"Ümumi olaraq ölkədə bir çox provayder fəaliyyət göstərir, amma təəssüf ki, bunların çoxunda şəhərdən kənarda kəsimlər yaşanır. Mən özüm "Citynet", "Aztelekom", "Azeronline" kimi provayderlərdən gündəlik fərqli-fərqli məkanlarda istifadə edən biri olaraq bunu deyə bilərəm. Çünki Bakıdan biraz kənara çıxdıqda bu provayderlərdə internet kəsilməsi, tez-tez internetin sürətində enmə və bu kimi yüklənmələrdə internetin çöküşü kimi halları çox yaşayıram". Bu sözləri SİA-ya açıqlamasında SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov deyib.
Onun sözlərinə görə, yeni internet provayderinin gəlişi rəqabətin artmasına müsbət təsir edəcək: "Çünki yeni bir provayder aktivləşəndə digərlərinə rəqib olur və rəqabət artdıqda hansısa provayder öz işlərinə daha çox fikir verməyə, müştəriləri loyal etmək üçün öz xidmətlərinin keyfiyyətini yüksək tutmağa çalışırlar. Bu baş verdikdə biz bir provayderdən razı qalırıq və başqasına keçid etməyi düşünmürük. Amma təəssüf ki, hal-hazırda bir çox provayderlərdə tez-tez kəsilmələr və yüklənmələr yaşanır. Bu məqsədlə də araşdırma edirəm ki, işlərimizdə ləngimə yaratmayacaq provayderlərdən istifadə edək".
Murad Yazimov sözlərinə belə davam edib: "Ümumilikdə isə mən yeni provayderin gəlişini müsbət qarşılayıram. Çünki həm yeni bir provayder gəldikdə onun xidməti çox yüksək olur, həm də bu yüksək xidməti görüb müştəri axını olduqda digər provayderlər də üstün xidmət göstərmək üçün əllərindən gələni edəcəklər. Bu da istifadəçilərin iş keyfiyyətinə çox müsbət təsir göstərək".
Ayşən Vəli