurlar ki, südüm yoxdur və ya azdır. Bir gün, iki gün, üçüncü gün uşaq qalır ata “südü”nün ümidinə.
Atanın isə qayğıları çoxalır. Aylıq ən azı 500-600 manat əmək haqqı alan ata uşağın ehtiyaclarını qarşılamaqla üz-üzə dayanır. Günlük bezlər, cəmi 3-5 günə yetən qida, lazım olan dərmanlar, həkimə get-gəl və sair atanın qayğılarına çevrilir. O, aldığı əmək haqqı ilə bütün bunların öhdəsindən gəlməyə çalışır, lakin gələ bilmir. Belə olanda isə ailədə söz-söhbət yaranır. Boşanmaların bir səbəbi də elə bu olur. Qadın özünü çəkir bir kənara, əsla günahkar saymır. Kişi isə qalır problemlərlə üz-üzə. Söz-söhbət yarananda isə qadın yenə də anlamır ki, axı mən körpəmi qidalandırsaydım, heç bu söz-söhbət, problem də yaranmazdı. Həm ailəsinə, həm də körpəsinə zərər vuran qadın günahkardır, həm də çox günahkardır.
Mütəxəssislər nə qənaətdədir?..
Mütəxəssislər bildirilər ki, tibbin araşdırmaları, qayda-qanunları var. Həmin qanunlarda göstərilir ki, hər yüz nəfər dünyaya uşaq gətirən ananın ikisində bu və digər səbəbdən südün çatışmazlığı ola bilər. Buna tibdə hipoqalaktiya deyilir. Bu gün Azərbaycanda anaların cəmi 50 faizi 1 yaşa qədər öz övladlarına süd verir, bu yaşdan sonra faiz kəskin azalır. Bu zaman belə nəticə hasil olur ki, anaların 50 faizi süd verir, 50 faizi süd vermir. Süd verməyənlərin 2 nəfərini obyektiv səbəblərdən çıxırıq. Məlum olur ki, dünyaya uşaq gətirən 100 anadan 48-i əsassız olaraq körpəsinə süd verməkdən imtina edir. Bu paradoksal səbəbdir. Əslində ana qədər övladını istəyən ikinci şəxs ola bilməz. Eyni zamanda, onun doğma anası bilərək balasının sağlamlığına laqeyd yanaşır və ona süd vermir. Bizim vəhşi saydığımız şir, pələng, canavar öz balasına başqa canlının qidasını heç vaxt verməz. Ana isə bunu edir...
İnsan dərk etməlidir ki, süd vermədiyi körpəsinin hüquq və haqlarını kobudcasına pozur, sağlamlığına qəsd edir. Görün nə qədər məntiqsiz addımdır.
Digər tərəfdən, hazırda uşaqlar bir çox inkişaf qüsurları ilə üz-üzədir. Bu da gələcəkdə valideyn üçün problemə çevrilir.
Hansısa rəfiqənin “süd versən fiquran pis olacaq”, “kökələcəksən”, “sinən gözəl görünüşünü itirəcək”, “yoldaşının sənə istəyi azalacaq” və s. kimi fikirlərinə uyaraq öz balasına süd verməkdən imtina edən analar çoxdur. Onlar dərk etmir ki, əslində süd verməyin 50 faizi uşağa, 50 faizi qadına xeyirdir. Süd verən ananın orqanizmi baharda açan çiçəklər kimi təzələnir. Ümumiyyətlə, qadın hər dəfə uşaq dünyaya gətirəndə orqanizmi təmizlənir. Bu da ananın qazancıdır. Doğmayan qadınlarda müxtəlif xəstəliklər, o cümlədən döş xərçəngi riski çoxdur. Nəzərə almaq lazımdır ki, süd verməyən qadının döş xərçənginə yoluxma riski süd verənlərə nisbətdə 7 dəfə artıqdır. Bunların bilərək riayət etməmək insanın öz günahıdır.
Süni qidaların qiymətinə gəlincə...
Qəti şəkildə məqsədəuyğun olmayan süni qidalardan çox təəssüf ki, bu gün minlərlə uşağa yedirdilir. Bu qidalar bütün market və apteklərdə satılır. Sözsüz ki, süni qidaları qazanc vasitəsinə çevirənlər də var, illərdir, öz bizneslərini bu qidalar üzərində quranlar da var. Bu, məsələnin digər tərəfidir. Necə deyərlər, ağlın var, alma, körpənə yedirtmə.
