Oqtay Mirqasımov “İstiqlal” ordeni ilə təltif olunub

12 İyun 2023 14:02 (UTC+04:00)

İyunun 12-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, kinodramaturq, Xalq artisti, professor Oqtay Mirqasımovun 80 yaşı tamam olur. SİA xəbər verir ki, Milli kino salnaməmizə dəyərli ekran əsərləri bəxş etmiş sənətkar bu əlamətdar gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “İstiqlal” ordeni ilə təltif olunub.

Azərbaycan mədəniyyəti və kinematoqrafiyasının inkişafında mühüm xidmətlərinə görə daha öncə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuş ustad rejissorun növbəti dövlət təltifinə layiq görülməsi onun zəngin yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir.

Oqtay Mirqasımovu 80 illik yubileyi və “İstiqlal” ordeninə layiq görülməsi münasibətilə təbrik edir, möhkəm cansağlığı və bundan sonra da həyat və sənət enerjisi ilə dolu uzun ömür arzulayırıq.