Qədim mədəniyyətə, zəngin ədəbi irsə malik olan İrəvanda milli mətbuatın yaranması ictimai və ədəbi-bədii fikir tariximizin inkişafında özünəməxsus yer tutur. XlX əsrin sonlarında İrəvanda yaşayan azərbaycanlı ziyalılar milli mətbuat orqanları yaratmaq, maarifi, mədəniyyəti, ədəbiyyatı inkişaf etdirmək üçün bu yolda ardıcıl mübarizə aparmışdılar. İrəvanda Azərbaycan mətbuatının, ictimai-bədii fikrinin aparıcı simaları Mirzə Ələkbər Elxanov, Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov, Mirzə Əlixan Şəmsil Hükəma, Hacı Seyid Rza Əmirzadə, Axund Məmmədbağır Qazızadə, Abbas Razi Məmmədzadə, Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov, Mirabbas Mirbağırov, Mirməhəmməd Mirfətullayev, Məmmədvəli Qəmərlinski, Mirzə Cabbar Məmmədzadə, Məmmədəli Nasir, Həsən bəy Qazıyev, Əkbər Rizayev və burada yaşayıb-yaradan onlarla bu kimi mütərəqqi ziyalılar ana dilində qəzet, jurnal təsis etməyin vacibliyini aydın dərk edib, bu ideyanı gerçəkləşdirmək üçün ciddi səy və təşəbbüs göstərirdilər.
İrəvanda ana dilli mətbuat orqanının yaranması günün ən vacib məsələsinə çevrilmişdi. Bunu həm də mövcud dövrün ictimai-siyasi, ədəbi-mədəni proseslərində baş verən mütərəqqi dəyişikliklər də zəruri edirdi. Amma İrəvanın ictimai, ədəbi - mədəni həyatının ən mühüm hadisələrindən olan milli mətbuatın yaranması XIX əsrin əvvəllərinə təsadüf edir. İrəvanda milli mətbuatın yaranması ideyasını gerçəkləşdimək ilk dəfə Cabbar Əsgərzadə və Mirməhəmməd Mirfətullayevə nəsib olmuşdur. Hələ "Lək-lək"in nəşrinə icazə alınmamışdan xeyli əvvəl Cabbar Əsgərzadə İrəvanda jurnal buraxmaq barədə yaxın dostu, görkəmli ziyalı və mühərrir Məmmədəli Sidqi ilə məsləhətləşmiş və məktublaşmışdı. Cabbar Əsgərzadənin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Məmmədəli Sidqiyə aid fondda ona ünvanladığı 40-dan artıq məktubu saxlanılır. Cabbar Əsgərzadə məktublarında "Kəlniyyət", "İqbal", "Dirilik" və digər qəzet , jurnalların durumu , məsləki, dövrün ziyalıları Salman Mümtaz , Seyid Hüseyn , Əliqulu Qəmküsar , Zülfüqar Hacıbəyov , Hüseyn Minasazov , Mirzəağa Əliyev və başqaları haqqında öz fikirlərini Məmmədəli Sidqi ilə paylaşır. Həmin məktublarla tanış olduqda aydın olur ki, Cabbar Əsgərzadə və Mirməhəmməd Mirfətullayev "Lək-lək"in nəşrinə uzun müddət hazırlaşmışlar. Bu cəhətdən Cabbar Əsgərzadənin Məmmədəli Sidqiyə göndərdiyi 4 dekabr 1913, 18 fevral 1914, 16 yanvar 1914-cü il tarixli məktubları səciyyəvidir.
O birinci məktubunda "Lək-lək" adlı satirik jurnal çıxarmaq istəyini və bu barədə öz fikir və düşüncələrini Məmmədəli Sidqiylə bölüşür. Nəşrinə başlayacaq jurnalın ətrafına daha çox molla nəsrəddinçilərin cəlb edilməsini istəyir. Məcmuənin sanballı, qüsursuz nəşri üçün Cabbar Əsgərzadənin bu məsələdə daha çox arxalandığı qüvvə molla nəsrəddinçilər idi. Məktubların bir neçəsi "Lək-lək" jurnalına molla nəsrəddinçilərin cəlb edilməsi ilə əlaqədardır. Bu məqsədlə daha çox tanıdığı molla nəsrəddinçi yazarların jurnalda iştirakına nail olmaq üçün Məmmədəli Sidqidən onların ünvanlarını xəbər alır və tanımadıqları ilə isə tanış etmələrini xahiş edir. Cabbar Əsgərzadə Məmmədəli Sidqiyə ünvanladığı digər məktublarında da "Lək-lək"in daha geniş coğrafiyada yayılması, başqa əlaqədar məsələlərlə bağlı məsləhətləşmələr və fikir mübadilələri də öz əksini tapmışdı. "Lək-lək"in meydana gəlməsində və yayılmasında Məmmədəli Sidqi Cabbar Əsgərzadənin ən yaxın məsləhətçisi və istiqamətvericisi olmuşdur.
