Ukraynalı pilotlara F-16-ların təlimi müzakirə edilib

26 May 2023 02:47 (UTC+04:00)

Ukraynanın müttəfiqləri və tərəfdaşları F-16 da daxil olmaqla dördüncü nəsil təyyarələrdə ukraynalı pilotlara təlim keçmək planlarını açıqlayıblar. Növbəti həftələrdə müvafiq təlim infrastrukturu hazırlanacaq. SİA xəbər verir ki, bu barədə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının görüşündə ABŞ-nin müdafiə naziri Lloyd Ostin bəyanatla çıxış edib.

"Bu gün müttəfiqlər və tərəfdaşlar F-16 da daxil olmaqla dördüncü nəsil təyyarələrdə ukraynalı pilotlara təlim keçmək planlarını açıqlayıblar. Bu təlimlər təmas qrupunun koordinasiyası üçün vacibdir", - deyə Ostin əlavə edib.

Ostin ukraynalı pilotların hazırlanması sahəsində koalisiyaya rəhbərlik edən Danimarka və Niderlanda xüsusi təşəkkür edib. Önümüzdəki həftələrdə Danimarka, Niderland bu layihəyə qoşulmağa razılıq verən Norveç, Polşa, Belçika, Portuqaliya kimi digər tərəfdaşlarla əməkdaşlıq edəcəklər.

"Biz başqalarının da bu mühüm missiyaya qoşulmasını səbirsizliklə gözləyirik. İndi bu pilot təliminin başlanması Ukraynaya dəstək verməyə sədaqətin mühüm nümunəsidir. Yaxın həftələrdə təlim infrastrukturu inkişaf etdiriləcək", - deyə ABŞ müdafiə naziri əlavə edib.