Psixoloq Məlahət Həsənova: “Onları həbsə keçmiş travmaları sürükləyir”
Həyatının səhvini edən insanların əksəriyyəti sonralar bu əməlindən peşman olur – uzun illər azad səmaya barmaqlıqlar arxasından baxmaq məcburiyyətində qalırlar. Məhbuslara həbsxanalarda fiziki əməklə məşğul ola biləcəkləri bir mühit yaradılır, əl işləri, yüngül sənaye işləri, ayaqqabı sexi, tikiş, dərzi, toxuculuq, xarratlıq, bənnalıq, dəmirçilik kimi işlərlə də məşğul olmaq imkanları olur. Lakin uzun müddət həbsxanada qalan insanların ünsiyyət problemi də olur.
Uzun müddət həbsdə olanların bəzilərinin həbsdən çıxandan sonra getməyə evi, görüşməyə qohumu yoxdur. Onlar yaşamaq üçün iş tapmalı, pul qazanmalıdırlar, lakin indi bu çox çətindir. Bəxt üzünə gülüb iş tapanlar isə əvvəllər məhkum həyatı yaşadığı bilindikdən sonra iş yerində stiqmaya məruz qala bilirlər.
Həbsdə həyat necə keçir, keçmiş məhkumlar həbsdən sonra cəmiyyətə necə adaptasiya olurlar? Bu suallara psixoloq Məlahət Həsənova ilə cavab tapmağa çalışdıq.
-Məlahət xanım, həbsxanaya düşənlərin hamısı pis insanlardır? Yoxsa həbsxana onları qəddarlaşdırır?
-İnsanlar həbsxanaya niyə düşürlər? Gəlin əvvəlcə buna baxaq. Deməli, bu insanların psixologiyasında hansısa bir problem var, hansısa duyğu yetərsizliyi var, hansısa tamamlanmamış bir hissi, bir emosiyası var ki, nə cinayət işləyirlərsə, bunun adını qeyrət qoyurlar. Yaxud oğurluq edirlərsə, deməli, nə zamansa nədənsə məhrum olunublar və başlayırlar oğurluqla onu kompensasiya etməyə. “Qoy mənim də olsun” düşüncəsi ilə. Yaxud sevdiyi insan başqası ilə evlənir, başqasına verirlər, amma gedib həmin qızı öldürür. Bu, əslində, sevgi deyil. İnsan sevdiyi insanı necə öldürə bilər? Sonra da deyir ki, mən onu sevirdim, niyə başqası ilə evlənsin? Bu, artıq eqoizmdir. İnsanın reallıqla barışa bilməməsi, özgüvənin həddindən artıq aşağı olması, öz xoşbəxtliyini başqalarında tamamlanması gözləməsi. Bu kimi hallarda bu cinayətlər baş verir.
Deməli, artıq problem var ki, insan öz şüurundan, iradəsindən kənara çıxaraq başlayır cinayət törətməyə. Cinayət törədib həbsxanaya düşən insanların psixologiyası artıq məhv olub. Əlavə olaraq bir az da qapalı mühit, qapalı şərait, oradakı disiplinli həyat tərzi, müxtəlif insanların bir otaqda yaşaması və s. Bunlar hamısı təbii ki, insana təsir edəcək faktorlardır. Üstəlik, həm də məhbusdursa.
Bəzi məhbuslar kimisə döyməklə rahatlanırlar, bəziləri ibadət edərək kompensasiya edirlər, bəziləri isə ancaq özlərinə qapanırlar. Bizi bu gün narahat eləməlidir ki, niyə həbsxanalarda psixoloqlar yoxdur. Ümumiyyətlə, həbsxanaya düşən insanlara psixoloq lazımdırmı? Onların psixoloji dəstəyə ehtiyacları varmı? Təbii ki, var. Çünki insandır, nə cinayət törətməklərindən asılı olmayaraq. Onlar cəzalarını onsuz da çəkəcəklər. Amma bu həbsxanalarda mütləq onlara psixoloji dəstək lazımdır ki, onlar o dövrü ən az zərərlə başa vursunlar, gələcəkdə azadlığa çıxanda adaptasiya olunsunlar, evə qapanmasınlar və bu cinayəti bir daha törətməsinlər. Bunun üçün onların diqqətini yayındıracaq, məşğul olacaqları məşğələlər təşkil etmək lazımdır.