Lakin biz məsələyə çox ağılsızlıqla yanaşır, həmin qidaları market və apteklərdən daşıyaraq “canımdan artıq sevirəm” dediyimiz körpəmizə yediririk. Tərkibinin nə olduğunu, necə hazırlandığını, hansı şəraitdə istehsal olunduğunu bilməyə-bilməyə alır, gətirir və qutu-qutu istifadə edirik.
Ana bütün qidalarla zəngin, öz uşağının orqanizminə uyğunlaşdırılmış südünün əvəzinə, bütün uşaqlar üçün olan bu qidalara düşünmədən üstünlük verir. Qidaların qiyməti isə od tutub yanır. Xətai metrosu ətrafında olan market və apteklərdə onlardan bir neçəsi ilə tanış oldum. “Kabrito” adlı süni yenək uşaq qidalarının ən bahalısıdır. Aptekdə bu qidanın 800 qramlıq qablaşdırmasının qiyməti 96, 400 qramlığı isə 55 manat 50 qəpikdir. Marketdə isə 1,2,3 nömrəli bu yeməyin hər biri 800 qramlıq qablaşdırmada 111 manatdır. “Friso1” marketdə 17.99 (kiçik ölçü), 34.49 ( böyük ölçü) manat, aptekdə 16.50, aptekdə 31 manatdır. “Aptamil”ə, “Hip”ə marketdə rast gəlmədim. Aptekdə “Aptamil”in qiyməti 21.40, “Hip”in isə 13 manat idi. Təbii ki, həm marketdə, həm də apteklərdə yeməklərin qablaşdırmasına və nömrələrinə görə qiyməti də dəyişir. Yəni uşağın ilk aylarında qidası bir qədər ucuz başa gəlirsə, qarşıdakı aylarda daha da bahalaşır.
Hələ sonrakı aylarda həkimlər bu qidaların köməkçilərini, çaylarını, peçenyelərini də qida rasionuna əlavə edirlər ki, bu da üst-üstə daha baha başa gəlir.
Kiçik bir araşdırma edərək belə qənaətə gəldik ki, apteklərdən süni qidaların alınması marketlərə nisbətdə ucuz başa gəlir. Bunu yəqin ki, həmin qidaların daimi alıcıları yaxşı bilirlər. Bilməyənlər də bilsin ki, bu qidaları apteklərdən 3-5 manat aşağı qiymətə almaqla ay ərzində bir qutu yeməyə qənaət etmiş olarlar. Bu da ana südündən məhrum etdikləri övladlarının barı doyunca yeməsinə şərait yaradar. Onsuz da süni qidaların heç bir tutumu yoxdur. Uşaq bir yandan yeyir, bir yandan acır. Tərkibində nə olduğu mütəxəssislərin araşdırması məsələ olsa da, onu deyə bilərik ki, bəli, bu qidalarda aclıq hissi yaradan nələrsə var. Bu da sözsüz, “al ki, alasan” prinsipinə hesablanıb.
Süni qidalara, yox, deyək!
Körpənin ana südü ilə əmizdirilməsi 50 faiz uşaq üçün əhəmiyyətlidirsə, 50 faiz də ana üçün faydalıdır. Belə ki, ana südü ilə qidalandırma ilkin olaraq körpəni qulaq infeksiyalarından, ishal, pnevmoniya və digər xəstəliklərdən qoruyur. Döş xərçəngi, yumurtalıq xərçəngi və diabet riskini azaltmaqla həm də analar üçün faydalı olur?
Uzun müddət ana südü ilə qidalandırma uşağı orta qulaq, boğaz və sinus infeksiyalarından, həmçinin çoxsaylı tənəffüs və mədə-bağırsaq xəstəliklərindən qoruyur. Hətta 6 ay ərzində yalnız ana südü ilə qidalanan körpələrdə ciddi soyuqdəyməyə məruz qalma, eləcə də qulaq və boğaz infeksiyalarına tutulma, ani körpə ölümü sindromu, astma, atopik dermatit və ekzema, diabet, leykozun yaranması riski daha az olur.