1905-ci ildə noyabr ayının 24-də Çar hökuməti mətbuat və nəşriyyat haqqında yeni qanun imzaladı. "Yeni qayda" ya görə qəzet və jurnal çıxarmaq istəyən şəxs yerlərdə qubernator, yaxud da qəza rəisindən (qradonaçalnik) icazə ala bilərdi. İcazə alma müddəti isə iki həftə müəyyən olunmuşdu. Qabaqcıl ziyalılar Çar hökumətinin bu güzəştindən bacarıqla istifadə etməyə çalışmış, qəzet və jurnallar nəşr etmək sahəsində fəaliyyətə keçmişlər.
1913-cü ilin noyabr ayının əvvəlində Cabbar Əsgərzadə "Lək-lək"in nəşrinə icazə almaq üçün İrəvan qubernatoru Tizenhauzen qraf Vladimir Fedoroviçə ərizə ilə müraciət edir. O ərizə ilə birlikdə jurnalın məramnaməsini də İrəvan qubernatoruna təqdim etmişdi. Amma icazənin verilməsi İrəvanda mətbuat müfəttişliyinin yaratdığı əngəl səbəbindən bir qədər gecikdirilmişdi. Cabbar Əsgərzadənin yazılarındakı bəzi fikirlərindən aydın olur ki, o jurnalın müdiri olmaq istəməmiş, Mirməhəmməd Mirfətullayevin redaktorluğu ilə nəşr edilməsini daha məqsədə uyğun hesab edərək bu barədə yazır: " mən heç vaxt müdir adını üstümə götürmək istəmiyordum və istəmərəm də. Ancaq o razı olmadı. Hərgah mən də razı olmasaydım , o bu fikrindən vaz keçəcəkdi. O cənab hər xərci öz öhdəsinə olaraq "Lək-lək" adına bir məzhəkə jurnalı çıxarmaq istiyor ". Bu fikirlər həm də onu göstərir ki, "Lək-lək"in nəşri üçün maliyyə xərclərini Mirməhəmməd Mirfətullayev öhdəsinə götürüb. Amma Mirməhəmməd Mirfətullayevin təkidindən sonra Cabbar Əsgərzadə jurnalın redaktorluğunu öz üzərinə götürüb, hər iki tərəqqipərvər ziyalı bir cəbhənin döyüşçüsü kimi eyni ideyalar uğrunda, İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin inkişafında öz qələmi və əməli fəaliyyətləri ilə çiyin-çiyinə yaxından iştirak etmişdilər.
Uzun sürən mübarizələrdən sonra "Lək-lək" satirik məcmuəsinin nəşrinə İrəvan qubernatoru tərəfindən 21 yanvar 1914-cü il tarixdə jurnalın öz proqramına uyğun olaraq, məqalələr, şeirlər, şəhər işləri, Qafqaz xəbərləri, teleqramlar, felyetonlar, poçt qutusu, elanlar, xarici və daxili xəbərlər çapına icazə verilmişdir. "Lək-lək"in nəşri İrəvanda fəaliyyət göstərən mətbuat müfəttişliyi tərəfindən nəzərdən keçirilirdi. Onun nəşrinə Cabbar Əsgərzadə, Mirməhəmməd Mirfətullayev və İrəvanın açıq fikirli, qabaqcıl ziyalıları hələ neçə ay əvvəlcədən hazırlaşırdılar. Cabbar Əsgərzadə hələ "Lək-lək"in nəşrindən bir müddət əvvəl jurnal barədə, onun abunəsi üçün "İqbal" qəzetində və digər mətbuat orqanlarında elan vermişdir.Hətta onun məslək və ideya istiqamətini də əvvəlcədən müəyyən etmişdilər. Hələ jurnalın nəşrindən neçə ay əvvəl Cabbar Əsgərzadə 4 dekabr 1913-cü il tarixdə İrəvandan Bakıya məslək və yaxın dostu Məmmədəli Sidqiyə göndərdiyi məktubunda jurnalın ideya istiqaməti barədə yazırdı: "Məsləkimiz gərək məlumunuz olsun "Molla Nəsrəddin" dir. Amma səliqəmiz ayrı-ayrı vəziyyətlərdir".
Cabbar Əsgərzadənin Məmmədəli Sidqiyə yazdığı məktublar və yazışmalar həm də onlar arasında olan ibrətamiz məfkurə , ideal dostluğun möhkəmliyinə və səmimiliyinə aydın şahidlik verir. 1914-cü ilin fevral ayının 22-də Cabbar Əsgərzadənin redaktorluğu və Mirməhəmməd Mirfətullayevin naşirliyi ilə "Lək-lək"in ilk sayı işıq üzü gördü. Bununla da İrəvanda Azərbaycan mətbuatının əsası qoyuldu. "Lək-lək"in nəşrinə qədər İrəvanda ana dilində qəzetçilik ənənəsi olmasa da amma çox yetkin yazıçılıq, publisistika ənənəsi var idi. Mirzə Əlixan Şəmsil Hükəma, Abbas Razi Məmmədzadə, Hacı Seyid Rza Əmirzadə, Cabbar Əsgərzadə, Mirabbas Mirbağırov, Əli Məhzun Rəhimov, Məmmədəli Nasir, Mirzə Məhəmməd Axundov, Əkbər Əkbərov, Mirzə Cabbar Məmmədzadə, Əkbər Rizayev və başqaları İrəvanda Azərbaycan jurnalistikası və publisistikasının görkəmli nümayəndələri idi.Onların jurnalistlik və publisistik fəaliyyəti nəinki İrəvanda, Cənubi Qafqazda, Şərqdə və müxtəlif ölkələrdə böyük şöhrət tapmışdı. "Lək-lək"in ilk nömrəsinin işıq üzü görməsi İrəvan ziyalıları və oxucular tərəfindən böyük sevinclə qarşılanmışdı. Jurnalın ilk nömrəsinin son səhifəsində "İdarədən" başlıqlı bir qeyd dərc olunub. Həmin qeyddə göstərilir ki, "bu nömrə üçün hürufat başqa bir kitaba işləndiyindən naşi kifayət verməyib, mündəricatın azlığına səbəb oldu. Bu barədə oxucularımızdan üzr istəyirik?!". Jurnalın ilk nömrəsinin cəmi 60 nüsxə ilə işıq üzü görməsi həm də onun maddi-texniki çətinlikləri ilə bağlı idi. Bu barədə jurnalın müdiri Cabbar Əsgərzadənin 2 mart 1914-cü ildə Məmmədəli Sidqiyə ünvanladığı məktubunda da məlumata rast gəlinir: "Əfəndim, hələ ki, "Lək-lək"imiz qanad bağlayıb o cür zülmün elçi quşlarına. Hər halda işıqlı qaralarınızla üzü ağ olmağı təmənna edir. Müzayiqənizi əsirgəyib də necə ki, vədələr vermişdiniz kömək ediniz.
Birdə bu dəfəlik mürəttil və mətbəə cəhətdən görülən bir çox nöqsanları güzəşt ediniz. Hamınıza bir "Lək-lək" Əmircana uçdu". Həm də bu fikirlərdən aydın olur ki, Cabbar Əsgərzadə "Lək-lək"in ilk nömrəsini Bakı nəşri - maarif cəmiyyətinin tabeliyində olan məktəbdə müəllimlik edən yaxın dostu Məmmədəli Sidqiyə göndərmişdir.
