Kəlbəcər dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi böyük siyasətlə müharibəsiz, döyüşsüz, itkisiz geri alındı. Bu qədim torpaq azad edildikdən dərhal sonra burada quruculuq, bərpa işlərinə başlanıldı ki, kəlbəcərlilər qısa zamanda doğma yurdlarına qayıda bilsinlər. Çünki düşmən bu yurdumuzu da qarət etmiş, buradan çıxarkən vəhşiliyin bütün növlərini əzəli Azərbaycan yurduna tətbiq etmişdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.
Bəli, bu gün Kəlbəcərin əcər hüsnü dövlətimizin başçısının dəyərli ifadələrini təzahür etdirir. Kəlbəcərə həyat qayıdır.
27 qışın sonundakı bahar
2020-ci ilin payızına-44 günlük Vətən müharibəsinə qədər Kəlbəcər bir-birinin ardınca 27 qış yaşadı. Bahar gəlmədi bu qədim yurda. Gələ də bilməzdi. Çünki Kəlbəcər baharı qovmuşdu ağuşundan. Köksünü qışa açmışdı. Ta azad olanadək qış ömrü yaşayacağına and içmişdi. Dağlarının min rəngli, min bir ətirli çiçəyinə “get”,- demişdi. “Gəlmə, hüsnümü bəzəmə, ruhumu oxşama, yaslıyam, qoy yasımı tutum”,- demişdi.
Kəlbəcər özünü bütünlüklə qışa vermişdi. Qara, buza, soyuğa vermişdi. Kimlə bahar qarşılayacaqdı ki?.. Doğmaları bu yurddan zorla çıxarılmışdı. Bağrı üstündə düşmən tapdağını hiss etdikcə Kəlbəcər əzilirdi, doğmalarının həsrəti ilə yanıb-yaxılırdı. Sərvətlə dolu köksünə hər dəfə əl uzadıldıqda haray çəkirdi. Düşmənin talançılığına qarşı üsyan edirdi. Lakin səsi yalnız dağ-daşına yayılır, əks-səda verir və yenidən bağrına qayıdıb onu boğurdu...
27 qış keçdi Kəlbəcərin ömründən... Doğmalarının olmadığı qış. Kəlbəcərin gözünün yollarda qaldığı qış... Sən demə 27-ci qış Kəlbəcərin son qışı olacaqdı. 2020-nin payızı Kəlbəcəri qışa deyil, bahara aparacaqdı. Payız bahara çevrilib Kəlbəcərin 27 illik həsrətini də vüsala çevirəcəkdi. 27 il əvvəl gülləbaran yağışı altındakı işğalından fərqli olaraq, bu dəfə bir güllə belə atılmadan azad ediləcəkdi. Çünki məxsus olduğu ölkə 27 il öncəki ölkə deyildi. Hakimiyyət kürsüsünü möhkəmlətmək üçün satılaraq Kəlbəcəri bir qələmlə silib onu erməniyə hədiyyə edən AXC-Müsavat birləşməsi çoxdan tarixin qara qutusuna atılmışdı. Onlardan əsər-əlamət belə qalmamışdı. Özləri yaşasalar da, xalq onları silmişdi. Bir daha onlara inanmamağa and içərək silmişdi.
Kəlbəcərin işğalı ilə azadlığı arasında ötən zaman kəsiyində isə onun və Qarabağın bütün işğal altında olan torpaqlarının azad olunması üçün uzun illərlə iş aparılmışdı. Ulu Öndərimizin bu istiqamətdə həyata keçirdiyi işlər cənab İlham Əliyev tərəfindən elə bir səviyyəyə gətirilmişdi ki, ya sülh, ya da hərb yolu ilə bu torpaqların azad olunması reallaşacaqdı. Uzun illər sülh yoluna cəhd edilsə də, lakin dünya susdu və biz hərb yolunu seçməli olduq. Hərb yolu ilə 44 gün içərisində Azərbaycan Milli Ordusu elə bir bacarıq nümayiş etdirdi ki, dünənədək susan dünya dilə gəlib bu səriştədən danışmağa başladı. Beləliklə Qarabağa və Şərqi Zəngəzura yeni bir həyat qayıtdı. Bu yeni həyatdan Kəlbəcərə də pay düşdü.