Ana südü ilə qidalanma sağlam çəki artımına kömək edir və piylənmənin qarşısını alır. Araşdırmalar göstərir ki, 4 aydan çox ana südü ilə qidalanma körpənin artıq çəki və piylənmə riskini əhəmiyyətli dərəcədə azaldır. Bu, müxtəlif bağırsaq bakteriyalarının inkişafı ilə əlaqədar ola bilər. Ana südü ilə qidalanan körpələrdə çox miqdarda faydalı bağırsaq bakteriyası var ki, bu da yağların depolanmasına təsir edir. Ana südü ilə qidalandırılan körpələrin orqanizmində süni qida ilə qidalanan körpələrə nisbətən daha çox leptin var. Leptin iştahanı və yağ yığımını tənzimləyən əsas hormondur.
Ana südü uşaqların zehni inkişafına təsir edir. Araşdırmalar nəticəsində müəyyən olunub ki, ana südü ilə qidalanma körpələrin uzunmüddətli beyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Həmçinin ana südü ilə qidalanan körpələr daha yüksək intellektə malik olur və böyüdükcə öyrənmə çətinliyinə, eləcə də davranış problemlərinə daha az məruz qalırlar.
Dünyada hər 10-cu qadın süd vəzisinin xərçəngi və uşaqlıq boyunun xərçəngindən əziyyət çəkir və bu, dünyada qadın ölümünə səbəb olan xəstəliklərin ilk sıralarındadır. Məhz Azərbaycan qadınlarında da bu xəstəliyin olması və yayılması ürəkaçan deyil. Dünya təcrübəsi göstərir ki, süd vəzisi xərçəngini ilkin mərhələdə aşkarlamaqla, onun gələcək inkişafının qarşısını almaq mümkündür. Bu xəstəlik və ümumiyyətlə, cəmiyyət arasında belə xəstəliklərə qarşı maarifləndirmə işləri aparılmalıdır. Maarifləndrmənin əsas məqsədi odur ki, həmin xəstəliyin ilkin nəticələrini aşkar edən qadın həkim müayinəsindən keçir və xəstəlik erkən dövründə aşkarlandığı üçün müalicə olunur. Körpəsini ana südü ilə qidalandıran qadınlarda bu xəstəliyin olma təhlükəsi digər süd verməyən qadınlara nisbətən azlıq təşkil edir. Odur ki, UNİSEF ana südü ilə əmizdirmənin təbliği ilə bağlı çox böyük işlər aparır. Bu təbliğatı evdə, iş yerində, xəstəxanalarda hər kəs gənc qadınlar üçün aparmalıdır ki, onlar özlərini hansı təhlükə ilə üz-üzə qoyduqlarını anlasınlar. Həm özlərini, həm də körpələrini xilas etsinlər.
Kişilərin qürurunu sındırmayaq!
Beləliklə, ana südü ilə qidalandırma həm uşaq, həm də ana üçün faydalıdır. Yaxşı olar ki, gənc analar fiqura, görünüş məsələlərini bir kənara qoyub bu barədə düşünsünlər. Bir də ataları düşdükləri və düşəcəkləri çətinlikdən xilas etsinlər. Ailə büdcəsini nəzərdən keçirib, ataların dediyi kimi, ayaqlarını yorğanlarına görə uzatsınlar.
Bir kişinin uşağına yemək ala bilməməsi bir qadının yanında qürurunun sınması deməkdir. Ailədə üzüqara olması deməkdir. Borc aldığı, iş yerində avans götürdüyü insanların yanında sınması deməkdir. Tanış marketlərdə adını yazdırıb nisyə yemək alması onun qarşısındakının yanında məhvi deməkdir.
Əziz qadınlar, analar, ana olacaq qadınlar, bütün bunları oturub əməlli-başlı düşünmək vacibdir. Ailələrimizin dağılma səbəblərindən biri olan maddi vəziyyəti daha da kəskinləşdirməyə çalışmayın. Övladlarınızı öz südünüzlə qidalandırıb ailə büdcəsinə qənaət etmək, ən əsası isə ata “südü”nə ehtiyac olan uşaqların ehtiyacını ödəməklə həm körpənizi, həm də həyat yoldaşınızı qorumaq bir qadın kimi hər birinizin borcudur. Çünki “südüm yoxdur” deyilən bir məsələ yoxdur. Ərincəklik, səhv düşüncə, aldanmaq, biganəlik var. Bunlara “yox!” deyib uşaqlarınızı iki yaşınadək əmizdirin. Bu zaman həm həyatın, həm də özünüzün daha da gözəlləşdiyini görəcəksiniz.
Mətanət Məmmədova