-Peşman olmayan məhbuslar da var...
-Var, doğrudur. Həbsdə olanların bəziləri deyir ki, mən peşman deyiləm. İllərdi oradadır, amma deyir ki, peşman deyiləm. Artıq o insanlar orada komfortdadılar, mənimsəyiblər mühiti, onlar üçün fərqi yoxdur. Əgər onlar azadlığa çıxacaqlarsa, yenidən səhv edəcəklər. Yenə də həmin hadisəni törətmək potensialları var. Onlar neçə il həbs yatırlar yatsınlar, o travma onların beynindədir. Oğurluğun, kimisə öldürməyin, dələduzluğun yaxşı əməl olmadığını onlara qəbul etdirmək çox zaman alır. Bunların doğru olmadığını, doğruları aşılamaq, psixoloji cəhətdən onları başa salmaq, özlərini tapmağa kömək eləmək lazımdır. Belə olsa düşünürəm ki, cinayətlərin sayı da azalar.
-Təkrar cinayət edib həbsə qayıdanlar niyə edir bunu? Azadlıq onları niyə qorxudur?
-Doğrudur, insanların həbsxanadan çıxıb ikinci dəfə həbsxanaya qayıtması hallarına çox rastlanır. Təzədən eyni cinayəti törədir, eyni maddə ilə yenidən içəri girir. Əksəriyyəti etdiyi hərəkəti səhv yox, doğru sayır. Elə bilir ki, etdiyi şey düzdür. Necə ki, insan uşaq vaxtı bir travma alır və ömrü boyu o travma onu izləyir. Ümumiyyətlə, bizim travmalarımız beynimizdə sxemlərlə formalaşır. Hər yaşda biz travmalarımızla əlaqədar sxemlər qura bilərik. Deyək ki, kimsə bir cinayət törətdi, bir insanın canına qıydı və bundan peşman olmadı. Ürək o qədər qatılaşıb ki, etdiyinin fərqində deyil. Təkrar cinayət törətməyin əsas səbəbi odur ki, onlar yaşadıqları həbsxana həyatından dərs çıxarmırlar və öz aqressiyalarına yenilirlər. Bunun da əsas səbəbi yenə deyirəm, düzgün olmayan tərbiyədir.
-Həbsdən çıxan insanların cəmiyyətə adaptasiyası necə olmalıdır?
-Həbsdən çıxan insanlara normal baxılmalıdır cəmiyyətdə, qınanılmamalıdır. Amma bir az fərqlidir. Gəlin bir az açıq danışaq, həbsdən çıxan insanlara elə baxırlar ki, bu insan həbsə girib-çıxıbsa, cinayət törədibsə artıq bunu aramıza almamalıyıq. Ailələri bir az dəstək olur, əgər anası varsa, bacısı varsa, atası varsa, nə xoş ki, onlar dəstək olurlar. Yaxud da həyat yoldaşları onları gözləyibsə, övladları onlar üçün darıxırsa, bu, həbsdən çıxan insan üçün ən yaxşı adaptasiya yoludur. Ailə mühiti görür, sevildiyini anlayır. Bəzən həbsdən çıxan insanlar qoyub getdikləri heç nəyi yerində görmürlər həbsdən sonra. Belə halda onlar mənəvi deqradasiya yaşayırlar və adaptasiya olunmaqları çox çətin olur. Onlara bir çox yerlərdə iş verilmir, sosial rifahları zəifləyir. Mən təklif edərdim ki, həbsdən çıxan insanlar üçün xüsusi iş yerləri açılsın, eyni həyat yolu keçən insanlar bir-birini yaxşı anlayır. Cəmiyyətə adaptasiya olunmaq üçün onlara xüsusi olaraq həbsxanadan çıxan ərəfələrdə psixoloji dəstək verilməlidir. Onlara ruh yüksəldən sözlər demək, psixoloji dəstək vermək lazımdır ki, başa düşsünlər ki, artıq onlar da bu cəmiyyətin bir fərdidirlər və bu cəmiyyətdə yaşamalıdırlar. Həm ailənin, həm qohumların, həm də dost-tanışın dəstəyi vacibdir.