Cabbar Əsgərzadə iki ay əvvəl jurnalın 15 gündən bir çıxacağı haqqında məlumat verir və bildirir ki, " əgər müvəffəq olsaq , sonralar həftədə bir dəfə çıxıb və müsəvvər olacaq ". Jurnalın nömrələrini ardıcıl izlədikdə məlum olur ki, mətbəə problemi və mətbuat müfəttişliyinin əngəli səbəbindən fasilələrlə, iki ayda cəmi 3 nömrəsi çıxmışdı. Bununla əlaqədar "Lək-lək"in müxtəlif nömrələrində bu barədə oxuculara üzrxahlıq yazıları da verilmişdir. Jurnalın üzləşdiyi problemlər aradan qaldırıldıqdan sonra 4-cü nömrəsindən etibarən nəzərdə tutulduğu kimi həftədə bir dəfə nəşr edilmişdi. "Lək-lək"in nəşri həm də İrəvanda Azərbaycan ictimai-siyasi fikir tarixində ciddi bir hadisə olmaqla yanaşı, eyni zamanda ədəbi-mədəni mühitin inkişafında da bir dönüş nöqtəsi oldu. Jurnal İrəvanda "Lyus" mətbəəsində nəşr edilirdi. "Lək-lək" də "Molla Nəsrəddin" kimi səkkiz səhifəlikdir. Lakin "Molla Nəsrəddin" də olan rəngli şəkillər onda yoxdur, yalnız birinci səhifəsinin başı şəkillidir. Yalnız ilk səhifəsində səhrada quru sünbüllə yanaşı duran Leylək şəkli verilmişdir ki, hər dəfə də bu təsvir təkrar edilmişdir. Yalnız jurnalın 3-cü nömrəsində Orta Asiyanın Mərv şəhərində cəhalətpərəstlər tərəfindən öldürülmüş maarifçi Yusif Heydərzadənin şəkli verilmişdir. Hər nömrəsinin başında "Türk dilində həftəlik məzhəkəli məcmuədir" sözləri yazılırdı. Hər nömrəsinin qiyməti 7 qəpik idi. Jurnalda verilən elanlardan başqa, bütün materialların hamısı satirikdir. Qısa sürən ömrü müddətində "Molla Nəsrəddin" platformasına, onun mübarizəsinə sadiq qalan "Lək-lək" çox aydın bir yol tutmuşdur. O hələ ilk nömrəsində öz yolunu müəyyən edərək yazırdı:"...Məsləkimizin əvvəli budur ki, biz "Molla Nəsrəddin" kimi hər kəsin eyibini və iradını açıq söyləyib, onun kimi sadəcə yazıb, ana dili tərəfdarı olmayıb, bəlkə "Şəlalə" kimi lütlərin cibini töküşdürüb ən qiymətli soğatlar çıxardacayıq!
Xanla, bəylə, molla ilə, müqəddəslə, yol kəsənlə, qumarbazla, çaxır içənlərlə heç işimiz olmayacaq...
Müqəddəslərimizin zahiri qiyafələrini yaxşı gördüyümüz kimi yaxşı yazacayıq, daha nə işimiz doşab içindən siçan çıxardaq və mürəbbə deyib hamının ağzını şirin edək.
... Qaldı xanlar, bəylər, ağalar... bunları da allah özü hörmətli yaradıbdır. Borcumuzdur, hörmət eləyək.Onlarda nə qədər hümmərsizlik, rəhmsizlik, cinayətsizlik görsək gözümüz kor, qulağımız kar olacaq. Danışmaq istəsək dilimiz lal olacaq.
Qaldı yol kəsən, dam dələn, adam öldürənlərimizə bunların hörmətləri necə ki, xana, bəyə və mollaya, mömünə vacibdi. Biz də elə...
Və qaldı maarif məsələsi, qızların oxuması, hicabın atılması biz bunlara pasu deyib, özümüzə küfrdən nicat öyrədəcəyik".
Jurnalın birinci nömrəsində "Baş məqalə" adı altında istehza ilə yazılmış bu məqalə jurnalın tutduğu yolu çox aydın işıqlandırır. Buradan göründüyü kimi "Lək-lək" "Molla Nəsrəddin" yolu ilə getməyi özünə məqsəd təyin etmiş; mövhumata, cəhalətə, qadın əsarətinə, nadanlığa qarşı çıxdığı kimi, mürtəce qüvvələrə qarşı mübarizə aparmağı da özünün əqidə istiqaməti seçmiş, maarifi, məktəbi, qadın azadlığını təbliğ etmişdir. "Lək-lək" elə ilk nömrəsindəcə oxucularının milli şüurunun inkişafına, qabaqcıl ideyaların təbliğinə əngəl törədən cəhalətpərəst qüvvələrə qarşı qaldırılmış zəhmli bir yumruğa çevrildi. İrəvan quberniyasında mütərəqqi ideyaların carçısı və tribunası olan "Lək-lək" elm, maarif və mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafına, yeni tipli məktəblərin açılması, maarifçiliyin inkişafında qabaqcıl təcrübənin təbliği, təlim - tərbiyə üsullarının yaxşılaşdırılması və pedaqoji prinsiplərə əsaslanmasının zəruriliyinə aid məqalələr dərc edir və bu məsələləri öz səhifələrində geniş işıqlandırırdı. Jurnalda ticarətə və İrəvanda keçirilən ictimai-mədəni tədbirlərə dair elanlar, kiçik təmsillər, "Molla Nəsrəddin" janrlarında felyetonlar, şeirlər, müsahibə və sorğular verilmişdir. Jurnal özünün işinə dair elanları əsasən birinci səhifədə çap edirdi. "Lək-lək"in bütün nömrələrində bir elan həmişə təkrar edilmişdir. "Məsləkimizə müvafiq və millətimizə mənfəətli olan hər cür təhrirat üçün məcmuəmizin səhifələri açıqdır. İmzasız yazılar dərc olunmadığı kimi, markasız göndərilən məktublar da qəbul olunmaz.Yazılar açıq Türk dilində olmalıdır". "Lək-lək" qısa zaman ərzində oxucular arasında böyük şöhrət qazana bilmişdi. Jurnal ziyalılar üçün böyük bir ədəbi məktəb, mübarizə tribunası olmuşdu. Onun səhifələrində dərc olunan yazıları diqqətlə nəzərdən keçirdikdə ilk saylarında yalnız İrəvandan və Naxçıvandan yazılmışdısa, sonralar Gəncə, Bakı, Şamaxı, Tiflis, Cənubi Azərbaycandan da yazılar dərc edilmişdi.
"Lək-lək"in mübarizə sədası, üsyankar səsi Cənubi Qafqazı aşaraq onun yayılma arealını daha da genişləndirmiş Orta Asiya və Türkiyəyə də gedib çatmışdır. Tədqiqatçı Zahid Əkbərovun "Lək-lək" jurnalının xalq qarşısında xidmətinə verdiyi dəyər olduqca təqdirəlayiqdir.O yazır: "Lək-lək" nəşr olunduğu müddətdə Azərbaycan ictimai-siyasi və ədəbi fikrinin inkişafına müəyyən kömək göstərmiş, tərəqqi və demokratiya ideyalarına xidmət etmişdir. O anlaşıqlı dili və demokratik məzmunu sayəsində Zaqafqaziyada, umumən Qafqazda olan azərbaycanlılar içərisində çox yayılmış nəşrlərdən biri olmuşdur". "Lək-lək"in səhifələrində İstanbulda "Şahbal" məcmuəsinin, Daşkənddə "Sədayi Türküstan" qəzetinin abunə şərtləri ilə bağlı elanların təkrar-təkrar verilməsi də bunun əyani sübutudur. Eyni zamanda həmin mətbuat orqanları da İrəvan ziyalıları arasında yayılmış və maraqla oxunmuşdu. "Lək-lək"in daha geniş arealda yayılmasında Salman Mümtaz, Seyid Hüseyn və başqa görkəmli ziyalılarımızın da fəaliyyəti təqdirəlayiqdir. Jurnalda İrəvan ziyalıları ilə birlikdə molla nəsrəddinçilər sırasında fəxri yer tutmuş Məmməd Səid Ordubadi də fəal iştirak etmişdir. O, həmin dövdə sürgündə olmasına baxmayaraq jurnalla əməkdaşlıq etmişdir. Onun jurnalda "Hərdəmxəyal" imzası və "Ədəbiyyat" başlığı adı ilə verilmiş
Hissim dağılır gərdişi dövranı görəndə,
Dünyadakı nadan olan insanı görəndə.
Beyti ilə başlayan şeiri forması etibarı ilə Füzulini, ruhu etibarı ilə Sabiri xatırladır.
