Azərbaycanın Müstəqilliyi əbədidir

26 May 2023 16:13 (UTC+04:00)

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. Müstəqillik Günü artıq üçi ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

70-80-ci illərində ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görüb, tarixi-mədəni irsə və milli soykökə qayıdışın əsasını qoyub, milli kadr hazırlığına başlanılıb, iqtisadi potensial formalaşdırılıb. Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər isə dövlət müstəqilliyi üçün konkret tədbirlərin görüldüyü, mühüm tarixi qərarların qəbul edildiyi dövrdür. Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə - ölkədə müstəqillik elan olunmamışdan bir il əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılıb. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin təminatı olan Yeni Azərbaycan Partiyası təsis olunub. Ulu Öndər Naxçıvanda bu tədbirləri həyata keçirərkən ölkəmizdə bunun əksinə olaraq ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr hökm sürür, torpaqlarımız işğal olunurdu.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoyduÜmummilli Liderimiz deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

2003-cü ildən etibarən Möhtərəm Prezidentimiz Ulu Öndərin yolunu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirib. Bu gün müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutur. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi müstəqillik tariximizin ən möhtəşəm nailiyyəti, ümummilli lider Heydər Əliyev siyasi xəttinin təntənəsidir.

Azərbaycan xalqı üçüncü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır, xüsusi əhvali-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd edir. Artıq üç ildir ki, müstəqilliyimizin simvollarından olan üçrəngli bayrağımız erməni işğalından azad edilən torpaqlarımızda qürurla dalğalanır.

Yaşasın Müstəqil Azərbaycan!

Əntiqə Tağıyeva,

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru