“Azərbaycan Respublikasının vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin Sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti tərəfindən rədd edilə bilər: “Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir”.
Fariz Əkbərov sözlərinə belə davam edib: “Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluqlarına daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.
Belə ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir”.
Ayşən Vəli