Jurnalda dilimizin saflığı, əlifbanın sadəliyi, cəhalətin yaratdığı ağır həyat tərzi haqqında da maraqlı yazılar verilmişdir. "Lək-lək" yeni əlifbanın zəruriliyi haqqında xüsusilə cəsarətli fikirlər söyləmişdir.Jurnalda dərc olunmuş materillarda dönə-dönə göstərilir ki, xalqın maariflənməsində çətinlik törədən əsas səbəblərdən biri də ərəb əlifbasıdır. Milli mədəniyyət və milli dil məsələsinə "Lək-lək"in obyektiv münasibəti, dilimizin yad ünsürlərdən qorunması, saflığı, zənginləşməsi və inkişaf etdirilməsi jurnalda çap olunmuş "Dil məsələsi" və "Təzələşmək" adlı felyetonlardan aydın görünür. "Lək-lək"in qazandığı ən böyük uğurlar ilk növbədə onun xalq dilinə yaxın, sadə, anlaşıqlı və səlis olması idi.
"Lək-lək"də verilən materialların mühüm bir qismi nadanlıq, cəhalət, dindən sui-istifadə edən ruhanilərə qarşıdır və bu yazıların çoxu "Molla Nəsrəddin" jurnalında rast gəldiyimiz yazıların ruhunu xatırladır.Jurnalın səhifələrində Sabir satirasının təsiri altında yazılan çoxlu mənzum parçaya da təsadüf edirik. Buradakı "Təbrizdə söhbət" , "Sənə", "Oğlum", "Qəzəl" və sair mənzum parçalar öz forması və ruhu etibarı ilə "Molla Nəsrəddin"dəki yazılara yaxındır. Xüsusilə Əli Məhzun Rəhimova məxsus olan "Yazıq", "Şeytan", "Yetim cücə" imzalı şeirlər həm məzmun, həm də üslubu etibarı ilə dəyərli əsərlərdir. Jurnalın səhifələrində elə gizli imzalar vardır ki, bu gün də onların dəqiqləşdirilməsinə böyük ehtiyac vardır.Əli Məhzun Rəhimovun ədəbi fəaliyyətinin, o cümlədən satirik şeir yaradıcılığının mühüm bir qolu da "Lək-lək" jurnalı ilə bağlıdır. Jurnalın səhifələrində Əli Məhzun Rəhimovun "Yetim cücə" imzasıyla "Cünənbir noğulu", "Çəküc", "Kamal paşanın ruhuna ithaf" kimi maraqlı satirik şeirləri ilə rastlaşırıq. "Kamal paşanın ruhuna ithaf" şeiri o dövrdəki Türkiyə həyatının müəyyən bir səhifəsini canlandırır.
Bu kimi şeirlər o zamankı mövcud dövrün müəyyən xüsusiyyətlərini özündə əks etdirir və həmin analoji nümunələrə digər satiriklərin əsərlərində də rast gəlinirdi. "Lək-lək"də "Şeytan", "Yetim cücə" və digər gizli imzalarla çıxış edən Əli Məhzun Rəhimov jurnalda Mirzə Ələkbər Sabirin satira ənənələrini uğurla davam etdirirdi. O Sabirin satirik şeir formasından, taziyanə və epiqramlarından məharətlə istifadə etməyə çalışmışdır. Əli Məhzun öz kiçik satirik taziyanələrini "Taqqıltı" başlığı ilə çap etdirirdi. Jurnalda çap olunan dördlüklərin hamısı Əli Məhzuna məxsusdur. Həmin poetik ümunələrə diqqətlə nəzər saldıqda o bədii qayəni konkret və yığcam ifadə edə bilmişdir. Məsələn, "Lək-lək"in 2-ci nömrəsində Əli Məhzunun "Taqqıltı" başlığı ilə verilmiş şeiri bu baxımdan olduqca səciyyəvidir.
Qərq olmalı olsan da, dənizlərdə boğulsan,
Heç olmasa da mümkün əgər sahilə çıxmaq,
Namərd əlinə vermə əlin, tərki-həyat et,
Namərd əlini tutmadan əfzəldi boğulmaq.
Göründüyü kimi bu şeirin əsas məzmunu məşhur atalar sözü olan "Kecmə namərd körpüsündən qoy aparsın sel səni" ifadəsindən alınmışdır. Əli Məhzunun bir şair kimi sənətkarlıq bacarığı həm də ondadır ki, şeirdə namərdin real poetik təsvirini yaradır.
