“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Ulu öndər Heydər Əliyevin uşaqlarımız haqqında söylədiyi bu dəyərli fikirlər bu gün də öz təsdiqini tapmaqdadır. Çünki hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan 45 nömrəli körpələr evi-uşaq bağçasına üz tuturuq. Şən musiqi sədaları ətrafa yayılıb. Uşqaqlar deyir, gülür, əylənirlər.
Gələcəyə yol bizim bağçadan keçir,
Bağçamız, bağçamız, nə qəşəngdir bağçamız,- deyə uşaqlar oxuyurlar.
Onlara yaxınlaşırıq. Raul, Humay, Uğur, Aynar və başqaları 45-ci məhəllədə yerləşən bu gözəl məkanı çox xoşladıqlarını, günlərinin maraqlı, əyləncəli keçdiyini, yeməklərinin dadlı olduğunu söyləyirlər. Bağçanın foyesində dövlətə, dövlətçiliyə, şəhidlərimizə aid guşələr diqqətimizi çəkir. Bu tərbiyə ocağı həmçinin səliqə-sahmanı, zövqlə tərtibatı ilə xüsusi zövq oxşayır. Qrupları gəzirik. Körpə fidanlar üçün yaradılan şəraitdən çox məmnun qalırıq. Bu səbəbdəndir ki, övladları sağlam və təhlükəsiz mühitdə böyüməsinə valideynlər məhz bu sevimli məkanı seçirlər.
Bəli, burada uşaqların hərtərəfli inkişafı üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb. Həm balacaların sağlamlığının qorunması, həm onların təhlükəsiz mühitdə böyüməsi, həm də fiziki inkişafını təmin etmək üçün lazımi tədbirlər həyata keçirilir.
Bağçanın müdiri Ruhiyyə xanım Məhərrəmovanın dedikləri:
- 1968-ci ildən fəaliyyət göstərən bağçamız həmişə nümunəviliyi ilə seçilib. Əvvəllər bağçaya rəhbərlik etmiş təcrübəli pedaqoq Nazilə Ağayevanın bu təlim-tərbiyə ocağının inkişafında əməyi danılmazdır. Hazırda burada 220-dən çox fidan tərbiyə alır. 12 qrup fəaliyyət göstərir. 60-dan yuxarı müəllim və texniki işçimiz var. Onlar uşaqlara diqqət və qayğı ilə yanaşır, hər bir ehtiyaclarını ürəklə qarşılayırlar. Həmçinin bağçada uşaqlar üçün ad günü şənliyi, bayram tədbirləri, gəzintilər və ekskursiyalar da təşkil olunur.
Bu yaxınlarda Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bağçada möhtəşəm tədbir keçirilib. Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullaiyeva tədbirdə iştirak ediblər. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bağçanın həyətində, açıq havada böyük bir coşqu ilə bayram qeyd olunub. Daha möhtəşəm tədbir isə Sumqayıt Dövlət Dram Teatrında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən təşkil edilmiş, şəhər rəhbərliyinin və şəhərin qonaqlarının iştirakı ilə baş tutub. Bağçanın fidanları “Zəfərin mübarək, Vətən” adlı maraqlı, musiqili kompozisiya ilə hər kəsi sevindiriblər. Vaxtilə baxçada tərbiyə almış, ind isə İkinci Qarabağ müharibəsi qazisi baş leytenant Təbriz İlham oğlu Əsgərov, baş leytenant Baris Məsim oğlu Novruzlu, hal-hazırda bağçada tərbiyə alan Nahid Abbasovun oğlu Cavad Abbaslı üç rəngli bayrağımızı səhnədə simvolik qurulmuş Şuşa qalasına sancıblar. Qazilərimiz bütün çıxış edənlərlə birgə toplaşaraq şəhid övladı Cavad Abbaslının söylədiyi “Mən atamla fəxr edirəm” şüarı ilə tədbiri yekunlaşdırıblar.
Qeyd edək ki, uşaqların təhlükəsizliyini təmin etmək üçün istər bağçanın daxilində, istərsə də, həyatyani sahədə müşahidə kameraları quraşdırılıb. Bu da valideynlərə böyük güvən verir. Bu, həmçinin daxili nəzarətimizə də böyük dəstəkdir. Bununla biz həm daxildə baş verən prosesləri izləyir, eləcə də bağçaya kənar şəxslərin daxil olmasının qarşısını alırıq.
Bu tərbiyə ocağında sanitar-gigiyena qaydalarına uyğun olaraq ayda bir neçə dəfə dezinfeksiya işləri həyata keçirilir. Uşaqların sağlamlığını qorumaq üçün atılan digər addımlardan biri də gündəlik həkim müayinəsi və pediatr nəzarətinin olmasıdır. Bundan əlavə, bağça psixoloq və loqoped xidməti ilə də həmişə balacaların qayğısına qalır.
Uşaqların sağlam inkişafı üçün onların düzgün qidalanmasına xüsusi diqqət ayırılır. Bağada ərzaqların keyfiyyətinə ciddi nəzarət olunur: Ərzaqlar həkim nəzarətindən keçdikdən sonra mətbəxə daxil olur. İstər ərzaqların saxlanılması, istərsə də, hazırlanma texnologiyasına daimi həkim tərəfindən ciddi nəzarət olunur. Mövsümə uyğun olaraq menyuya dəyişikliklər edilir.
Uşaqların inkişafının normal, ahəngdar davam etməsi baxımından gün rejimi olduqca önəmlidir. Məhz buna görə də bağçada uşaqların qidalanma zamanı, gəzinti və yuxu vaxtları, məşğələ və fiziki fəaliyyətləri, oyunları, eləcə də ekskursiyaları düzgün təşkil edilir.
Təlim-tərbiyə prosesində uşaqlarla bir sıra məşğələ fəaliyyəti həyata keçirilir. Bunlar sadə riyazi təsəvvürlərin inkişafı, savad təlimi, nitq inkişafı, bədii ədəbiyyat, təsviri fəaliyyət, fiziki inkişaf və sairə kimi məşğələlərdir. Bu məşğələlər vasitəsilə, uşaqların ətraf aləm haqqında bilikləri, estetik zövqləri formalaşır, bədii yaradıcılıqları önə çıxır. Buradakı məktəbə hazırlıq proqramı Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına tam uyğundur. Bağçaya bu yaxınlarda Nazirlik tərəfindən xeyli sayda əyani vəsaitlər təqdim olunub.
Ruhiyyə xanım uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçımız cənab İlham Əliyevə, birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya kollektivi adından öz dərin minnətdarlıqlarını bildirdi. Eləcə də körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi səmimi münasibətə görə Sumqayıt şəhər rəhbərliyinə, Abşeron-Xızı Regional Təhsil İdarəsinə sonsuz təşəkkürlərini, minnətdarlığını ifadə etdi.
Sevgi dolu məkandan ayrılarkən hər yanı çal-çağır bürümüşdü. Gül balalarımız, al-əlvan geyinmiş körpə fidanlar yüksək coşqu ilə şeirlər deyir, mahnılar oxuyur, rəqslər nümayiş etdirirdilər.
Sizə şənlik yaraşır, əziz uşaqlar! Qoy Böyük Tanrı həmişə sizi qorusun!

İlhamə MƏHƏMMƏDQIZI