-Axı hər həbsdən çıxan tale qurbanı deyil, hamısı yaxşı adam deyil...
-Doğrudur. Hansı maddə ilə tutulmağın özü də təsir edir cəmiyyətə adaptasiya olma prosesinə. Narkotik maddələrə görə həbsə düşənlər, təcavüz üstündə məhkum olunanlar məsələn. Onlar həbsdən çıxandan sonra yeni həyat qurmaları çox çətin olur. Evlənə bilmirlər, heç kim narkotik istifadəçisinə, təcavüzçüyə qız vermək istəmir. İşləyə bilmirlər, çox yerdə iş verilmir ki, həbsxanada olub. Qohumların stiqması çox olur, çünki həbsdə olan qohum digər qohumların iş həyatına mənfi təsir edir, işlə bağlı tərcümeyi-halında həbsdə olan qohumu olduğu anlaşılır. Qınaq çox vaxt belə yaranır. Doğrudur, o bir cinayət törədib, amma cinayətin cəzasını çəkib, artıq azadlıqdadır. Etdiyi səhvə görə ömür boyu qınamaq, təkrar-təkrar törətdiyi cinayəti ona xatırlatmaq, onu bunun üçün günahlandırmaq doğru deyil. O da bilir etdiyinin səhv olduğunu, həyatını yeniləmək üçün dəstək istəyir sadəcə. Biz həmişə öz pasiyentlərimizlə söhbətləşəndə, terapiya zamanı deyirik ki öz içindən başla dəyişikliyə. Nə vaxt daxilin düzəlsə, şəfalansa sən də aydınlanacaqsan. Bəli, o özgüvəni yenidən bərpa etmək üçün kənar münasibətlər qədər daxili “mən”i də əhəmiyyətlidir.
-Həbsxanada əmək, məşğuliyyət onların yaxşı adam olmalarına nə qədər təsir göstərir?
-Həbsxanalarda emalatxanalar olur, xalçaçılıq, bənnalıq, xarratlıq, toxuculuq, dərzilik kimi. Həbsdə olan insanlar üçün bu cür məşğuliyyət sahələr həm də onların həbsdən sonrakı həyatları üçün yatırımdır, kapitaldır. Elə pasiyentlərim olub ki həbsdə dərzilik, gözəllik ustalığı öyrənib, indi öz zəhmətinin bəhrəsini görür, işləyir, yaxşı pul qazanır. Onlar həbsxanada həm boş vaxtlarını faydalı keçirirlər, həm də peşə öyrənirlər, pul qazana bilirlər. Düzəltdikləri əl işlərini satmaq imkanları olur. Həbsxanadan çıxandan sonra həm işlə təmin olunmuş olurlar, həm də həbsxana müddətində işləyib pul qazanırlar. Onların düşüncələri də müsbətə doğru dəyişir, emosiyaları yumşalır. Çünki təcrübə göstərir ki əl əməyi ilə məşğul olan insanlar mülayimləşir, mənəvi rahatlıq tapırlar. İş insanın cövhəridir, həbsxanada da, azadlıqda da. İnsan işlədikcə başı qarışır, neqativ şeylərdən uzaq olur. Elə özümüzdən götürək. İşimiz olmayanda, həyatımızda bir az durğunluq olanda darıxırıq. Daimi məşğuliyyət axtarırıq. İş, peşə öyrənmək məhkumların gələcək həyata həm adaptasiya olunmasına, həm öyrənib həbsdən çıxdıqdan sonra sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına kömək edir. Üstəlik, ölkənin yaxşı ustalara həmişə ehtiyacı var, qoy keçmiş məhkumlar da bir vaxtlar həbsdə olmaqları ilə yox, yaxşı usta olmaqları ilə xatırlansınlar.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb