Piyada gəzməyin faydaları

6 İyun 2023 18:46 (UTC+04:00)
İnsandan insana fərq edən sağlıq vəziyyətindən asılı olaraq bir adam həftədə 5 gün orta hesabla 30-60 dəqiqə piyada gəzməlidir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, daimi gəzinti ürək-damar sağlamlığından psixologiyaya qədər bir çox cəhətdən insan sağlamlığının xeyrinədir.

Piyada gəzməyin faydaları nələrdir?

Hər bir sağlam adam piyada gəzə bilir. Ancaq böyrək çatışmazlığı olanlar, ayağı yaralılar və yeni ortopedik əməliyyat keçirənlər həkimə müraciət etmədən yeriməməlidir.

Araşdırmalar göstərib ki, mütəmadi olaraq orta intensivlikdə gəzmək, hərəkət etmək immunitet sistemini gücləndirir, xəstəliklərin tezliyini azaldır və xəstəliyi asan keçirməyə səbəb olur.

Həftədə ən azı 5 gün 30-45 dəqiqə orta və sürətli piyada gəzmək artıq çəki ilə də mübarizəyə töhfə verir. Gəzinti intensivliyi artırılsa, həftəlik ümumi vaxt qısala bilər.

Hər gəzintidən əvvəl və sonra 5-10 dəqiqə ayaq və budun ön və arxa əzələlərinin gərmə hərəkətləri edilməlidir. Bu sadə məşqlər piyada gəzinti zamanı və sonra baş verə biləcək əzələ və oynaq zədələrinin qarşısını almaqda faydalı olur.

Gəzinti zamanı bədənin şəkli önəmlidir. Geri və ya irəli əyilmədən dik yerimək bədənin hər bir hissəsinin bərabər şəkildə hərəkətini təmin edir.

Piyada gəzərkən gücü artırmaq və ayaq hərəkətlərini sabitləşdirmək qolların işidir. Təkcə qolları yelləmək 5-10 kalori yandırır.

Əllər yumruq kimi sıxılmamalıdır ki, qan axını nizamlı olsun. Ayaqları və qolları diaqonal olaraq aydın bucaq altında yelləmək sağlam yeriş üçün vacibdir.

Ayaqqabı seçiminə fikir verin. Uyğun və daban yumşaqlığı düzgün seçilmiş idman ayaqqabıları performansı artırır. Elastik dabanlı və gəzinti üçün uyğun idman ayaqqabılarına üstünlük verilməlidir. Çox böyük və ya dar ayaqqabılardan uzaq durmaq lazımdır. Düzayaq, bel, omba, diz, topuq və ayaqlarda problemlər varsa, ilk növbədə həkim nəzarətindən keçmək və lazım gələrsə, ayaqqabının içərisinə taxılan içliklə yerimək məsləhətdir.

Uzun piyada yolları mütləq idman və ya qaçış ayaqqabısı ilə gəzmək yaxşıdır.

Pambıq materialdan olan rahat geyimlərə üstünlük vermək lazımdır. Gəzinti metabolik olaraq tərləməni artırdığı üçün təri çəkən pambıq paltarlara və ya təri xaric edən xüsusi parçalara üstünlük verilməlidir. Ümumiyyətlə, piyada gəzərkən rahat və hərəkəti məhdudlaşdırmayan geyim seçilməlidir.

Yeməkdən sonra ən azı 2 saat piyada gəzmək faydalıdır. Gəzintidən əvvəl nə çox ac, nə də çox tox olmaq lazım deyil.

Əyri-üyrü, enişli-yoxuşlu ərazilərdə gəzmək diz, omba və bel ağrıları olan adamlarda şikayətlərin artmasına səbəb ola bilər. Ayağı basma problemi olan xəstələr ayaqqabılarında aşağı ətrafın biomexanikasını tənzimləyən, diz, omba və belə bərabər yük paylanmasını təmin edən fərdi içliklər istifadə etməlidir.

Gəzinti tempinin havaya, yerə və fərdin vəziyyətinə uyğun tənzimlənməsi insanı mümkün ortopedik zədələrdən qoruyur. Təhlükəsiz gəzinti üçün məsləhətlər bunlardır:

* Piyadalar üçün nəzərdə tutulmuş və işıqlı yerlərdə gəzmək;

* Qaranlıqda gəzərkən fosforlu geyimlərdən istifadə etmək;

* Gəzinti üçün çox isti və yüksək rütubətli saatlar seçməmək;.

* Günəşdə yanmamaq üçün gündən qoruyan kremlər və s. kimi ehtiyat tədbirləri görmək.

* Piyada gəzərkən maye itkisini nəzərə alaraq bol maye qəbul etmək;

* Gəzintiyə ilk dəqiqələrdə yavaş addımlarla başlamaq, istilənmək, sürətlənmək, sonra yenə tempi aşağı salaraq sərinlənmək lazımdır.