Baş planla özünəməxsusluğu qorunan Kəlbəcər
Soydaşlarımızın ata-baba torpaqlarına qayıdarkən gözəl şəraitdə yaşaya bilmələri üçün dövlətimiz tərəfindən İkinci Vətən müharibəsindən dərhal sonra geniş tədbirlərə başlanıldı.
Ötən il iyunun 26-da ölkəmizin rəhbəri Kəlbəcər şəhərinin Baş planı ilə tanış olarkən ona məlumat verilmişdi ki, onun hazırlanması zamanı özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.
Baş planda nəzərdə tutulanlar Kəlbəcərin yaxın gələcəkdə sahib olacaqlarını gözlər önündə canlandırırdı. Budur, bu yurd yeri dövlət başçısının Kəlbəcərə öncəki səfəri zamanı söylədiyi “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Cənnətə də çevriləcəkdir” dəyərli fikirlərindəki kimi, qurulur, yaradılır, cənnətə çevrilir.
2021-ci ildə Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının fəaliyyətə başlaması, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən 72,8 kilometr uzunluğunda Kəlbəcər-Laçın avtomobil yolunun tikintisinə başlanması, bu yol üzərində 3,4 kilometr uzunluğundakı tunelin təməlinin qoyulması, İstisuya əvvəlki şöhrətini qaytarmaq üçün 51 kilometr uzunluğunda İstisu-Minkənd yolunun tikintisi Kəlbəcərin azadlığından sonra abadlığına doğru gedən yolda ilkin olaraq gördüklərimiz idi.
Gözünüz aydın yanşaqlılar, zallarlılar!
Dövlətimizin başçısının Qarabağa və Şərqi Zəngəzura hər dəfə səfərləri bu qədim yurd yerlərinin inkişafına yeni töhfələrlə yadda qalır. May ayınının 27-də bunun bir daha şahidi olduq. Cənab İlham Əliyev Kəlbəcərin hüsnünü oxşayan neçə-neçə tikililərin təməlini qoymaqla, açılışlarını etməklə bu yurd yerinin dirçəlməsi, sakinlərinin tezliklə ata-baba ocaqlarına qayıtmaları üçün yeniliklərə imza atdı.
Yurd salmaq, binə etmək ən savab əməldir. Dağıdılan, viran edilən yurdların bərpası isə ikiqat savabdır. Odur ki, dövlətimizin başçısı həm torpaqlarımızın düşməndən geri alınmasına, həm də yurdlarımızın bərpa edilməsinə görə yüzilliklərlə yaşı olan xalqımızın tarixində özünəməxsus yer qazandı.
Həmin gün Kəlbəcərin Yanşaq və Zallar kəndlərinin təməli qoyuldu. Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla, 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.
Zallar kəndində isə ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.
Hər iki kəndin əhalisinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.
Kəlbəcər “yaşıl enerji zonası”na çevrilir: növbəti “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları oldu
Prezident İlham Əliyev: ...Kəlbəcəri tərk etmək üçün onlara vaxt verəndə nə etdilər? Evləri yandırmağa, ağacları kəsməyə başladılar və 32 su elektrik stansiyasını dağıtdılar. Təsəvvürünüzə gətirirsinizmi?
İşğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” , 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verildi. Artıq bu stansiyalarda milyonlarla kilovat/saat elektrik enerjisi istehsal olunur.
Kəlbəcəri nura boyayacaq stansiyalardan növbətisi ermənilərin buranı tərk edərkən avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları oldu.
“Qamışlı” Kiçik Su Elektrik Stansiyasında ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsal edilməsi nəzərdə tutulur. “Meydan” Kiçik Su Elektrik Stansiyasında isə il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.
Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq bu kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub.
“Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarını işə salan Prezident İlham Əliyevə məlumat verilib ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.
Toğanlıdan Kəlbəcərə, oradan İstisuya uzanan yollar...
Yol döyünən ürəkdir. Bir nasazlıqla tamamilə dayana, fəaliyyətdən qala bilir. Ürək insanı yaşadırsa, yol da iqtisadiyyatın var olması deməkdir. Elə buna görə də dövlətimizin başçısı hələ müharibə bitməmişdi, azad edilən torpaqlarda yol infrastrukturunun qurulması üçün tapşırıqlar verirdi. Hazırda Qarabağda və Şərqi Zəngəzurda minlərlə kilometr yol çəkilir, abadlaşdırılır, bərpa olunur.
Bütün bunların davamı olaraq Prezident İlham Əliyev mayın 27-də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda da görülən işlərlə tanış olub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq. Yolun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.
Dövlətimizin başçısına məlumat verilib ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.
Ötən il hərbi hissə, bu il hərbi hospital
2022-ci ildə-26 İyun-Silahlı Qüvvələr Günündə Kəlbəcərdə dövlətimizin başçısının iştirakı ilə hərbi hissə açılmışdı: Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək... Bu, bizim gücümüzü daha da artıracaq. Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.
Bu il may ayının 27-də Kəlbəcərdə hərbi hospitalın açılmasını da ordu quruculuğuna növbəti töhfə kimi dəyərləndirmək olar.
3,6 hektar ərazidə salınan Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunan hərbi hospitalda poliklinika, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib.
Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur.
Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür.
Kəlbəcər hərbi hospitalı, həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub.
Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər var. Hərbi hospitalın ətrafındakı ərazidə yaşıllaşdırma və abadlıq işləri də görülüb.
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi
Erməni vandalizminə məruz qalan Kəlbəcər şəhəri də digər azad torpaqlarımızdakı şəhərlər kimi yeni həyatının astanasındadır. Bu müqəddəs torpaqların üzərində qurulub-yaradılanların hər biri illərlə yurdundan kənarda qaçqın və məcburi köçkün həyatı yaşayan insanlara 30 illik zaman kəsiyindən sonra bəxş edilən xoşbəxtlikdir. Çünki onlar bu yaradılanlar sayəsində yaxın gələcəkdə doğma yurdlarına qayıda biləcək, rahat, firavan həyatlarına başlayacaqlar.
Prezident İlham Əliyev tərəfindən Kəlbəcər şəhərində təməli qoyulan yaşayış məhəlləsi də hələ bu gündən sakinlərini həm sevindirir, həm də həyacanlandırır.
Yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.
Növbəti məktəb Kəlbəcər şəhərində: 960 şagird yerlik
Ölkəmizdə son 20 ildə təhsil sahəsində uğurlu nailiyyətlər əldə olunub. Bunun əsasını isə dövlətimizin bu sahəyə göstərdiyi qayğı təşkil edir. Bu qayğını hazırda azad Qarabağımızda və Şərqi Zəngəzurumuzda görməkdəyik. Dövlətimizin başçısının Kəlbəcərə növbəti səfəri çərçivəsində Kəlbəcər şəhərində 960 şagird yerlik məktəbin təməlini qoyması ölkəmizdə hər bir uşağın gələcəyinin ən yaxşı şəkildə təminatı kimi dəyərləndirilir.
41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.
Beləliklə, hüsnü əcər Kəlbəcər...
Azad olunan torpaqlarımız haqqında yazı yazmaq o qədər gözəldir ki... Adam hər sərlövhəni ürəyinin səsi ilə seçdikcə, hər cümləni qürurla yazdıqca, özünü xoşbəxtlərin xoşbəxti hiss edir. Ən əsası ona görə ki, cəmi üç ildən də az bir müddətdə Qarabağda və Şərqi Zəngəzurda bu qədər işlər görülüb. Kəlbəcər də əcər hüsnü ilə onların sırasındadır.
Başqa cür ola da bilməzdi. Torpaqlarımız cəmi 44 gündə işğaldan azad olundusa, təbii ki, 3 ilə yaxın dövrdə də bu qədər bərpa işləri görüləcəkdi. Çünki Zəfərimiz dəmir yumruğun nəticəsi idisə, postmüharibə dövrü isə dəmir iradənin nəticəsidir.
Mətanət Məmmədova