"Lək-lək"in müəllifləri Cabbar Əsgərzadə və Əli Məhzun Mirzə Ələkbər Sabirə yalnız nəzirə və bənzətmələr yazmaqla, onun satira ənənələrini uğurla davam etdirməklə kifayətlənməyib, böyük xalq şairinin zəngin ədəbi irsini İrəvanda təbliğ etmiş, onun əsərlərinin çapına köməklik göstərmişlər. İstər "Lək-lək"də, istərsə də digər jurnallarda Cabbar Əsgərzadəyə və Əli Məhzuna məxsus olan şeirlərin mövzu dairəsi çox genişdir. Mövzularının rəngarəngliyinə görə də onları Mirzə Ələkbər Sabirin ləyaqətli xələfi saymaq olar.
"Lək-lək" jurnalı birinci nömrəsindən axırıncı nömrəsinə qədər "Molla Nəsrəddin" platformasında dayanmış, onun yoluna, üslubuna sadiq qalmışdır.
Jurnalın 30 iyun 1914-cü il 12-ci nömrəsində Mirməhəmməd Mirfətullayev tərəfindən "Lək-kək"in müdiri və naşiri vəzifəsindən istefa verdiyi barədə belə bir məlumat dərc olunmuşdur. Həmin məlumatdan Mirməhəmməd Mirfətullayevin "Lək-lək"in müdiri və naşiri vəzifəsindən azad olunması ilə bağlı İrəvan qubernatoruna ərizə ilə müraciət etdiyi aydın olur. Məlumatda bildirilir ki, "bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha "Lək-lək" məcmuəsi çıxmayıb və "Lək-lək" müştərilərinə "Çınqı" namində məcmuə göndəriləcəkdir. Bu yeni nəşr olunan "Çınqı" məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin təht müdiriyyətlərində olub və İrəvanın bir neçə maarifpərvər cavanlarının maddi və mənəvi köməkliyi ilə nəşr olunacaq". Nədənsə, müxtəlif səbəblərdən "Çınqı" məcmuəsinin nəşri mümkün olmamışdır.
"Lək-lək"in 30 iyun 1914-cü il tarixdə işıq üzü görən 12-ci nömrəsi onun söz, fikir tribunasında və auditoriyasında son çıxışı oldu. Çox az ömür sürmüş olan "Lək-lək" jurnalının Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus fəxri yer tutmasında onun müdir və naşirlərindən biri, məharətli satirik, böyük şair, görkəmli maarif və mətbuat xadimi, pedaqoq Cabbar Əsgərzadənin misilsiz xidmətləri olmuşdur. İrəvan quberniyasında milli mətbuatın yaranması məhz onun adı ilə bağlıdır. Mirzə Cabbar 1885-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulmuşdu. İrəvan quberniyasında mədəni həyatın dirçəlməsinin, teatr tamaşalarının və müsamirələrin keçirilməsinin aktiv təşkliatçısı və iştirakçısı idi. "Molla Nəsrəddinin" meydana gəlişi Cabbar Əsgərzadənin yaradıcılıq yolunu dərhal müəyyən edir, mövzu, ideya üslub axtarışları uzun sürmür.Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz, Ömər Faiq Nemanzadə, Əli Razi Şəmçizadə və Molla Nəsrəddin ədəbi məktəbinin başqa yaradıcı ziyalıları ilə bir sırada addımlayan görkəmli satirik sənətkar Cabbar Əsgərzadənin "Molla Nəsrəddin"in Qərbi Azərbaycanda qapı-qapı dolaşmasında, abunəçi sayının artırılmasında, geniş oxucu ruporuna cevrilməsində misilsiz xidməti var idi.
"Molla Nəsrəddin"də o cümlədən Cənubi Qafqazda nəşr edilən digər mətbuat orqanlarında İrəvanın ictimai, ədəbi-mədəni həyatının işıqlandırılmasıda fikri aydın, mühakimələri cəsarətli bir jurnalist kimi tükənməz enerji ilə çalışmışdır.Milli intibaha qayğı yükünün hünərli şələçisi kimi tanınan Cabbar Əsgərzadə "Molla Nəsrəddin" jurnalında "Kəblə dostu xanım xala", "Məhkəmə pişiyi", "Gülgəz", "Eşşək dağlayan", "Zənbur" jurnalında "Qurbağa", "Noxtalı", "Lək-lək" jurnalında "Lək-lək", "Leyləyin yuva dibisi", "Məhkəmə pişiyi", "Noxtalı", "İmza: müqəllid yaxud noxdalı", "C.ə.zadə", "Hoş-hoş", Məlumat qəzetində "C.Aciz", "C.Ə.zadə", "Şəlalə" jurnalında " C.Aciz", "Məhkəmə pişiyi", "Tuti" jurnalında "Məhkəmə pişiyi", "Babayi-Əmir" jurnalında " Mürid - əyyar", "Kəlniyyat" jurnalında " Molla haray", " Məhkəmə pişiyi", "Yeni İrşad" qəzetində "Cabbar", "Tazə xəbər" qəzetində "İrəvanlı", "Açıq söz" qəzetində "C.Ə", "Günəş" qəzetində "C.Ə.zadə İrəvani", "Sovqat" qəzetində "C.Əsgərzadə", "Həqiqəti-əfkar" qəzetində " Cabbar Əsgərzadə Aciz" imzaları ilə çap olunmuşdur.
Cabbar Əsgərzadənin gizli imzaları və iştirak etdiyi mətbuat orqanları bununla bitmir. Bakıda nəşr edilən "Tuti", " Məzəli" jurnallarının redaksiya heyətinin üzvü olmuşdur.1918-ci ilə kimi İrəvanda yaşayıb yaratmış bu böyük tarixi və ədəbi şəxsiyyətin yaradıcılığı xalqımızın ictimai-siyasi taleyi ilə bağlı olub, onun ictimai-pedaqoji, ədəbi fikri tarixində ayrıca bir mərhələ təşkil edir. Cabbarın sadə ana dilində yazdığı şeirlər, felyetonlar, hekayələr el dərdi, xalq həyatı və təfəkkürünün parlaq ədəbi güzgüsü olmuşdur.Hələ də onun keşməkeşli həyatı, zəngin yaradıcılıq yolu lazımi səviyyədə araşdırılmayıb, tədqiqatdan kənarda qalıb.Onun milli fikrin, mətbuatın inkişafındakı xidmətləri ayrıca bir tədqiqat işidir.
Cabbar Əsgərzadənin uçaqlar üçün yazdığı ilk əsərləri " Qızıl yarpaq, yaxud zəkalı Ənvər" kitabı 1913-cü ildə İrəvanda "Kultura" mətbəəsində, "Cocuqlara bayramçalıq" kitabı isə 1915-ci ildə İrəvanda "Lyus" mətbəəsində "Aciz" təxəllüsü ilə nəşr edilmişdir.1918-ci ildə ermənilərin İrəvanda və yerlərdə azərbaycanlılara qarşı törətdikləri total qırğınlar zamanı o da İrəvanı tərk edib İrana köçmüş, 1966-cı ildə Tehranda vəfat etmişdir.
"Lək-lək"in digər müdir və naşiri Mirməhəmməd Mirfətullayev də İrəvanın tanınmış yazarlarından, ziyalılarından biri olmuşdur. Mirməhəmməd və qardaşı Mirfətulla Mirfətullayev həm də İrəvanda geniş imkanlara malik ticarətçi kimi tanınırdılar. O 1882-ci ildə İrəvan şəhərində doğulmuşdu.Onun 1916-cı ildə İrəvanda "Lyus" məbəəsində "Kefcil və kefcillər", 3 şəkilli musiqili komediya, "Qaradan artıq boyaq olmaz" əsərləri çap olunmuşdur.İrəvanda ana dilində ilk mətbuat orqanı olan "Lək-lək" Mirməhəmməd Mirfətullayevin maddi və mənəvi dəstəyi ilə işıq üzü görmüş, jurnalın bütün ağırlığını əməl dostu Cabbar Əsgərzadə ilə birlikdə öz çiynində daşımışdır. "Lək-lək" bağlanandan sonra İrəvanda yaşayan azərbaycanlı ziyalıları ciddi səylərinə baxmayaraq 1917-ci ilə kimi heç bir qəzet və jurnal nəşr edilməmişdir.
Hikmət Babaoğlu,
siyasi elmlər doktoru, professor
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent