Son dörd həftədə dünyada koronavirusdan ölüm halları 17 faiz azalıb

26 May 2023 08:22 (UTC+04:00)

Aprelin 24-dən mayın 21-dək dünyada təxminən 2,3 milyon insan koronavirus infeksiyasına yoluxub, 15 minə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib. SİA Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiologiya bülleteninə istinadla xəbər verir ki, ölüm hallarının sayı əvvəlki 28 gündəki ilə müqayisədə 17 faiz, yoluxma hallarının sayı 21 faiz azalıb.

ÜST-nin məlumatına görə, dörd həftə ərzində dünyada koronovirusla bağlı 2 290 351 yoluxma və 14 985 ölüm faktı qeydə alınıb.

Bu dövrdə ən çox yoluxma halları Koreya Respublikasında aşkarlanıb - 462 726 nəfər. Sonrakı yerləri ABŞ (256 909), Yaponiya (164 367), Braziliya (146 105) və Avstraliya (125 992) tutur.

Aprelin 24-dən mayın 21-dək koronavirusdan ən çox ölüm ABŞ-da qeydə alınıb - 4 135 nəfər. Sonrakı yerlərdə Braziliya (1 206), Fransa (810), İspaniya (745) və Rusiya (663) qərarlaşıb.